Mikayıl Cabbarov: “Qeyri-neft-qaz ixracı iki dəfəyə yaxın artıb”
“Son 5 ildə Azərbaycanda qeyri-neft sənayesi 50% böyüyüb”.
1news.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 2030-cu ilədək Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatının ÜDM-də payının 82%-ə çatacağı gözlənilir.
“Ötən il Azərbaycanın qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71%-ni təşkil edib. 2021-2025-ci illərdə qeyri-neft-qaz sektorunda real artım orta hesabla illik 6% olub. Bu dövrdə qeyri-neft sənayesi 50% böyüyüb, qeyri-neft-qaz ixracı isə iki dəfəyə yaxın artıb”, - deyə M.Cabbarov bildirib.
Onun sözlərinə görə, əsas prioritet nəqliyyat dəhlizlərindən iqtisadi dəhlizlərə keçərək Azərbaycan iqtisadiyyatını özəl sektorun rəhbərlik etdiyi, şaxələndirilmiş və ixracyönümlü modelə çevirməkdir.
Tranzit və logistika potensialına da toxunan nazir Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrildiyini vurğulayıb.
“Dünya Bankının qiymətləndirmələrinə görə, düzgün investisiyalar və səmərəlilik tədbirləri 2030-cu ilədək Orta dəhliz boyunca ticarət axınlarını üç dəfə artıra və daşınma müddətini yarıbayarı azalda bilər”, - deyə nazir qeyd edib.
M.Cabbarov bildirib ki, Azərbaycanın əsas məqsədi ölkə ərazisindən keçən marşrutların yalnız təhlükəsiz deyil, həm də xərc və vaxt baxımından rəqabətədavamlı olmasını təmin etməkdir.












