Sahil Babayev: 2030-cu ilədək büdcədə neft gəlirlərinin payı 30 faizə endiriləcək | 1news.az | Xəbərlər
Siyasət

Sahil Babayev: 2030-cu ilədək büdcədə neft gəlirlərinin payı 30 faizə endiriləcək

Qafar Ağayev16:48 - Bu gün
Sahil Babayev: 2030-cu ilədək büdcədə neft gəlirlərinin payı 30 faizə endiriləcək

“2030-cu ilədək dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 30 faizə qədər azaldılması nəzərdə tutulur”.

1news.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Beynəlxalq maliyyə sahəsində əməkdaşlıq: iqtisadi artım üçün tərəfdaşlığın gücləndirilməsi” sessiyasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı makroiqtisadi təməllər üzərində inkişaf edir və iqtisadi artımda qeyri-neft sektorunun aparıcı rolu təmin olunur.

“Ortamüddətli fiskal siyasətin əsas istiqamətlərindən biri dövlət maliyyəsinin neft gəlirlərindən asılılığının mərhələli şəkildə azaldılmasıdır. Bu çərçivədə 2030-cu ilədək dövlət büdcəsi gəlirlərində neft gəlirlərinin payının 30 faizə qədər azaldılması nəzərdə tutulur”, - deyə S.Babayev qeyd edib.

O vurğulayıb ki, qayda əsaslı fiskal çərçivə makroiqtisadi sabitliyin əsas dayaqlarından biridir.

“Qeyri-neft kəsirinin davamlı azaldılması və dövlət borcunun ÜDM-ə nisbətinin ortamüddətli dövrdə dayanıqlı səviyyədə saxlanılması hədəflənir. İrihəcmli strateji valyuta ehtiyatları isə Azərbaycanın xarici şoklara qarşı müqavimət imkanlarını gücləndirir”, - nazir bildirib.

S.Babayev əlavə edib ki, güclü fiskal buferlər və makroiqtisadi sabitlik Azərbaycanın beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya səviyyəli suveren kredit reytinqləri almasına imkan verib.

 

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər