Tarixin axınını dəyişən payız səhəri: Zəfərimizin əbədi qürur səhifəsi
Tarixin axınını dəyişən gün: 27 Sentyabrdan Başlayan Böyük Zəfər Yolu
Təqvimdə 27 sentyabr tarixinin yaxınlaşması xalqımızın yaddaşında təkcə bir təqvim dəyişikliyini deyil, həm də milli qürurun, ədalətin və tarixi zəfərin bərpasını təcəssüm etdirir. 2020-ci ilin həmin payız səhərində Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın çoxəsrlik dövlətçilik xronikasına qızıl hərflərlə yazıldı.
30 illik həsrətə son qoyaraq ərazi bütövlüyümüzü bərpa edən bu tarixi Qələbədən artıq 6 il ötür. Ötən illər ərzində qazanılan hərbi-diplomatik uğurlar və yaradılan yeni reallıqlar regional sülhün və inkişafın əsas sütununa çevrilib.
Mövzu ilə bağlı 1news.az-a danışan Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hadisələr sanki dünən baş verib.
“Bu Vətən müharibəsi yaddaşımıza ona görə həkk olunub ki, 26 ildən artıq müddətdə torpaqlarımız işğal altında idi və biz bu günü səbirsizliklə gözləyirdik. 1994-cü il mayın 12-də imzalanmış Bişkek protokolu bu günü bizdən bir qədər uzaqlaşdırdı. Lakin bu müddət ərzində Azərbaycan Ordusu, Silahlı Qüvvələrimiz var gücü ilə hazırlıq keçirdi. Biz bu hazırlığı bütün sahələr üzrə aparırdıq.
Əvvəlki illərdə yalnız gündüz təlimləri keçirilirdisə, sonrakı dönəmdə müxtəlif relyef və çətin iqlim şəraitini nəzərə alaraq həm gecə, həm də gündüz vaxtlarında təlimlərə başladıq”.
Müharibə dövrünün ağır və məsuliyyətli keçdiyini diqqətə çatdıran hərbi ekspert vurğulayıb:
“Həmin 44 gün kənardan bəlkə də asan görünə bilər. Adətən belə bir deyim var: “Müharibə kənardan asan görünür”. Lakin bu 44 gün bizim üçün çox ağır və məsuliyyətli idi. O günlərin içərisində xeyli xatirələr var. Sevincli və kədərli günlərimiz oldu. Hesab edirəm ki, 27 Sentyabrın dəyərini illər keçdikdən sonra daha yaxşı qiymətləndirə biləcəyik. Çoxlu ədəbiyyat nümunələri yazılacaq, filmlər çəkiləcək. Hələ bu məsələ ilə bağlı yetərli işlər görülməyib”.
Qarşıdakı illərdə müharibənin hər günündən - 27 Sentyabrdan 10 Noyabr bəyanatı imzalanana qədər, o cümlədən 2023-cü ilin anti terror əməliyyatı da daxil olmaqla - qəhrəmanlıq, rəşadət və mərdlik göstərən hər bir əsgər və zabitin fəaliyyəti qiymətləndiriləcək. Gələcək nəsil onlar barəsində geniş məlumata malik olacaq”.
Döyüş əməliyyatlarının ilkin mərhələsinə və qarşıda duran hərbi vəzifələrə toxunan Üzeyir Cəfərov qeyd edib:
“27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusu qarşısında duran əsas hərbi məqsəd düşmənin ön mövqelərini yararaq işğal altındakı əraziləri azad etmək idi və Silahlı Qüvvələrimiz buna nail oldu. 27 Sentyabrda təkcə Azərbaycan Ordusu döyüşmürdü. Ordumuzla yanaşı, Dövlət Sərhəd Xidməti, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da bu proseslərə cəlb olunmuşdu. Bir sözlə, Silahlı Qüvvələrin bütün aidiyyəti qurumları qarşıda duran əsas hərbi məqsədin həllinə köklənmişdi. Əsas hərbi məqsəd düşməni ram etmək və verilməş tapşırığı yerinə yetirmək idi.
27 sentyabrda uğurla başlanan əməliyyat bir müddət sonra müəyyən çətinliklərlə üzləşdi. Bu müharibədir və təbiidir. Sonradan – oktyabrın əvvəllərində uğurlarımızın davamını görməyə başladıq”.
