Güclü külək Bakıda iki qadını xəsarətlə xəstəxanaya saldı
Güclü külək nəticəsində iki qadın xəsarət alıb.
1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisələr nəticəsində iki qadın Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Belə ki, ötən gün saat 20:20-də 17 sentyabr 1952-ci il təvəllüdlü qadın güclü külək səbəbindən yıxılaraq xəsarət alıb. Tibbi müayinə zamanı ona sağ pəncənin IV daraq sümüyünün sınığı diaqnozu qoyulub və müvafiq tibbi yardım göstərilib.
Həmin gün saat 20:40-da isə 29 yanvar 1987-ci il təvəllüdlü qadın güclü küləyin təsiri ilə qapının hərəkət etməsi nəticəsində əlindən xəsarət alıb. Müayinə zamanı ona sol əlin 3–4-cü barmaqlarının kəsilmiş yarası diaqnozu qoyulub və tibbi yardım göstərilib.
Hər iki şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıb və ev şəraitində müalicə, eləcə də tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
Mütəxəssislər güclü küləkli hava şəraitində vətəndaşları ehtiyatlı olmağa çağırıblar. Bildirilib ki, belə hava şəraitində mümkün qədər açıq ərazilərdə, ağacların, reklam konstruksiyalarının və digər təhlükə yarada biləcək obyektlərin yaxınlığında dayanmaqdan çəkinmək lazımdır.












