İsrail mətbuatı: Netanyahu Qəzzaya dair 15 maddəlik plana "şans verməyə" hazırdır
Netanyahu Qəzzaya dair 15 maddəlik plana "şans verməyə" hazırdır
1news.az xəbər verir ki, İsrailin 12-ci Kanalının müxbiri Barak Ravid israilli mənbəyə istinadən yazıb ki, Netanyahu keçən həftə ABŞ Prezidenti Donald Trampın kürəkəni Cered Kuşnerlə telefon danışığı zamanı Həmasın silahı tərk edəcəyinə inanmadığını, lakin plana şans vermək istədiyini bildirib.
Bununla bağlı Qəzzaya hərbi təzyiqin azaldılması və ordunun "Sarı Xətt"in qərbinə irəliləməyəcəyi barədə öhdəlik götürülüb.
Qəzza Sülh Şurasının Ali Nümayəndəsi Nikolay Mladenov AA-nın istinad etdiyi məlumata əsasən bildirib ki, Həmas tam silahsızlaşdırılarsa, İsrail işğal etdiyi ərazilərdən çəkiləcək. Planın üç əsas ünsürü - Qəzzanın tam silahsızlaşdırılması, idarəçiliyin milli komitə vasitəsilə Sülh Şurasına verilməsi və beynəlxalq təhlükəsizlik qüvvəsinin regiona yerləşdirilməsidir.
Mladenovun sözlərinə görə, çəkilmə real silahsızlaşma addımlarına paralel, bölgə-bölgə həyata keçəcək. O, Türkiyə, Qətər və Misirin yeni yol xəritəsinin qəbulunda həlledici rol oynadığını, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Mərakeşin də planı dəstəklədiyini bildirib.
Xatırladaq ki, Qəzzada atəşkəsin birinci mərhələsi 2025-ci il oktyabrın 10-da qüvvəyə minib. Netanyahu isə əvvəlki açıqlamasında İsrailin planı qəbul etmədiyini, Həmas tam silahsızlaşdırılmayana qədər çəkilməyəcəklərini bildirsə də, ABŞ ilə danışıqların davam etdiyini vurğulayıb.