Cəbhədəki reallıqlar və düşmənin dezinformasiya siyasəti barədə danışan eskpert fikirlərinə davam edib:
“Müharibənin ilk günlərində əldə olunan nəticələr sonrakı xəritəyə də təsir etdi. Bu, çox vacib məqam idi. İllərlə orada müdafiə mövqeyi quran düşmən və onun havadarları Azərbaycan Ordusunun gücünü gördükdən, ilk əraziləri itirdikdən sonra 26 ilə yaxın müddətdə möhkəmləndikləri səngərlərdən və sığınacaqlardan geri çəkilməyə başladılar. Bu da əməliyyat xəritəsinə ciddi təsir göstərdi.
Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Hovhannisyan hər gün Ermənistan ordusunun guya uğur əldə etməsi haqqında yalan məlumatlar verirdi. Biz bu yalanları bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkovun dilindən də eşidirik. Reallıqda isə Azərbaycan Ordusu Ermənistan ordusunun elit hərbi hissələrini darmadağın etmişdi və qarşıya qoyulan tapşırıq tam icra olunurdu”.
Ordumuzun tətbiq etdiyi müasir hərb taktikalarından bəhs edən ekspert bildirib:
“Vətən müharibəsi Azərbaycan Ordusunun 1994-cü ildən keçən müddətdə - 2008-ci il Tovuz və Qazax hadisələri, 2016-cı il Aprel döyüşləri, 2018-ci il təxribatlarının qarşısının alınması zamanı topladığı təcrübəni göstərdi. Ordumuz 2020-ci ildə düşmənin bütün təxribatlarına layıqlı cavab verərək yeni taktik yanaşmanı, müasir texnika və texnologiyaların istifadəsini dünyaya nümayiş etdirdi. İlk dəfə postsovet məkanında kəşfiyyat və kamikadze dronlarından, İsraildən alınan texnika və avadanlıqlardan, müasir rabitə vasitələrindən istifadə etdik. Düşmən bunu gözləmirdi. Dövlət Sərhəd Xidməti və Azərbaycan Ordusu müxtəlif istiqamətlərdə düşmənin birləşmələrini sıradan çıxardı. Düşmən anladı ki, ordumuzun qarşısında duruş gətirə bilməyəcək”.
Sonda post-müharibə dövrünə və regionda yaranan yeni reallıqlara diqqət çəkən Ü.Cəfərov vurğulayıb:
“9-10 noyabr 2020-ci il tarixli bəyanat qüvvəyə mindi. Lakin həmin sənədin qarantı kimi özünü göstərməyə çalışan Rusiya Federasiyasının sülhməramlı kontingenti və Ermənistan tərəfi öhdəliklərə əməl etmədi. Qanunsuz erməni silahlı birləşmələri ərazidən çıxarılmadı, minakarman prosesi davam etdirildi, mülki şəxslərimiz və jurnalistlərimiz (Sirac Abışov və Məhərrəm İbrahimov) Kəlbəcərdə minaya düşərək şəhid oldular.
Nəticədə Azərbaycan Ordusu Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Ermənistan 2023-cü ilin antiterror əməliyyatından sonra anladı ki, Azərbaycanın gücü və ordusunun qüdrəti qarşısında acizdir. Ümid edirəm ki, Cənubi Qafqazda bir daha separatizm meyilləri baş qaldırmayacaq”.
“Torpaqlarımız 30 il müddətində işğal altında idi”, - deyən Milli Məclisin deputatı Elman Nəsirov həmin günləri bu cür xatırlayıb:
“1992-ci ilin mart ayında yaradılmış ATƏT-in Minsk qrupunun mandatı bu münaqişəni həll etmək olsa da, problemi həll etmədi, dondurdu və status-kvo vəziyyətini qoruyub saxladı ki, torpaqlarımız işğal altında qalsın. Bu bəlli həqiqətdir.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmədi və biz burada selektiv yanaşmanı gördük. Halbuki BMT nizamnaməsinin 25-ci maddəsində yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məcburidir. Lakin biz bunu da görmədik”.
İşğal dövründə Ermənistanda yaranan arxayınlığa və tarixi köklərə toxunan deputat vurğulayıb:
“Ermənistanda belə bir arxayınlıq sindromu formalaşdı ki, o, əraziləri işğal edə bilər, 1 milyondan çox məcburi köçkün və qaçqın yarada bilər, Azərbaycanın tarixi, mədəni və dini abidələrini məhv edə bilər, Xocalıda soyqırımı törədə bilər və hər cür vəhşiliyə, müharibə cinayətlərinə imza ata bilər. Bunun qarşılığında isə bütün qurumlar susur, BMT Təhlükəsizlik Şurasının qətnamələri havada qalır. AŞPA və Avropa Parlamenti təcavüzkarı deyil, təcavüzə məruz qalan Azərbaycanı hədəfə alır, qətnamələr qəbul edir. Bütün bu vəziyyət Ermənistanda arxayınçılıq sindromu formalaşdırdı. ATƏT-in Minsk qrupu da bu işğalı əbədiləşdirmək istəyirdi.
