Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - FOTO - VİDEO

First News Media17:50 - Bu gün
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - FOTO - VİDEO

Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

1news.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir.

Ölkə ərazisində heyvan kəsim məntəqəsi olmayan və ya  fəaliyyət göstərməyən ərazilər

Regional Bölmənin (RB) adı

Heyvan kəsim məntəqəsi
fəaliyyət göstərməyən rayonlar

Abşeron-Xızı RB

Xızı

Quba-Xaçmaz RB

Quba

Dağlıq Şirvan RB

Ağsu, Qobustan

Şirvan-Salyan RB

Salyan, Biləsuvar, Neftçala, Şirvan

Lənkəran-Astara RB

Lerik, Yardımlı

Şəki-Zaqatala RB

Balakən, Qax, Qəbələ, Oğuz

Gəncə-Daşkəsən RB

Naftalan, Daşkəsən

Qazax-Tovuz RB

Ağstafa

Mil-Muğan RB

Saatlı

Mərkəzi Aran RB

Ucar, Mingəçevir, Zərdab, Göyçay,

Qarabağ RB

Xocavənd, Şuşa, Xocalı, Xankəndi, Ağdərə, Ağdam

Şərqi Zəngəzur RB

Qubadlı, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Laçın

Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamına əsasən, ölkədə heyvan kəsimi baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir kəsim məntəqələrində həyata keçirilməlidir. Heyvan kəsiminin müasir tələblərə uyğun təşkili məsələsində yerli icra hakimiyyəti orqanları və sahibkarlıq subyektləri birgə maraqlı tərəf kimi çıxış etməlidirlər.

Onu da qeyd etmək lazımdır ki, əgər 2018-ci ildə respublikada cəmi 6-10 kəsim məntəqəsi mövcud idisə, hazırda bu rəqəm 84-dür.

Digər tərəfdən, ölkə başçısının təsdiq etdiyi son iki Dövlət Proqramında ölkə üzrə bütün heyvandarlıq təsərrüfatlarında mövcud olan iribuynuzlu və xırdabuynuzlu heyvanların identifikasiyasının başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar müəyyən edilib.

Heyvanların identifikasiyası onların mənşəyinin, hərəkətinin və baytarlıq vəziyyətinin izlənilməsinə, bununla da heyvan və heyvan mənşəli məhsulların təhlükəsizliyinə nəzarətin gücləndirilməsinə imkan verir. Bu baxımdan, müasir kəsim məntəqələrinin mövcudluğu identifikasiya olunmuş, mənşəyi və sağlamlıq vəziyyəti məlum olan heyvanların kəsiminin təmin edilməsi üçün vacib şərtlərdən biridir. İdentifikasiya olunmamış və ya baytarlıq nəzarətindən keçməmiş heyvanların kəsim məntəqələrindən kənarda kəsilməsi isə əhalinin sağlamlığı üçün ciddi risk yarada bilər.

Bu baxımdan, standartlara cavab verən müasir heyvan kəsimi məntəqələrinin fəaliyyət göstərməsi yalnız kəsim prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkilinə deyil, həm də heyvanların identifikasiyası və izlənməsi sisteminin effektiv tətbiqinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və qanunsuz heyvan kəsimi hallarının qarşısının alınmasına imkan verən mühüm mexanizmlərdən biridir.

AQTA sahibkarları kəsim məntəqəsi olmayan rayon və şəhərlərdə müasir tələblərə, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verən heyvan kəsimi məntəqələrinin qurulmasına və fəaliyyətinin təşkilinə dəvət edir. Agentlik bu istiqamətdə sahibkarlara lazımi metodiki, təşkilati və texniki dəstəyi göstərməyə hazırdır.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər