Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in 100 faizindən çoxdur
“Azərbaycanın strateji valyuta ehtiyatları avqustun sonuna 90,8 milyard ABŞ dolları təşkil edib”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: iqtisadi artım üçün tərəfdaşlığın gücləndirilməsi” sessiyasında çıxışı zamanı deyib.
Mərkəzi Bankın sədri çıxışında qlobal makroiqtisadi vəziyyətə toxunaraq bildirib ki, dünyada qeyri-müəyyənlik artıq müvəqqəti bazar vəziyyətindən beynəlxalq iqtisadi mənzərənin daimi xüsusiyyətinə çevrilib.
“Geosiyasi gərginliklər, ticarətin parçalanması, əmtəə bazarlarındakı dəyişkənlik və iqlim riskləri həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan iqtisadiyyatların həssaslığını artırıb. Mərkəzi banklar üçün bu, ənənəvi makroiqtisadi yanaşmaların artıq kifayət etmədiyi anlamına gəlir. Biz əvvəlkindən daha çevik və məlumatlara əsaslanan siyasət yürütməliyik”, - deyə T.Kazımov qeyd edib.
Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, qlobal iqtisadi artımın 2025-ci ildəki 3,5 faizdən 2026-cı ildə 3 faizə qədər yavaşlayacağı gözlənilir.
“Azərbaycan üçün mövcud vəziyyət daxili iqtisadi təməllərin gücləndirilməsinin, eyni zamanda beynəlxalq ticarətə, kapitala, təcrübəyə və əməkdaşlığa açıq qalmağın vacibliyini göstərir”, - deyə Mərkəzi Bankın sədri bildirib.
T.Kazımov qeyd edib ki, həyata keçirilən hərtərəfli islahatlar nəticəsində Azərbaycan iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirib.
“Mərkəzi Bankın iyul proqnozuna əsasən, 2026-cı ildə qeyri-neft ÜDM-nin təxminən 2,4 faiz artacağı, cari əməliyyatlar hesabında isə 6,1 milyard ABŞ dolları həcmində profisitin yaranacağı gözlənilir. İnflyasiya Mərkəzi Bankın hədəf dəhlizi daxilində qərarlaşıb və orta müddətli dövrdə də bu diapazonda qalacağı gözlənilir”, - deyə o bildirib.
Mərkəzi Bankın sədri Azərbaycanın makroiqtisadi dayanıqlılığının mühüm göstəricilərindən biri kimi strateji valyuta ehtiyatlarını qeyd edib.
“Avqustun sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 90,8 milyard ABŞ dolları təşkil edib. Bu göstərici ÜDM-in 100 faizindən çoxdur və mal və xidmət idxalını 41 ay ərzində qarşılamağa kifayət edir. Strateji valyuta ehtiyatları manatla geniş pul kütləsindən (M2) 3,5 dəfə çoxdur”, - T.Kazımov vurğulayıb.
O bildirib ki, manatın məzənnəsi 2017-ci ildən etibarən sabit qalıb.
“Xarici dövlət borcu ÜDM-in cəmi 6 faizini təşkil edir. Eyni zamanda, dollarlaşma səviyyəsi azalmaqda davam edir. Rezident fiziki şəxslərin xarici valyutadakı əmanətlərinin payı tarixi minimuma - 25,8 faizə düşüb”, - deyə Mərkəzi Bankın sədri əlavə edib.












