“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Qafar Ağayev12:45 - Bu gün
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

“Rəqəmsal məktəb” platforması 2026–2027-ci tədris ilindən etibarən daha 194 məktəbdə tətbiq olunacaq.

1news.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yeni tədris ilindən etibarən platformadan Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəbdə istifadə ediləcək.

Beləliklə, Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarında da “Rəqəmsal məktəb” platformasından istifadə edən məktəblərin sayı genişləndiriləcək.

Layihənin əsas məqsədi təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəetməsində müasir texnologiyalardan istifadə imkanlarını genişləndirmək, şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında qarşılıqlı əlaqəni daha çevik və səmərəli şəkildə təmin etməkdir.

Platformanın genişləndirilməsi ilə müəllimlər üçün tədris prosesinin idarə olunmasında yeni rəqəmsal imkanlar yaradılacaq. Müəllimlər dərs jurnallarını elektron qaydada aparacaq, kağız daşıyıcılardan istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması təmin ediləcək.

Bununla yanaşı, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərə çıxış əldə edəcəklər. Bu imkanların müəllimlərin gündəlik fəaliyyətinin optimallaşdırılmasına, tədris prosesində müasir texnologiyalardan daha səmərəli istifadəyə və təhsilin fərdiləşdirilməsi imkanlarının genişləndirilməsinə xidmət etməsi nəzərdə tutulur.

Şagirdlər platforma vasitəsilə müxtəlif tədris resurslarına çıxış əldə edəcək, gündəlik dərs cədvəlləri ilə tanış olacaq və qiymətlərini elektron qaydada izləyə biləcəklər.

Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladlarının davamiyyəti, qiymətləri və nizam-intizam göstəriciləri barədə məlumat əldə edə biləcəklər.

Qeyd olunub ki, “Rəqəmsal məktəb” platforması vasitəsilə təhsil prosesinin müxtəlif istiqamətlərinin vahid rəqəmsal mühitdə təşkili, təhsil iştirakçıları üçün məlumat və xidmətlərə çıxışın asanlaşdırılması, məktəblərdə idarəetmə və kommunikasiya imkanlarının təkmilləşdirilməsi hədəflənir.

Platformanın yeni regionlarda tətbiqi ilə daha çox məktəbin və təhsil iştirakçısının rəqəmsal həllərdən yararlanması, rəqəmsal təhsil imkanlarının ölkə üzrə mərhələli şəkildə genişləndirilməsi və vahid rəqəmsal təhsil ekosisteminin formalaşdırılması istiqamətində növbəti addımın atılması nəzərdə tutulur.

Paylaş:
73

Son xəbərlər

Bütün xəbərlər