Səudiyyə Ərəbistanında iki hava limanının hədəfə alındığı bildirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Səudiyyə Ərəbistanında iki hava limanının hədəfə alındığı bildirilib

Qafar Ağayev12:14 - Bu gün
Səudiyyə Ərəbistanında iki hava limanının hədəfə alındığı bildirilib

Səudiyyə Ərəbistanının Cizan şəhərində yerləşən Kral Abdullah bin Əbdüləziz Beynəlxalq Hava Limanı və Nəcran Beynəlxalq Hava Limanının hədəfə alındığı bildirilib.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, son günlər Yəməndə husilərlə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri arasında döyüşlər intensivləşib.

Yəmən ordusu bazar ertəsi ölkənin Qırmızı dənizə açılan sahillərinə nəzarəti ələ keçirmək məqsədilə genişmiqyaslı hərbi əməliyyata başlayıb. Husilər isə Yəmən hökumətinin nəzarətində olan Taiz şəhərini mühasirəyə aldıqlarını iddia ediblər.

Yəmən ordusu husilərə qarşı “Yəmən şəfəqi” əməliyyatına başlayıb

Yəmən ordusunun tərkibindəki “Taiz Hərbi Oxu”ndan verilən açıqlamada bildirilib ki, ordu xalq müqavimət qüvvələrinin dəstəyi ilə “Yəmən şəfəqi” əməliyyatı çərçivəsində bir neçə cəbhədə hücumlar həyata keçirib.

Yəmən ordusu ölkənin cənub-qərbində yerləşən Taiz vilayətində keçirilən əməliyyatın ilk günündə 100 husinin öldürüldüyünü və 5 pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Bildirilib ki, əməliyyatın ilk günü Taizin şimalındakı Ərbəin, cənubundakı Əl-Əkrud, qərbindəki Əl-Ənin və Cəbəl Həbşi, həmçinin Əl-Kədhə cəbhəsinin ətrafındakı Əl-Birin bölgələrində 5 hücum həyata keçirilib.

Hücumlar zamanı 6 hərbi texnikanın məhv edildiyi və ya sıradan çıxarıldığı, həmçinin bir tankın vurulduğu qeyd olunub.

Husilər Səudiyyə Ərəbistanındakı hava limanını vurduqlarını iddia edib

Husilərin hərbi sözçüsü Yəhya Səri sosial şəbəkə hesabında verdiyi açıqlamada Səudiyyə Ərəbistanına qarşı bir sıra hücumlar həyata keçirdiklərini bildirib.

O, paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanının vurulduğunu və bunun nəticəsində hava nəqliyyatında fasilələrin yarandığını iddia edib.

Səudiyyə Ərəbistanı husilərə qarşı hava dəstəyi göstərir

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Türki əl-Maliki əməliyyata 100 hərbi təyyarənin cəlb edildiyini açıqlayıb.

Onun sözlərinə görə, əməliyyat başlayandan bəri 324 “yüksək dəyərli” hədəf məhv edilib.

Koalisiya həmçinin Yəmən Silahlı Qüvvələrinin quruda həyata keçirdiyi əməliyyatlara 24 saat ərzində hava dəstəyi göstərildiyini və Babülməndəb boğazının havadan qorunduğunu bildirib.

Yəmən hökumətini dəstəkləyən qüvvələr isə Babülməndəb ətrafındakı Zubab rayonuna və bir sıra strateji məntəqələrə nəzarəti ələ keçirdiklərini açıqlayıblar.

Husilər isə hökumət qüvvələrinin bölgədə əldə etdiyi uğurları təkzib edərək toqquşmaların davam etdiyini bildiriblər.

Paylaş:
63

Son xəbərlər

Bütün xəbərlər