“Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı oldu” - ŞƏRH
“Xəzər regionunun enerji resursları bir çox dövlətlərin ziddiyyətli maraqlarının mürəkkəb düyününün mərkəzində dayandığı üçün Azərbaycan müstəqilliyin əsas elementi olan iqtisadi müstəqilliyin bünövrəsi üzərində işləmək məcburiyyətində qaldı”.
Bunu 1news.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva deyib.
“Belə çətin, həlledici şəraitdə xalqın çağırışı ilə yenidən ölkəmizə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev ilk gündən “Siyasət və iqtisadiyyat bir-birini tamamlayır” prinsipi və “Neft xalqımızın milli sərvətidir” konsepsiyası ilə Azərbaycanın daxili və xarici siyasətinin vektorlarını müəyyən etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışının 33-cü ildönümü kontekstində həmin dövrə nəzər saldıqda, aydın görünür ki, qarşıda duran məsələ yalnız ölkəni mövcud sosial-iqtisadi və siyasi böhrandan çıxarmaq deyildi. Əsas məsələ müstəqil Azərbaycanın uzunmüddətli dövlətçilik modelinin formalaşdırılması, siyasi sabitliyin təmin edilməsi, iqtisadi müstəqilliyin əsaslarının yaradılması və ölkənin beynəlxalq münasibətlər sistemində öz milli maraqları ilə çıxış edə biləcək imkanlara sahib olması idi. Məhz bu baxımdan 1994-cü ildə Azərbaycan neftinin işlənməsinin sürətləndirilməsi istiqamətində atılan addımlar və “Əsrin müqaviləsi”nin imzalanması yalnız iqtisadi qərar kimi qiymətləndirilə bilməz. Bu, Azərbaycanın müstəqilliyinin ilk illərində qarşısında dayanan siyasi və iqtisadi çağırışlara verilən strateji cavab idi. Neft və qaz hasilatının artırılması, xarici kapitalın ölkəyə cəlb edilməsi və Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə paralel ölkənin siyasi çəkisinin və iqtisadi manevr imkanlarının genişləndirilməsi də təmin olunurdu. Mənim fikrimcə, Heydər Əliyevin neft strategiyasının əsas mahiyyəti məhz burada idi: təbii resursu sadəcə iqtisadi gəlir mənbəyinə deyil, dövlətin uzunmüddətli inkişafını təmin edən strateji resursa çevirmək. Azərbaycan Xəzər dənizinin enerji potensialından istifadə etməklə yalnız öz iqtisadiyyatını inkişaf etdirmədi, eyni zamanda regional enerji xəritəsinin formalaşmasında mühüm rol oynayan dövlətlərdən birinə çevrildi. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, daha sonra isə “Şahdəniz” və Cənub Qaz Dəhlizi kimi layihələr bu strategiyanın müxtəlif mərhələlərdə davam etdirilməsinin nəticəsi oldu”.
“Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs yalnız enerji sektorunun inkişafı ilə məhdudlaşmırdı”, - deyə Y.Hacıyeva fikirlərinə davam edib.
“Onun hakimiyyətə qayıdışından sonra dövlət institutlarının möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması, yeni hüquqi bazanın formalaşdırılması, bazar iqtisadiyyatına keçidin sürətləndirilməsi və Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyası paralel proseslər kimi həyata keçirilirdi. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi də məhz dövlət quruculuğunun yeni mərhələsinin hüquqi əsaslarını müəyyən edən mühüm addımlardan biri oldu. Bu modelin əsas xüsusiyyəti ondan ibarət idi ki, siyasi sabitlik və iqtisadi inkişaf bir-birindən ayrı götürülmürdü. Çünki iqtisadi müstəqilliyi olmayan dövlətin siyasi müstəqilliyinin də dayanıqlılığı məhdud olur. Eyni zamanda siyasi sabitlik təmin edilmədən iqtisadi inkişaf üçün uzunmüddətli və etibarlı mühit yaratmaq mümkün deyil. Heydər Əliyevin müəyyən etdiyi strategiyada bu iki istiqamət bir-birini tamamlayan vahid dövlət siyasətinin tərkib hissələri kimi formalaşdı. Müstəqilliyin ilk illərində əsası qoyulan, daha çox maliyyə-iqtisadi müstəqillik kimi xarakterizə olunan bu iqtisadi inkişaf modeli sonrakı mərhələlərdə daha geniş məzmun qazandı. Neft gəlirlərinin idarə olunması, infrastrukturun yenilənməsi, regionların inkişafı, sosial layihələrin genişləndirilməsi, qeyri-neft sektorunun inkişafına yönələn siyasət və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrinin genişləndirilməsi həmin ilkin modelin sonrakı mərhələlərdə davam etdirilməsinin müxtəlif istiqamətləri oldu. Məhz burada Heydər Əliyevin siyasi kursunun davamlılığı məsələsi xüsusi əhəmiyyət daşıyır. Çünki 1990-cı illərin ortalarında Azərbaycanın qarşısında duran əsas vəzifələr ilə sonrakı onilliklərdə qarşıya çıxan vəzifələr eyni deyildi. Şərait dəyişirdi, regional və qlobal iqtisadi münasibətlər dəyişirdi, Azərbaycanın qarşısında yeni imkanlar və yeni çağırışlar yaranırdı. Lakin dövlətin siyasi və iqtisadi müstəqilliyinin qorunması, milli maraqların əsas götürülməsi, enerji və iqtisadi potensialdan dövlətin uzunmüddətli inkişafı üçün istifadə edilməsi xətti öz mahiyyətini qoruyurdu”.