Ancaq Ümummilli Lider Heydər Əliyev nizami ordu formalaşdırdı və ilk dəfə 1993-cü ilin dekabrı - 1994-cü ilin yanvar ayında məşhur Horadiz əməliyyatını keçirməklə Horadiz şəhərini və 22 kəndi işğaldan azad etdi. Ermənistan ilk dəfə başa düşdü ki, Azərbaycanda Heydər Əliyev kimi nəhəng şəxsiyyət rəhbərlik edir və artıq nizami ordu var. Ermənistan məcbur olub 1994-cü ilin may ayında Bişkek protokolunu imzaladı və o zaman atəşkəs əldə olundu”.
Zəfərə aparan hazırlıq mərhələsini və 44 günlük müharibənin yekunlarını şərh edən E.Nəsirov qeyd edib:
“Lakin Cənab Prezident İlham Əliyev bildirmişdi ki, o, bir qarış torpağın da düşmən tapdağı altında qalmasına imkan verməyəcək. 2003-cü ildən 2020-ci ilə qədər - 17 il ərzində ilk növbədə güçlü iqtisadiyyat formalaşdırıldı. Bu güçlü iqtisadiyyat əsasında güçlü ordu quruldu, hərbçilərimizin və zabitlərimizin yüksək vətənpərvərlik ruhu formalaşdırıldı. Müharibədə qalib gəlməyimiz üçün çox ciddi diplomatik iş aparıldı.
Nəticədə 2020-ci ilin reallığında, Ermənistanın növbəti dəfə - sentyabr ayının 27-də Azərbaycana qarşı açıq-aşkar hərbi təxribatlarına cavab olaraq, 27 sentyabrda əks-hücuma keçildi. İlk növbədə Cəbrayılın işğaldan azad edilməsi ilə digər rayonlarımızın da işğaldan azad olunması prosesi başladı və öz məntiqi sonluğunu noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə yekunlaşdırdı. Nəticədə Ermənistan baş naziri 2020-ci il noyabrın 10-da kapituliyasiya aktına imza atdı. Bundan sonra isə bir güllə atılmadan Laçın, Kəlbəcər və Ağdam işğaldan azad olundu”.
27 Sentyabr tarixinin mahiyyətini və Qələbənin rəmzlərini diqqətə çatdıran E.Nəsirov əlavə edib:
“Bu, tarixi Zəfər idi və bu tarixi Zəfərə gedən yol uzunmüddətli yol idi. Amma bunun mühüm həlledici həlqəsi 27 Sentyabrla bağlıdır. 27 Sentyabrda biz artıq əks-hücumla tarixi Zəfərimizi yekunlaşdırdıq, torpaqlarımızı işğaldan azad etdik. Ona görə də bu tarix əbədi olaraq Azərbaycan xalqının və dövlətinin tarixində həkk olunub qalacaq.
Bu tarixi Zəfərin qəhrəmanları Müzəffər Ali Baş Komandan İlham Əliyev və onun formalaşdırdığı yenilməz ordudur. O ordu ki, şəhidlər verdi, qazilərimiz yarandı; o ordu ki, əsgərləri vətən yolunda canlarını fəda etmək qəhrəmanlığını nümayiş etdirdilər. Və təbii ki, dəmir yumruğa çevrilmiş xalqımız. Prezident, xalq və ordu tarixi qələbəmizin simvollarıdır. Bu sözlər sanki sinonimləşib: Prezident deyəndə xalq və ordu, ordu və xalq deyəndə Prezident yad olunur.
Bax bu reallıq fonunda biz qələbə qazandıq. Bu qələbəni dünya birliyi qəbul etdi. Düzdür, beynəlxalq aləmin ayrı-ayrı subyektlərinin - AŞPA və Avropa Parlamentinin timsalında biz nə qədər yuxularının haram qatıldığının da şahidi olduq”.
