AMB sədri: Orta Dəhliz Azərbaycanın beynəlxalq maliyyə imkanlarını genişləndirir
Orta Dəhliz üzrə ticarət axınları müvafiq infrastruktur investisiyaları və logistikanın təkmilləşdirilməsi hesabına 2030-cu ilədək üç dəfə arta bilər.
1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, fərdi iqtisadi dayanıqlılıq qlobal sistemli qeyri-sabitliyin qarşısını almaq üçün artıq kifayət deyil və uzunmüddətli dayanıqlı artım güclü beynəlxalq tərəfdaşlıqlardan asılıdır.
“Əsas prioritetlərdən biri dayanıqlı iqtisadi artımı dəstəkləmək məqsədilə infrastrukturun, sənayenin inkişafının və regional əlaqələrin maliyyələşdirilməsi üçün beynəlxalq kapitalın səfərbər edilməsidir”, - deyə T.Kazımov qeyd edib.
Mərkəzi Bankın sədri Azərbaycanın Orta Dəhlizdə strateji nəqliyyat və logistika mərkəzi kimi mövqeyinin xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayıb.
“Strateji baxımdan Orta Dəhlizdə mühüm nəqliyyat və logistika mərkəzi olan Azərbaycan üçün xarici investisiyalar iqtisadiyyatın daha şaxələndirilmiş inkişaf trayektoriyasının formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”, - deyə o bildirib.
T.Kazımov Dünya Bankının hesablamalarına istinadən qeyd edib ki, müvafiq infrastruktur investisiyaları, logistikanın təkmilləşdirilməsi və əməliyyat səmərəliliyinin artırılması ilə Orta Dəhliz üzrə ticarət axınları 2030-cu ilədək üç dəfə arta, tranzit müddəti isə iki dəfə azala bilər.
“Bu istiqamətdə beynəlxalq tərəfdaşlarımız və maliyyə institutları mühüm rol oynayırlar. Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər beynəlxalq maliyyə institutları maliyyələşdirmə, texniki yardım və institusional əməkdaşlıq vasitəsilə Azərbaycanın inkişaf prioritetlərini dəstəkləməkdə davam edirlər”, - Mərkəzi Bankın sədri bildirib.
Onun sözlərinə görə, beynəlxalq maliyyə əməkdaşlığı yalnız maliyyə vəsaitlərinin təqdim edilməsindən ibarət deyil.
“Uğurlu beynəlxalq maliyyə əməkdaşlığı sadəcə maliyyə vəsaitlərinin təqdim edilməsindən ibarət deyil. Söhbət uzunmüddətli iqtisadi dəyər yaradan tərəfdaşlıqların qurulmasından gedir”, - deyə T.Kazımov vurğulayıb.
O qeyd edib ki, kapitalın cəlb edilməsi investorların riskləri necə qiymətləndirməsindən, həmçinin onların əldə etdiyi məlumatların keyfiyyəti və şəffaflığından asılıdır.
“Azərbaycan iki böyük reytinq agentliyindən investisiya səviyyəli suveren kredit reytinqinə malikdir: “Fitch Ratings” tərəfindən BBB-, “Moody’s” tərəfindən isə Baa3. Güclü makroiqtisadi təməllərimiz və maliyyə sabitliyimizlə yanaşı, bu reytinqlər investorların etimadının formalaşması üçün mühüm əsas yaradır”, - Mərkəzi Bankın sədri bildirib.
T.Kazımov əlavə edib ki, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi investisiya, iqtisadi artım və uzunmüddətli iqtisadi rifahı dəstəkləyən daha dayanıqlı maliyyə ekosisteminin formalaşdırılmasına imkan verir.