Enerji siyasətinin yeni mərhələyə keçməsi və strateji xəttin inkişafı haqqında danışan Y.Hacıyeva deyib ki, sonrakı illərdə Azərbaycanın enerji siyasətinin yeni mərhələyə keçməsi, qaz ixracının genişləndirilməsi, Cənub Qaz Dəhlizinin reallaşdırılması, nəqliyyat və logistika imkanlarının artırılması, regional iqtisadi layihələrdə Azərbaycanın rolunun genişlənməsi məhz bu baxımdan əvvəlki strategiyanın yeni reallıqlara uyğun davamı kimi qiymətləndirilə bilər. Yəni söhbət yalnız bir dövrdə qəbul edilmiş qərarların təkrarlanmasından deyil, əsası qoyulmuş strateji xəttin dəyişən şəraitə uyğun şəkildə inkişaf etdirilməsindən gedir. Azərbaycanın bugünkü iqtisadi və siyasi imkanlarını yalnız son illərin nəticəsi kimi qiymətləndirmək də düzgün olmazdı. Bu nəticələrin arxasında müstəqilliyin ilk illərində qəbul edilmiş və uzunmüddətli perspektivə hesablanmış qərarlar dayanır. Həmin qərarların əhəmiyyəti də məhz zaman keçdikcə daha aydın görünür. Çünki strateji dövlət siyasətinin nəticəsi yalnız qərarın qəbul edildiyi gün deyil, onilliklər sonra yaratdığı imkanlarla ölçülür. Bu baxımdan Heydər Əliyevin hakimiyyətə qayıdışının 33-cü ildönümü Azərbaycanın son 33 illik inkişafına nəzər salmaq üçün mühüm siyasi tarixdir. 1993-cü ildə əsas məsələ dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi və ölkənin böhrandan çıxarılması idisə, sonrakı mərhələdə həmin siyasi sabitlik iqtisadi imkanların genişləndirilməsi, iqtisadi imkanlar isə Azərbaycanın regional və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün istifadə edildi. Mən hesab edirəm ki, Heydər Əliyevin qoyduğu siyasi-iqtisadi modelin ən mühüm xüsusiyyətlərindən biri də məhz bu ardıcıllıqdır: əvvəlcə dövlətin siyasi dayaqlarının möhkəmləndirilməsi, paralel olaraq iqtisadi müstəqilliyin təmin edilməsi, daha sonra isə əldə olunan iqtisadi və siyasi imkanların ölkənin regional və beynəlxalq mövqelərinin gücləndirilməsinə yönəldilməsi”.
Dövlətçilik xəttinin uzunmüddətli təsirlərindən bəhs edən Y. Hacıyeva diqqətə çatdırıb ki, bu mənada 1993-cü ildə başlanan proses yalnız bir hakimiyyət dövrünün siyasi nəticələri ilə məhdudlaşmır.
"Bu proses Azərbaycanın müstəqil dövlət kimi inkişafının əsas istiqamətlərini müəyyən edən uzunmüddətli siyasi xəttin formalaşması ilə nəticələndi. Sonrakı illərdə əldə olunan siyasi, iqtisadi və enerji uğurlarının bir hissəsi də məhz həmin xəttin davam etdirilməsi və dəyişən regional-geosiyasi reallıqlara uyğunlaşdırılması üzərində quruldu. Ona görə də Heydər Əliyevin hakimiyyətə qayıdışının 33-cü ildönümünü yalnız tarixi hadisənin ildönümü kimi deyil, Azərbaycanın son 33 ildə keçdiyi dövlət quruculuğu, iqtisadi müstəqillik və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi yolunun başlanğıc nöqtələrindən birini xatırladan tarix kimi qiymətləndirmək olar”.












