Salxab Məmmədov: Əcəmi Naxçıvaninin abidəsi 8-9 aylıq əməyin nəticəsidir
Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi həm bədii, həm də memarlıq baxımından ərazinin diqqətçəkən elementlərindən biridir və müxtəlif istiqamətlərdən aydın şəkildə görünür.
Heykəl əvvəlcə gildən hazırlanıb, daha sonra gips formasına keçirilib və son mərhələdə bürüncə tökülüb. Abidənin aşağı hissəsi bütöv qranitdən hazırlanıb. Ətraf ərazi isə keramika döşəmə və mərmərlə işlənib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri abidənin müəlliflərindən biri Xalq rəssamı Salxab Məmmədov söyləyib.
Xalq rəssamı diqqətə çatdırıb ki, heykəl bürüncdən, postament qranitdən hazırlanıb. Hündürlüyü 270, postamentin hündürlüyü 90 santimetrdir.
Abidənin hazırlanma mərhələləri barədə məlumat verən S.Məmmədov deyib: “Xalq rəssamı Əli İbadullayev və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədovla birgə heykəl üzərində 8–9 ay ərzində iş apardıq. Prosesə noyabrda başlanılıb və təxminən bir ay əvvəl tamamlanıb.
Ulu Öndər Heydər Əliyev hər zaman mədəniyyətə və incəsənətə, sənət adamlarının əməyinə yüksək dəyər verib. Bu diqqət və qayğı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi, həmçinin onun abidəsinin ucaldılması barədə ötən il imzaladığı müvafiq Sərəncama əsasən müəyyən olunan tapşırıqlar artıq yerinə yetirilib. Bu gün Azərbaycanda incəsənətin inkişafı, tarixi-mədəni irsin qorunması və görkəmli şəxsiyyətlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür”.












