“Azərbaycanın bank sektoru beynəlxalq qiymətləndirmədə mövqeyini yaxşılaşdırıb”
“İslam maliyyəsi və dayanıqlı maliyyə Azərbaycanın beynəlxalq maliyyə imkanlarının genişləndirilməsi üçün yeni kanallar yarada bilər”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən sessiyada çıxışı zamanı deyib.
Mərkəzi Bankın sədri bildirib ki, Azərbaycan iqtisadiyyat üçün mövcud maliyyələşmə imkanlarının çeşidini genişləndirmək istiqamətində iş aparır.
“İslam maliyyəsi, o cümlədən bankçılıq və kapital bazarı alətləri beynəlxalq maliyyənin cəlb edilməsi və Azərbaycanın daha geniş investor dairəsi ilə əlaqələndirilməsi üçün əlavə kanal yarada bilər”, - deyə T.Kazımov qeyd edib.
Onun sözlərinə görə, dayanıqlı maliyyə də Azərbaycanın investisiya ehtiyaclarını ekoloji və sosial baxımdan məsuliyyətli investisiyalara artan qlobal tələblə əlaqələndirmək üçün imkanlar yaradır.
“Yaşıl istiqrazlar, dayanıqlılığa bağlı maliyyə alətləri və digər innovativ maliyyə məhsulları kapitalın uzunmüddətli iqtisadi və ekoloji fayda yaradan layihələrə yönəldilməsinə kömək edə bilər”, - Mərkəzi Bankın sədri bildirib.
T.Kazımov qeyd edib ki, maliyyələşdirmə imkanlarının şaxələndirilməsi maliyyə axınlarının dayanıqlılığını artıra və maliyyə sisteminin iqtisadi tsiklin müxtəlif mərhələlərində investisiyaları dəstəkləmək imkanlarını gücləndirə bilər.
O, Azərbaycanın bank sektorunda risklərin qiymətləndirilməsi baxımından da irəliləyiş əldə edildiyini bildirib.
“S&P Global Ratings”in Bank Sənayesinin Ölkə Riskinin Qiymətləndirilməsinə (BICRA) əsasən, Azərbaycanın bank sektoru 2023-cü ilin sonunda 9-cu qrupdan 2026-cı ildə 7-ci qrupa yüksəlib. Bu, bank sektorunda risklərin qiymətləndirilməsində əhəmiyyətli yaxşılaşmanı göstərir”, - deyə T.Kazımov vurğulayıb.
Mərkəzi Bankın sədri bildirib ki, tənzimləyici çərçivənin təkmilləşdirilməsi, şəffaflığın artırılması, istehlakçı və investorların hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər beynəlxalq kredit reytinq agentlikləri tərəfindən də qiymətləndirilib.
O əlavə edib ki, bu tədbirlər güclü makroiqtisadi və fiskal göstəricilərlə birlikdə Azərbaycanın maliyyə sektorunun dayanıqlılığının artmasına və investisiya üçün daha güclü əsasın formalaşmasına kömək edib.
“Qlobal maliyyədəki qeyri-müəyyənliklər əməkdaşlığı sadəcə arzuolunan deyil, getdikcə daha zəruri edir. Sektorlar və təşkilatlar arasında daha güclü tərəfdaşlıqlar qurmaqla investisiyaları, iqtisadi artımı və uzunmüddətli iqtisadi rifahı dəstəkləməyə daha yaxşı imkan verən maliyyə ekosistemi yarada bilərik”, - T.Kazımov deyib.
Mərkəzi Bankın sədri qurumun qiymət və maliyyə sabitliyinin qorunması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verilməsi istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.












