Xırdalan–Bakı qatarlarının hərəkət vaxtı qısaldılır, yeni reyslər əlavə olunur - YENİLİKLƏR
“Azərbaycan Dəmir Yolları” (ADY) artan sərnişin tələbatının qarşılanması məqsədilə sentyabrın 15-dən etibarən bir sıra yenilikləri tətbiq edəcək.
1news.az xəbər verir ki, yeni dəyişikliklər Bakı Dəmiryol Vağzalında turniketlərin sayının artırılmasını, Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtının qısaldılmasını, reyslərin sayının artırılmasını və təmassız ödəniş imkanlarının genişləndirilməsini əhatə edir.
Belə ki, sentyabrın 15-dən Bakı Dəmiryol Vağzalında yeni turniket zalı istifadəyə veriləcək. Mövcud 35 turniketə əlavə olaraq yeni zalda 11 turniket quraşdırılıb. Bununla da vağzalda turniketlərin ümumi sayı 46-ya çatdırılaraq 32% artırılıb.
Yeni turniket zalının istifadəyə verilməsi, xüsusilə sərnişin axınının intensiv olduğu saatlarda vağzalda hərəkətin daha çevik təşkilinə imkan yaradacaq.
Bundan başqa, sentyabrın 15-dən Xırdalan–Bakı istiqamətində qatarların hərəkət vaxtı qısaldılacaq. Yeni hərəkət cədvəlinə əsasən, qatarların yolda olma müddəti 35 dəqiqəyə endiriləcək.
Hazırda Xırdalan–Biləcəri sahəsində infrastrukturun yenilənməsi çərçivəsində dəmiryol körpüsünün təmiri ilə əlaqədar həmin istiqamətdə səfər müddəti 45 dəqiqə təşkil edir.
ADY-nin məlumatına görə, körpünün bərpası başa çatdıqdan sonra bu istiqamətdə sürət həddi daha da artırılacaq. Nəticədə Bakı–Xırdalan istiqamətində səfər müddəti əvvəlki kimi 26 dəqiqə təşkil edəcək. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımalarının bərpa edilməsi nəzərdə tutulur.
Yeni qrafikə əsasən, Bakı–Xırdalan–Bakı marşrutu üzrə gündəlik reyslərin sayı 26-dan 32-yə çatdırılıb. Xırdalan istiqamətində sərnişin axını nəzərə alınaraq səhər saatlarında 2 əlavə reys təşkil ediləcək. Həmçinin Bakı–Xırdalan istiqamətində saat 20:30-da əlavə reys həyata keçiriləcək.
Ümumilikdə isə şəhərətrafı qatarların gündəlik reyslərinin sayı 90-dan 96-ya artırılıb.
Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə turniketlərdə təmassız ödəniş imkanları da genişləndirilib. Hazırda “Visa” kartları ilə yanaşı, “Mastercard” kartları vasitəsilə də NFC texnologiyasından istifadə etməklə gediş haqqını ödəmək mümkündür.
Bundan sonra bank kartları üzrə gediş haqqı ödənişləri səfərin həyata keçirildiyi gün hesabdan çıxılacaq. ADY bildirir ki, bu yanaşma ödəniş prosesinin daha rahat və şəffaf təşkilinə xidmət edəcək.
Elektron ödəniş imkanlarının genişləndirilməsi çərçivəsində Bakı və Sabunçu vağzalları, Pirşağı, Xırdalan, Koroğlu, Bakıxanov, Məmmədli və Dərnəgül stansiya və dayanacaqlarındakı turniketlərdə bank kartı ilə keçid üçün əlavə 58 validator quraşdırılıb.
Növbəti mərhələdə isə SİMA Pay – üztanıma ilə ödəniş terminallarının sayının artırılması nəzərdə tutulur.
ADY qeyd edir ki, həyata keçirilən tədbirlər dəmir yolu nəqliyyatında xidmət səviyyəsinin yüksəldilməsinə, sərnişinlərin rahatlığının artırılmasına və müasir rəqəmsal həllərin tətbiqinin genişləndirilməsinə yönəlib.















