Nigar Məmmədova: “Türk Dövlətləri Təşkilatında təhlükəsizlik sahəsində əməkdaşlığının gücləndirilməsi zərurətdir”
"Türk Dövlətləri Təşkilatının gündəliyi çox zəngindir və üzv ölkələr təhlükəsizlik sahəsində də əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır".
Bu fikirləri 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
O bildirib ki, informasiya müharibələri, hibrid təhdidlər, transmilli cinayətkarlıq, dini ekstremizm, kiber risklər və müxtəlif ideoloji təsir mexanizmləri dövlətlərin milli təhlükəsizliyinin mühüm elementlərinə çevrilib. Prezident İlham Əliyevin ötən gün TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər də bu dəyişən reallıqlar fonunda təşkilatın təhlükəsizlik əməkdaşlığının daha sistemli xarakter almasının vacibliyini təsdiqləyir.
Dövlət başçımızın çıxışında diqqət çəkən əsas məqamlardan biri təhlükəsizlik anlayışının genişləndirilməsi və ideoloji təhdidlərin ayrıca istiqamət kimi önə çəkilməsidir. Cənab Prezidentin də söylədiyi kimi, “ardıcıl inkişaf və konstitusiya quruluşunun qorunmasını təmin etmək üçün ölkələrimizə və xalqlarımıza zidd hər cür ideoloji təxribatlara qarşı birgə mübarizə aparmaq lazımdır.” Bu yanaşma göstərir ki, müasir dövrdə dövlətlərin sabitliyinə təhlükə sərhəddən keçən silahlı qüvvə və ya ənənəvi təhlükəsizlik riski ilə yanaşı informasiya məkanında yayılan manipulyativ məzmun, xaricdən maliyyələşən təsir şəbəkələri, dezinformasiya və cəmiyyətdə parçalanma yaratmağa yönələn kampaniyalar da dövlətlərin dayanıqlılığına təsir göstərir.
Bakıda keçirilən TDT ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı məhz geniş müstəvidə müzakirəsi baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin toplantı iştirakçılarına müraciətində beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi istiqamətlər xüsusi qeyd olunur. Bu, TDT daxilində təhlükəsizlik sahəsində əməkdaşlığın yalnız ayrı-ayrı ölkələrin təcrübə mübadiləsi, həmçinin ortaq risklərin müəyyənləşdirilməsi və onların qarşısının alınması üçün koordinasiya mexanizmlərinin gücləndirilməsi məsələsini gündəmə gətirir.
“Təhlükəsizlik Şuraları katiblərinin mütəmadi əsasda toplaşaraq aktual təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparması ortaq qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi və onların neytrallaşdırılması yollarının araşdırılması baxımından müstəsna əhəmiyyət kəsb edir” - deyə Prezident İlham Əliyev vurğulayıb.
Burada əsas məqam preventiv yanaşmadır. Belə ki, riskləri əvvəlcədən müəyyənləşdirmək və koordinasiyalı şəkildə qarşısını almaq bu gün əsas məsələlərdən biridir.
Prezident İlham Əliyev həmçinin beynəlxalq hüququn üstünlüyünün qorunmasına da diqqət çəkdi. Bildirdi ki, dünya siyasətində baş verən proseslər TDT coğrafiyasının strateji əhəmiyyətini artırır. Buna görə də təşkilat beynəlxalq məsələlərdə daha fəal rol oynamalıdır.
Dövlət başçısının da söylədiyi kimi, “biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın”.
Çıxışın ayrıca diqqət çəkən hissəsi milli-mənəvi dəyərlər və gənc nəslin tərbiyəsi ilə bağlıdır. Prezident İlham Əliyev TDT ölkələrinin oxşarlıqları sırasında milli prinsiplərə, milli özünüdərkə və mənəvi dəyərlərə bağlılığı xüsusi qeyd etdi.
Qloballaşan informasiya məkanında gənclərin müxtəlif ideoloji və informasiya təsirlərinə daha açıq olması dövlətlər qarşısında yeni vəzifələr yaradır. Burada əsas məsələ gənclərin milli kimlik, tarix, dil və mədəniyyət barədə biliklərinin artırılması, eyni zamanda informasiya savadlılığının gücləndirilməsidir.
Dövlət başçımızın da söylədiyi kimi, təhlükəsizlik şuraları arasında əməkdaşlıq TDT məkanında ortaq təhlükəsizlik arxitekturasının formalaşdırılmasına xidmət edir. Hesab edirəm ki, Bakıda aparılan müzakirələr effektiv nəticələr verəcək və təşkilat çərçivəsində təhlükəsizliyi daha da möhkəmləndirəcək.












