Ombudsman: Ermənilərin saxlanma şəraiti və hüquqlarının təminatı ilə bağlı iddialar əsassızdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Ombudsman: Ermənilərin saxlanma şəraiti və hüquqlarının təminatı ilə bağlı iddialar əsassızdır

First News Media12:48 - Bu gün
Ombudsman: Ermənilərin saxlanma şəraiti və hüquqlarının təminatı ilə bağlı iddialar əsassızdır

Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi və digər ağır cinayətlərə görə məhkum edilmiş bəzi erməni əsilli şəxslərin hüquqlarının təmin olunması ilə bağlı internet saytlarında yayılan iddialar həqiqəti əks etdirmir.

1news.az xəbər verir ki, bu barədə Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində həmin şəxslərin, o cümlədən Ruben Vardanyanın hüquqlarının təmin olunması vəziyyəti ilə bağlı yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, erməni əsilli şəxslərlə həm ibtidai istintaq dövründə, həm məhkəmə prosesləri zamanı, həm də məhkum edilərək cəzaçəkmə müəssisələrinə köçürüldükdən sonra olduqları müəssisələrdə görüşlər keçirilib, onların hüquqlarının təmin olunması vəziyyəti, saxlanma şəraiti və onlarla rəftar məsələləri davamlı monitorinq edilib.

Bildirilib ki, monitorinqlər beynəlxalq standartlara uyğun həyata keçirilib və insan hüquq və azadlıqlarının təmin olunması vəziyyəti daim diqqətdə saxlanılıb.

Ombudsmanın və Milli Preventiv Qrupun üzvlərinin əvvəlcədən xəbərdarlıq etmədən həyata keçirdikləri başçəkmələr zamanı həmin şəxslərə, o cümlədən Ruben Vardanyana hüquqları ana dilində izah edilib. Milli Preventiv Qrupun həkim üzvü tərəfindən onların səhhətinin mövcud vəziyyəti yoxlanılıb.

Həmçinin onların istəklərinə uyğun olaraq müxtəlif nəşrlər və ana dillərində qanunvericilik aktları təqdim edilib. Müraciətləri əsasında müxtəlif dillərdə çoxsaylı bədii ədəbiyyat kitablarının da onlara verildiyi bildirilib.

Qeyd olunub ki, həmin şəxslərin hər birinin Ombudsmanın 916 Çağrı Mərkəzinə müraciət etmək imkanı var və daxil olan müraciətlərə vaxtında, qanunvericiliyə uyğun reaksiya verilib.

Ombudsmanın məlumatında vurğulanıb ki, adıçəkilən məhkumların cəza çəkdikləri müəssisələrdə saxlanma şəraiti müasir standartlara cavab verir və onlara münasibətdə hər hansı ayrı-seçkiliyə yol verilmir.

Bildirilib ki, beynəlxalq sənədlərdə və milli qanunvericilikdə təsbit edilmiş hüquq və azadlıqlar, o cümlədən idmanla məşğul olmaq, gəzinti və asudə vaxtın təşkili ilə bağlı hüquqlar təmin edilir.

Həmçinin qeyd olunub ki, məhkumlar cəzaçəkmə müəssisələrinə köçürüldükləri zaman hesablarında vəsait olmamasına baxmayaraq, ailə üzvləri ilə telefon danışıqları aparmaq və informasiyaya çıxış imkanları ilə təmin olunublar.

Bundan başqa, adıçəkilən şəxslərin notariat və tibbi xidmətlərlə bağlı müraciətlərinin də qanunvericiliyə uyğun təmin edildiyi bildirilib.

Məlumata görə, sonuncu dəfə Araik Harutyunyanın notariat xidməti ilə bağlı müraciəti icra olunub. Müraciətin icrası Ombudsmanın Milli Preventiv Qrupunun başçəkməsi gününə təsadüf etdiyindən xidmətin göstərilməsi yerində müşahidə edilib.

Bununla yanaşı, həmin şəxslərin Ombudsmana ünvanladıqları əlavə tibbi müayinələrin keçirilməsi, ailə üzvləri ilə əlavə telefon danışıqlarının təşkili, həmçinin özləri və vəkilləri tərəfindən dövlət qurumlarına müraciətlərlə bağlı məsələlərin də təmin olunduğu bildirilib.

Ombudsman müstəqil monitorinq və başçəkmələrin nəticələrinə əsasən bildirib ki, məhkəmə qaydasında ağır cinayətlərə görə təqsirləri sübuta yetirilərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş həmin şəxslərin hüquqları hər hansı ayrı-seçkiliyə yol verilmədən təmin edilir.

Açıqlamada internet saytlarında adıçəkilən şəxslərin adından yayılan və onların hüquqlarının pozulması ilə bağlı iddiaların əsassız olduğu, həqiqəti əks etdirmədiyi və qərəzli siyasi məqsədlərə xidmət etdiyi bildirilib.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər