Yolda məcburi dayanan sürücülərə xəbərdarlıq: Təkcə qəza işıqlarını yandırmaq kifayət deyil - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə yolda məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı xəbərdarlıq edib.
1news.az xəbər verir ki, Mərkəzin yaydığı məlumatda bildirilib ki, müşahidə kameraları vasitəsilə qeydə alınan yol-nəqliyyat hadisəsi paytaxtın Nizami rayonunda, Heydər Əliyev prospektində baş verib.
Belə ki, hava limanı istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsi yolun kənarında dayanmış avtomobilə çırpılıb.
Görüntülərdən aydın olur ki, minik avtomobili müəyyən səbəbdən yolun hərəkət hissəsində dayanıb və digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görülməyib.
Qeyd olunub ki, belə hallarda həm məcburi dayanmış nəqliyyat vasitəsinin sürücüsünün təhlükəsizlik qaydalarına əməl etməməsi, həm də digər sürücülərin diqqətsizliyi qəza riskini artırır.
Mərkəz sürücülərə xatırladıb ki, nasazlıq və ya digər səbəbdən məcburi dayanma zamanı qəza dayanma işıq siqnalını yandırmaqla yanaşı, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə qəza dayanma nişanı quraşdırılmalıdır.
Həmçinin hərəkətdə olan sürücülər yollarda diqqətli olmalı və müəyyən edilmiş sürət həddinə əməl etməlidirlər.












