Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub - FOTO

Qafar Ağayev16:14 - Bu gün
Naxçıvanda ekoloji təmiz ictimai nəqliyyat sistemi qurulub - FOTO

Naxçıvan şəhərində ictimai nəqliyyatın inkişafı istiqamətində genişmiqyaslı işlər həyata keçirilib.

1news.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərin nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə aparılan təhlil və araşdırmalar nəticəsində marşrut şəbəkəsi optimallaşdırılıb.

Yeni marşrut şəbəkəsinə əsasən, şəhərdə sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə 9 marşrut xəttinin fəaliyyət göstərməsi müəyyənləşdirilib.

Sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə Naxçıvanda ekoloji təmiz, elektriklə çalışan, pandus və kondisionerlə təchiz edilmiş 72 yeni avtobus istismara cəlb olunub. Onlardan 60-ı “BYD”, 12-si isə “King Long” markalı elektrikli avtobuslardır.

Avtobuslardan 63-ü marşrut xətlərində fəaliyyət göstərir, 9-u isə ehtiyatda saxlanılır.

Yeni marşrut şəbəkəsinin tətbiqi nəticəsində şəhər və ətraf ərazilərdə ictimai nəqliyyata əlçatanlıq səviyyəsi 90 faizdən 95 faizə yüksəlib. Avtobus parkının orta yaşı isə 18-dən 0-a endirilib.

Yeni avtobuslarla il ərzində təxminən 4,5 milyon sərnişinə xidmət göstərilməsi gözlənilir.

Naxçıvanda ictimai nəqliyyatda rəqəmsal texnologiyaların tətbiqi də genişləndirilib. Şəhərdə fəaliyyət göstərən avtobuslarda “CityCard” nağdsız ödəniş sistemi tətbiq olunur.

Sərnişinlər gediş haqqını “CityCard” kartı, istənilən bank kartı, həmçinin “Google Pay” və “Apple Pay” vasitəsilə ödəyə bilərlər.

Bundan əlavə, “BakıKart” mobil tətbiqini “App Store” və “Google Play” platformalarından yükləməklə “CityCard” kartının balansını onlayn artırmaq və QR kod vasitəsilə ödəniş etmək mümkündür.

Eyni zamanda, AYNA-nın Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkəti real vaxt rejimində izlənilir. Bu sistem sərnişindaşımaya nəzarətin gücləndirilməsinə, təhlükəsiz və fasiləsiz xidmətin təmin edilməsinə imkan yaradır.

Qeyd edək ki, Naxçıvan şəhərində həyata keçirilən yeniliklər ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsinə və sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.

Paylaş:
70

Son xəbərlər

Bütün xəbərlər