617 balla baytarlığı seçdi: “PAŞA Holding”ə daxil olan Agro Dairy gələcəyin baytarına dəstək oldu - FOTO
Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin məzunu Xaliq Zeynallı Dövlət İmtahan Mərkəzinin qəbul imtahanında 617 bal toplayaraq Xəzər Universitetində Baytarlıq ixtisasını seçib.
Gəncin yüksək nəticə göstərməsinə baxmayaraq məhz baytarlıq ixtisasına üstünlük verməsi ictimaiyyətin diqqətini çəkib.
1news.az-da yayımlanan məlumat sosial şəbəkələrdə də geniş müzakirə olunub. Müzakirələrin bir qismində belə yüksək bal toplayan abituriyentin daha yüksək keçid balı olan və ənənəvi olaraq daha prestijli hesab edilən ixtisaslardan birini seçməməsi ilə bağlı fikirlər səsləndirilib.
Xaliq Zeynallının seçimi “PAŞA Holding”ə daxil olan Agro Dairy şirkətinin də diqqətini çəkib. Kənd təsərrüfatı sahəsində peşəkar insan kapitalının formalaşmasına və gənclərin bu istiqamətdə inkişafına xüsusi önəm verən şirkət onun seçimini dəstəkləmək qərarına gəlib.
Bu məqsədlə keçirilən görüş zamanı Xaliq Zeynallıya təhsil prosesində istifadə etməsi və gələcək peşəkar inkişafına töhfə verməsi üçün texniki avadanlıqlar hədiyyə edilib.
Görüşdə Agro Dairy şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov, Xəzər Universitetinin rektoru Dr. Razia İsaeva, Xaliq Zeynallı, eləcə də şirkət və universitetin nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, Niyazi Əmirbəyovun sədri olduğu Aqrar Məşvərət Şurası İctimai Birliyinin təqaüd proqramı çərçivəsində Xaliq Zeynallıya bir il müddətində – payız və yaz semestrləri üzrə aylıq təqaüd təyin olunub.
Baytarlıq kənd təsərrüfatı sektorunun strateji peşələrindən biridir
Baytarlıq yalnız heyvanların müalicəsi ilə məhdudlaşan bir peşə deyil. Baytar mütəxəssisləri heyvan sağlamlığının qorunması və xəstəliklərin qarşısının alınması ilə yanaşı, heyvandarlığın məhsuldarlığının artırılmasına, qida təhlükəsizliyinin təmin edilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verirlər.
Bu baxımdan Xaliq Zeynallının 617 bal kimi yüksək nəticə ilə məhz baytarlıq ixtisasını seçməsi gənclərin sektora marağının və bu sahədə öz gələcəyini qurmaq istəyinin diqqətçəkən nümunəsidir.
Agro Dairy kənd təsərrüfatı sahəsində peşəkar insan kapitalının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Şirkət bu yanaşma çərçivəsində kənd təsərrüfatı ixtisaslar üzrə təhsil alan və gələcək karyerasını kənd təsərrüfatı ilə bağlamaq istəyən gənclərin inkişafına yönəlmiş müxtəlif təşəbbüslər həyata keçirir.
Bu təşəbbüslər çərçivəsində ADA Universitetində 400-dən yuxarı bal toplayaraq kənd təsərrüfatı istiqaməti üzrə ixtisasları seçən tələbələrin təhsil xərcləri Agro Dairy tərəfindən maliyyələşdirilir. Eyni zamanda, Azərbaycan Dövlət Aqrar Universitetində yüksək akademik göstəricilərə malik tələbələr üçün Akademik Mükəmməllik Təqaüd Proqramı həyata keçirilib.
Görüşün sonunda baytarlıq sahəsində təhsil və praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Xəzər Universiteti ilə Agro Dairy arasında əməkdaşlıq memorandumu imzalanıb.
Daha sonra Agro Dairy şirkətinin İdarə Heyətinin sədri Niyazi Əmirbəyov 1news.az saytının suallarını cavablandırıb.
O bildirib ki, bu təşəbbüsə əslində dövlət başçımızın bu yaxınlarda qəbul etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində baxmaq olar: “Həmçinin gördüyümüz kimi, kənd təsərrüfatı sektoru artıq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafında ən mühüm rol oynayır. Bütün bunları nəzərə alaraq düşünürük ki, bu sektorda peşəkar kadrların yetişdirilməsi böyük əhəmiyyət kəsb edir.
Rəhbərlik etdiyim şirkət və ictimai birlik olaraq qərara gəldik ki, ali məktəblərə qəbul olunmuş, yüksək bal toplamış və xüsusilə kənd təsərrüfatı istiqamətini seçmiş istedadlı tələbələrimizə dəstək olaq. Məhz buna görə də bu gün buradayıq. Xaliq çox yüksək nəticə göstərib və bu ixtisası özü seçib. Bizim üçün də qürurvericidir ki, artıq abituriyentlər və tələbələr arasında kənd təsərrüfatı ixtisaslarının seçilməsini müşahidə edirik. Düşünürəm ki, sahəmizdə fəaliyyət göstərən bütün şirkətlər yeni yetişən kadrlara dəstək olmalıdır. Bununla biz gələcəkdə iqtisadiyyatın bu sektorunda çalışan peşəkarların sayını artıracaq və bütövlükdə sahənin inkişafına ciddi təkan verəcəyik”.
Eyni zamanda Niyazi Əmirbəyov qeyd edib ki, bu sektorda ciddi kadr çatışmazlığı müşahidə olunur: “Sahə sürətlə inkişaf edir və bu da öz növbəsində yeni kadrlara tələbat yaradır. Sektorun gənclər üçün cəlbedici olması bizim üzərimizdə olan bir öhdəlikdir. Bu səbəbdən ali təhsil müəssisələri ilə əməkdaşlığımız davam edəcək və daha da genişlənəcək”.
Daha sonra isə 1news.az saytının suallarını əsərin baş qəhramanı Xaliq Zeynallı cavablandırdı.
İstedadlı gənc bildirdi ki, tənqidi şərhlər yazıldıqca onun haqqında dərc olunan məqalələr daha da populyarlaşdı:
«Mən həmin insanların yazıları ilə yanaşı, geniş dünyagörüşünə malik, çox savadlı şəxslərin dəstəyini və dedikləri xoş sözləri gördüm. Elə həmin an düzgün qərar verdiyimə bir daha əmin oldum.
Gün keçdikcə belə dəyərli insanların mənimlə həmsöhbət olub dəstək olduqlarını gördükcə, verdiyim qərarın doğruluğuna bir daha əmin oluram. İstədiyim ixtisasda olduğum və belə insanlardan dəyər gördüyüm üçün çox xoşbəxtəm. Özümdən sonra gələn gənclərə də məsləhət görürəm ki, əgər heyvanlara, heyvandarlığa və ümumilikdə kənd təsərrüfatına maraqları varsa - istər baytarlıq, istərsə də aqronomluq olsun - bu sahəni seçib ölkəmizdə çox savadlı mütəxəssis ola bilərlər».
Xaliq Zeynallının seçimi isə bir daha göstərir ki, yüksək qəbul balı yalnız daha çox ixtisas arasından seçim etmək imkanı yaratmır. Əsas məsələ gəncin öz marağına, potensialına və gələcək məqsədlərinə uyğun peşəni seçməsi və həmin sahədə peşəkar kimi formalaşmasıdır.




















