Antiterror Tədbirlərinin görünən və görünməyən tərəfləri – “Onun arxasında illərlə formalaşan strateji xətt dayanırdı” - ŞƏRH
“2023-cü ilin 19-20 sentyabr hadisələrinin miqyasını yalnız əməliyyatın davam etdiyi saatlarla ölçmək düzgün olmazdı”.
Bunu 1news.az-a açıqlamasında siyasi şərhçi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əbülfəz Babazadə deyib.
O bildirib ki, cəmi 23 saat 43 dəqiqə davam edən antiterror tədbirləri illərlə formalaşdırılan hərbi potensialın, diplomatik mövqenin və siyasi iradənin vahid nəticəyə çevrilməsi ilə nəticələnib:
“Həmin qısa zaman kəsiyində Azərbaycan Qarabağda dövlət suverenliyini tam bərpa etdi. Bu nəticənin arxasında 44 günlük Vətən müharibəsindən başlayan və ardıcıl qərarlarla möhkəmləndirilən strateji xətt dayanırdı. Tarixdə elə məqamlar olur ki, hadisənin müddəti ilə onun siyasi çəkisi arasında böyük fərq yaranır. Sentyabr əməliyyatı da Azərbaycanın müasir dövlətçilik tarixinin mühüm dönüş nöqtələrindən biridir”.
Ə.Babazadə qeyd edib ki, antiterror tədbirlərinin mahiyyətini yalnız döyüş meydanındakı nəticə ilə deyil, həmin nəticəni mümkün edən dövlət siyasəti ilə birlikdə qiymətləndirmək lazımdır:
“Azərbaycanın dövlət maraqları baxımından əsas məsələ beynəlxalq səviyyədə tanınmış ərazisində vahid hüquqi və təhlükəsizlik məkanının yaradılması idi. Qarabağda mərkəzi hakimiyyətin nəzarətindən kənarda silahlı strukturun saxlanılması suverenliyin faktiki həyata keçirilməsinə mane olur, bərpa və qayıdış proseslərinin təhlükəsizliyini risk altında qoyurdu. Bu baxımdan 2023-cü ilin sentyabr hadisələrinin strateji məzmunu Azərbaycanın öz ərazisində qanuni hakimiyyətini tam təmin etməsi ilə bağlıdır”.
Siyasi şərhçi vurğulayıb ki, antiterror tədbirlərinin qısa müddətdə nəticələnməsi Azərbaycan Ordusunun hərbi imkanları ilə yanaşı, idarəetmə və qərarvermə qabiliyyətini də nümayiş etdirib:
“Müdafiə Nazirliyinin 19 sentyabr 2023-cü il məlumatında tədbirlərin məqsədləri konkret şəkildə göstərilmişdi. Söhbət təxribatların qarşısının alınmasından, silahlı birləşmələrin tərksilah edilərək ərazidən çıxarılmasından, hərbi infrastrukturun zərərsizləşdirilməsindən, insanların təhlükəsizliyinin təmin olunmasından və konstitusiya quruluşunun bərpasından gedirdi. Əməliyyatın icrasında yüksək dəqiqlikli silahlardan istifadə olunması, hərbi hədəflərin müəyyənləşdirilməsi və bölmələrin uzlaşdırılmış fəaliyyəti qısa müddətdə nəticə əldə edilməsinə imkan verdi.
Prezident İlham Əliyevin 20 sentyabr müraciətində hərbçilərin mürəkkəb relyefdə və möhkəmləndirilmiş mövqelər qarşısında göstərdiyi peşəkarlıq xüsusi vurğulanmışdı. Tərksilah və silahların təhvil verilməsi şərtlərinin qəbul edilməsindən sonra atəşkəsin elan olunması isə hərbi gücün konkret siyasi məqsədə tabe olduğunu göstərirdi. Bu, qərarlılıqla idarəolunmanın bir-birini tamamladığı yanaşma idi”.
A.Babazadə əlavə edib ki, antiterror tədbirlərinə qədər diplomatik müstəvidə də Azərbaycanın mövqeyini gücləndirən mühüm proseslər gedirdi:
“2022-ci il oktyabrın 6-da Praqa görüşünün yekunlarına dair bəyanatda Azərbaycan və Ermənistan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini, bu əsasda bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqlarını təsdiqləmişdilər. Azərbaycan üçün əsas məsələ bu prinsipin real təhlükəsizlik mühitində də təmin olunması idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi-diplomatik strategiyasının əsas xüsusiyyəti də bu ardıcıllıqda görünür. Siyasi məqsəd sabit qalır, ona çatmaq üçün vasitələr şəraitə uyğun tətbiq edilirdi. Hərbi potensial diplomatik mövqeyi gücləndirir, diplomatiya isə milli məqsədin beynəlxalq müstəvidə ifadəsini təmin edirdi. Sentyabr əməliyyatı həmin iki istiqamətin vahid nəticədə birləşdiyi mərhələ oldu”.
Xatırladaq ki, Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin başlanmasından üç il ötür. 19 sentyabr 2023-cü ildə başlayan və 23 saat davam edən əməliyyat Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələndi. Əməliyyat zamanı Azərbaycan Ordusu qanunsuz erməni silahlı birləşmələrinin mövqelərini və hərbi infrastrukturunu zərərsizləşdirdi. Sentyabrın 20-də əldə olunan razılaşmaya əsasən, həmin birləşmələr silahı yerə qoyaraq tərksilah edildi. Antiterror tədbirləri zamanı 192 hərbçimiz şəhid oldu. Sonrakı mərhələdə Qarabağda mövcud olmuş qondarma rejim öz strukturlarını buraxaraq mövcudluğuna son qoyduğunu elan etdi. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə Dövlət Bayrağını ucaltdı. 2024-cü ildə Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tamamilə tərk etdi. Hazırda Qarabağda "Böyük Qayıdış" proqramı çərçivəsində genişmiqyaslı quruculuq və məskunlaşdırma işləri davam etdirilir. 20 sentyabr isə Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.












