Naxçıvanın gələcəyi TRIPP və enerji layihələri ilə necə dəyişəcək? – Politoloqdan şərh | 1news.az | Xəbərlər
Mövqe

Naxçıvanın gələcəyi TRIPP və enerji layihələri ilə necə dəyişəcək? – Politoloqdan şərh

Qafar Ağayev15:36 - Bu gün
Naxçıvanın gələcəyi TRIPP və enerji layihələri ilə necə dəyişəcək? – Politoloqdan şərh

Dövlət başçısı İlham Əliyevin avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri həm ölkədə, həm də qonşu ölkələrin mətbuatında böyük marağa səbəb olub.

Bu səfəri ölkəmizin son illər formalaşdırdığı inkişaf konsepsiyasının davamı və gələcəyə hesablanmış mühüm bir siqnal hesab etmək olar.

Prezidentin dövlət başçısı kimi Naxçıvana 17-ci səfəridir və əvvəlki səfərlər kimi konkret nailiyyətlərlə, yeni obyektlərin təməlqoyma və istismara vermə mərasimləri ilə müşayiət olunub. Sosial infrastruktur layihələrindən Sənaye Parkına, tarixi abidələrin bərpasından nəqliyyat sisteminin modernləşdirilməsinə qədər geniş diapazonlu tədbirlər Muxtar Respublikanın inkişaf strategiyasının nə dərəcədə ardıcıl həyata keçirildiyini əyani göstərir.

Bununla belə, səfərin əsl mənasını yalnız yerli quruculuq işləri çərçivəsində qiymətləndirmək kifayət etməz. Onilliklər boyu blokada şəraitində qalmış, xarici əlaqələrdən təcrid edilmiş Naxçıvan bu gün tamamilə yeni status qazanır — regionun ən əhəmiyyətli geosiyasi nöqtələrindən, formalaşmaqda olan nəqliyyat-iqtisadi qovşaqlarından birinə çevrilir. Azərbaycan, Türkiyə və İran arasında yerləşən bu özünəməxsus ərazi indi böyük tranzit imkanlarının reallaşdığı, TRİPP kimi strateji layihələrin gündəmə gəldiyi məkana çevrilib.

Eyni zamanda dövlət başçısı səfər çərçivəsində Azərbaycan Televiziyasına da müsahibə verib. Dövlət başçısı müsahibədə bir çox məqamlara toxunub. 

Bəs dövlət başçısının bu səfəri çərçivəsində verilən mesajlar nələrdən ibarət oldu?

Məsələ ilə 1news.az-a danışan Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, politoloq Zaur Məmmədov deyib ki, Naxçıvan 30 il ərzində böyük bir yol keçib, bu, həm siyasi proseslərlə, həm də iqtisadi və sosial məsələlərlə bağlı olub.

O bildirib ki, 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi və muxtar respublikanın qorunması istiqamətində atılan addımlar Azərbaycan dövlətinin Naxçıvana daim xüsusi diqqət göstərdiyini nümayiş etdirib.

“Bu gün də Naxçıvanın duruşu göstərir ki, Azərbaycan dövlətinin əsas diqqət göstərdiyi məsələlərdən biri məhz Naxçıvan Muxtar Respublikasının inkişafı və təhlükəsizliyi olub. Naxçıvan Ermənistanın əsas gələcək hədəflərindən biri idi və bu ərazini özününküləşdirmək istəyən qüvvələr mövcud olub. Eyni zamanda, ayrı-ayrı xarici dövlətlərin də diqqət mərkəzində həmişə Naxçıvan dayanıb. Amma Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etməklə hər kəsə göstərdi ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bir qarış belə torpaq heç kimə güzəştə gedilməyəcək. Nəticə etibarilə, bu gün biz Naxçıvanın gələcəkdə Cənubi Qafqazın və Avrasiyanın həyatında mühüm rol oynayacağını görürük”.

Politoloq vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması və TRIPP çərçivəsində həyata keçiriləcək layihələr yalnız ticarətlə məhdudlaşmayacaq.

“Bu layihələr genişmiqyaslı və çoxşaxəli layihələr kompleksindən ibarət olacaq. Burada xüsusilə Naxçıvanın mühüm bir mərkəz kimi formalaşması nəzərdə tutulur. Söhbət yalnız gediş-gəlişin təmin edilməsindən getmir. Eyni zamanda, Prezident İlham Əliyevin televiziya müsahibəsində də qeyd etdiyi kimi, su elektrik stansiyası, günəş elektrik stansiyası və enerji sahəsində həyata keçiriləcək digər layihələr Naxçıvanın enerji ixracı potensialını əhəmiyyətli dərəcədə artıra bilər”.

Onun sözlərinə görə, Naxçıvan gələcəkdə qonşu ölkələrə, daha sonra isə Avropa bazarlarına yaşıl enerji ixracında mühüm rol oynaya bilər.

