CIA-da kibertəhlükəsizlik pozuntusu baş verib, bəzi məlumatlar sızıb

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sistemlərində kibertəhlükəsizlik pozuntusu aşkarlanıb və nəticədə bəzi məxfi olmayan məlumatların sızması baş verib.
1news.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti hadisə ilə bağlı məlumatlı mənbələrə istinadən yazıb.
Mənbələrin bildirdiyinə görə, təhlükəsizlik pozuntusu həm CIA-nı, həm də Milli Kəşfiyyat Direktorunun Ofisini (ODNI) əhatə edib. İcazəsiz girişlər ictimaiyyətə açıq və məxfi olmayan materiallardan kəşfiyyat baxımından əhəmiyyətli məlumatlar əldə etmək üçün istifadə olunan açıq mənbəli kəşfiyyat sistemində baş verib.
Məlumatların hansı hissəsinin sızdığı barədə ətraflı açıqlama verilməsə də, mənbələr hücum nəticəsində məxfi məlumatların təhlükə altına düşmədiyini bildiriblər.
Onlar həmçinin kəşfiyyat sisteminin digər qurumlarının da bu hücumdan təsirlənmiş ola biləcəyini istisna etməyiblər.
Açıq mənbəli kəşfiyyat kommersiya məqsədilə əldə edilə bilən müxtəlif məlumatları, sosial media məzmununu, peyk görüntülərini və digər onlayn materialları əhatə edir.
Qeyd edək ki, son dövrlərdə ABŞ-də bir sıra iri bankların, Milli Təhlükəsizlik Agentliyinin (NSA) və Milli Aeronavtika və Kosmik Administrasiyanın (NASA) sistemlərində də fasilələr yaranıb. Donald Tramp administrasiyası isə bu hadisələrin bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı insidentlər olduğunu və ictimaiyyətin narahatlıq keçirməsinə əsas olmadığını açıqlayıb.
Gəmilərə kiberhücumlarla bağlı iddia
Amerika mətbuatında gəmilərə qarşı kiberhücumlarla bağlı başqa bir iddia da gündəmə gəlib.
1news.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, indiyədək dünya üzrə təxminən 50 gəmi hücumların hədəfi olub.
Vaşinqton hücumların arxasında İranın dayandığını düşünür, lakin bu iddia hələ təsdiqlənməyib.
Hakerlər gəmilərə onların partladılacağı ilə bağlı xəbərdarlıqlar və bomba təhdidləri göndəriblər. Bəzi ekspertlər hücumların arxasında Rusiyanın da ola biləcəyini ehtimal edirlər.
İranın dəniz nəqliyyatı şirkətləri arasında qorxu yaratmaq, strateji əhəmiyyətli dəniz ticarət yollarını pozmaq və ya Yaxın Şərqdən uzaqda yerləşən iri limanlardan birində partlayış törətmək məqsədi güdülə biləcəyindən narahatlıq ifadə olunur.
WSJ-nin məlumatına görə, hakerlər bəzi gəmilərə göndərdikləri mesajlarda onların Səudiyyə Ərəbistanı neftini ABŞ limanlarına "qanunsuz" daşıdığını, həmçinin ABŞ və İsrailin "mütəşəkkil cinayətlərinə şərik olduğunu" iddia ediblər.
Mesajlarda, həmçinin "Xain gəmilər cəhənnəmdə yanacaq", "Atəşkəs yoxdur" və "Sizi dünyanın hər yerində ovlayacağıq" kimi ifadələr yer alıb.