2023-cü ilin antiterror əməliyyatına və sülh perspektivlərinə toxunan deputat fikirlərinə belə davam edib:
“2023-cü ilin sentyabr ayında isə birgünlük antiterror əməliyyatı nəticəsində ermənilərin Qarabağdakı separatizm yuvası tamamilə darmadağın edildi. Miasiyanın ideologiyası tarixin zibilliyinə atıldı, Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan bayrağı ucaldıldı, bu bölgədə separatizmin kökü kəsildi. Ermənistan ikinci dəfə kapituliyasiya aktına imza atmalı oldu və 12 mindən çox fərarisi olan bir dövlət məğlubiyyətini etiraf etdi.
Ondan sonra Azərbaycan dövləti sülh prosesinə sədaqət nümayiş etdirdi və artıq bu prosesin məntiqi sonluğu kimi keçən ilin avqust ayının 8-də Vaşinqtonda tarixi razılaşmalar əldə edildi. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə birgə bəyanat imzalandı. Eyni zamanda artıq sülh müqaviləsinin imzalanması perspektivləri çox yaxın görünür və istisna deyildir ki, 2027-ci ildə bu baş versin”.
Böyük Qayıdış və azad edilmiş ərazilərdəki bərpa işlərindən bəhs edən Elman Nəsirov davam edib:
“İndi yeni tarixi vəzifələr qarşımızda dayanır. İlk növbədə Qarabağ və Şərqi Zəngəzurun bərpası, onun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası və tarixi qayıdışın təminatı ilə bağlıdır. Hər üç istiqamət üzrə çox ciddi, intensiv işlər gedir. Bu günləri doğurdan da Qarabağ və Şərqi Zəngəzur bir tikinti meydançasını xatırladır. 90 mindən artıq soydaşımızın bu bölgəyə, ata-baba yurduna qayıdışı təmin edilib. Bu proses sürətlə getməkdədir. Tarixi qayıdışla bağlı Birinci Dövlət Proqramının icrası bu il başa çatacaq, İkinci Dövlət Proqramının icrasına başlanılacaq. Qarabağ və Şərqi Zəngəzur gözümüzün qarşısında dirçəlir, canlanır.
Dünya birliyi də bu reallığın fərqindədir. Ermənistan dövləti də fərqindədir ki, yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir. Əksi Ermənistanın nicatı deyil, uğursuzluqlarının davamı olmuş olardı”.
Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu vurğulayan deputat fikrini belə tamamlayıb:
“Azərbaycanın bu uğurları beynəlxalq aləmdə də ölkəmizin nüfuzunu xeyli gücləndirdi. Azərbaycan Prezidentinə beynəlxalq aləmdə büyük etimad var. Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edirlər. Təsadüfi deyildir ki, bu ilin sonunda, dekabr ayında ABŞ-ın Florida ştatının Mayami şəhərində keçiriləcək Böyük İyirmiliyin (G20) Zirvə görüşünə, G20-nin üzvü olmayan Azərbaycan da dəvət alıb.
Bu, ilk növbədə Azərbaycan Prezidentinə olan böyük etimadın ifadəsidir. Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfənin ifadəsidir, Azərbaycanın Ermənistanla sülh prosesində oynadığı böyük rolun təsdiqidir. Reallıq budur.
Bu gün Azərbaycan gəncliyi 27 Sentyabr hadisələrinə qiymət verərkən həmdə böyük bir dərs alırlar. Dərs alırlar ki, vətəni necə sevərlər, vətəni sevmək nə deməkdir, vətənpərvərliyin mahiyyəti və mənası nədir. Bu suallara cavab axtararkən, onlar 27 Sentyabrdan başlayaraq ordumuzun və xalqımızın göstərdiyi qəhrəmanlıq səhifəsini hiss edirlər, öyrənirlər. Bu, oldukça vacib və əhəmiyyətli məsələdir”.
Bu gün müqəddəs torpaqlarımızda dalğalanan üçrəngli bayrağımızda canını Vətən uğrunda fəda etmiş qəhrəman şəhidlərimizin al qanı var. Ərazi bütövlüyümüzü, milli qürurumuzu bizə qaytaran bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik!
Sağlamlığını, gəncliyini bu torpaqlar üçün sipər edən qazilərimizə, müharibənin hər dəqiqəsində mərdliklə döyüşən hərbi qulluqçularımıza, cəsur əsgər və zabitlərimizə sonsuz minnətdarıq. Onların göstərdiyi şücaət və fədakarlıq gələcək nəsillər üçün hər zaman ən ali vətənpərvərlik məktəbi olacaq.
Qarabağ Azərbaycandır!