“Hazırda Naxçıvan özünü elektrik enerjisi ilə təmin edir. Yeni yaradılacaq layihələr, xüsusilə günəş elektrik stansiyalarının inkişafı Naxçıvanın enerji ixracı potensialını artıracaq. Bunun üçün mövcud təbii və iqlim şəraiti imkan verir. Bu, həm də Naxçıvanın daxili iqtisadi və sosial inkişafına müsbət təsir göstərəcək. Yeni iş yerlərinin yaradılması və iqtisadi fəaliyyətin genişləndirilməsi ilə bağlı atılan addımlar muxtar respublikanın inkişafını daha da sürətləndirəcək”.

Z.Məmmədov qeyd edib ki, TRIPP layihəsi Naxçıvana yeni imkanlar verəcək.

“ABŞ Prezidenti Donald Trampla bir neçə gün əvvəl keçirilmiş telefon danışığında da Ermənistan ərazisində dəmir yolunun tikintisinin başlanmasının vacibliyi vurğulanıb. Məlum məsələdir ki, Ermənistan son illərdə bu layihəni reallaşdırmaq imkanına malik olsa da, müxtəlif səbəblərdən prosesi uzadıb. Azərbaycan isə artıq dəmir yolunun və avtomobil yolunun istifadəyə verilməsi istiqamətində işləri demək olar ki, yekunlaşdırıb”.

Politoloq bildirib ki, Ermənistan həm avtomobil yolu, həm də dəmir yolu ilə bağlı əməli addımlar atmalıdır.

“Ermənistan tərəfi bilməlidir ki, TRIPP layihəsinin reallaşması ilk növbədə onun öz maraqlarına xidmət edir. Ola bilsin ki, Ermənistanda müxtəlif qüvvələr Donald Trampın hakimiyyətdən getməsindən sonra bu layihə ilə bağlı prosesin də dəyişəcəyini düşünürlər. Amma belə bir yanaşma ilk növbədə Ermənistanın özünə ziyan vura bilər”.

O vurğulayıb ki, Azərbaycan TRIPP layihəsi olmadan da inkişaf edir və regionun əsas iqtisadi güclərindən biridir.

“Azərbaycan bu layihə olmadan da özünü təmin edir, inkişaf edir və regionun əsas gücüdür. Ermənistan isə enerji təchizatı, iqtisadi imkanları, sosial və iqtisadi asılılığı baxımından özünü daha da çətin vəziyyətə sala bilər. Ona görə də bu layihənin reallaşması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün region ölkələri üçün mühüm əhəmiyyət daşıyır. TRIPP region dövlətlərinin ixrac potensialının və iqtisadi imkanlarının genişlənməsinə də şərait yarada bilər. Bu layihə qonşu dövlətlərin də ixrac potensialını artıracaq, iqtisadiyyatlarının daha da genişləndirilməsinə imkan yaradacaq və onların müxtəlif uzaq bazarlara çıxışını asanlaşdıracaq. TRIPP yolu Rusiya və İran üçün də mühüm iqtisadi dividendlər yarada biləcək layihələrdən biridir. Artıq bu layihəyə marağın olması hər kəsə məlumdur”.

Politoloq bildirib ki, Naxçıvanda nəqliyyat infrastrukturunun inkişafı istiqamətində işlər davam etdirilir.

“Bəzi Avropa dövlətlərinin də Naxçıvanda müxtəlif layihələrdə iştirak etmək niyyətləri var. Lakin onların iştirak edib-etməməsindən asılı olmayaraq, Azərbaycan Naxçıvanda dəmir yolunun tam istifadəyə verilməsi üçün işlərə başlayıb və bundan sonra proseslərin daha da sürətləndirilməsi gözlənilir”.

Z.Məmmədov vurğulayıb ki, Naxçıvan Azərbaycan tarixində mühüm regionlardan biridir.

“Naxçıvan Azərbaycan dövlətçiliyinin inkişafında və dövlətçiliyimizin qorunub saxlanılmasında xüsusi rola malikdir. Naxçıvan Atabəylər dövlətinin mərkəzi olub və burada çoxsaylı tarixi-mədəni abidələrimiz qorunub saxlanılır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı həmin abidələrin təmiri, rekonstruksiyası və bərpası məsələləri də diqqət mərkəzində olub”.

O qeyd edib ki, Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri dövlət başçısının bölgələrin inkişafına xüsusi diqqət göstərdiyini nümayiş etdirir.

“Azərbaycan Prezidenti demək olar ki, ilin hər ayında regionlara səfər edir, yerlərdə tapşırıqlarının icrası ilə bağlı vəziyyətlə tanış olur. Bu da regionların inkişafına və onların problemlərinin həllinə dövlət başçısı səviyyəsində göstərilən diqqətin mühüm göstəricisidir”.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər