Əli Nağıyev: Azərbaycanda hərbi təcavüz nəticəsində 4010 nəfər itkin şəxs kimi qeydiyyatdadır | 1news.az | Xəbərlər
Rəsmi

Əli Nağıyev: Azərbaycanda hərbi təcavüz nəticəsində 4010 nəfər itkin şəxs kimi qeydiyyatdadır

Qafar Ağayev10:16 - Bu gün
Əli Nağıyev: Azərbaycanda hərbi təcavüz nəticəsində 4010 nəfər itkin şəxs kimi qeydiyyatdadır

“Azərbaycanda hərbi təcavüz nəticəsində 4010 nəfər itkin şəxs kimi qeydiyyatdadır”.

1news.az xəbər verir ki, bunu Azərbaycanda keçirilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev deyib.

O bildirib ki, 1 oktyabr 2026-cı il tarixinə Dövlət Komissiyasında qeydiyyatda olan itkin şəxslərdən 4004 nəfəri birinci Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ilin 44 günlük Vətən müharibəsində itkin düşüb.

Əli Nağıyevin sözlərinə görə, itkin düşənlərin 3228 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir:

“Mülki şəxslər arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs var. Bu rəqəmlər faciənin miqyasını göstərir. Bizim vəzifəmiz isə hər bir insanın taleyinə aydınlıq gətirməkdir”.

O qeyd edib ki, Vətən müharibəsində qazanılmış tarixi zəfər və 2023-cü ilin antiterror tədbirlərinin nəticəsində suverenliyin tam bərpası itkin şəxslərin axtarışları üçün yeni imkanlar yaradıb.

“Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə məzarların müəyyənləşdirilməsi, qazıntı, eksqumasiya və qalıqların eyniləşdirilməsi işlərini genişləndirib”, - deyə Ə.Nagıyev bildirib.

 

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər