Fariz Rzayev: Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını təhvil verib | 1news.az | Xəbərlər
Rəsmi

Fariz Rzayev: Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını təhvil verib

Qafar Ağayev10:23 - Bu gün
Fariz Rzayev: Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını təhvil verib

“Azərbaycan 2 mindən çox erməni hərbçinin qalıqlarını Ermənistana təhvil verib”.

1news.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

O bildirib ki, Azərbaycan 2020-ci ilin noyabrından etibarən təhlükəsizlik və mina təhlükəsinə baxmayaraq axtarışlar həyata keçirib.

“Bunun nəticəsində 2 mindən çox erməni hərbçinin qalıqları Ermənistan tərəfinə təhvil verilib. Bu, bizim məsuliyyətli humanitar yanaşmaya və münaqişə zamanı həlak olan bütün şəxslərə ləyaqətlə yanaşmağa sadiqliyimizi göstərir”, – deyə Fariz Rzayev bildirib.

Nazir müavini qeyd edib ki, Birinci və İkinci Qarabağ müharibələrindən sonra 4 mindən çox Azərbaycan vətəndaşı itkin düşüb.

“Minlərlə ailə üçün bu qeyri-müəyyənlik illərlə, hətta onilliklərlə davam edib. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bir sıra dəfn yerləri müəyyənləşdirilib, insan qalıqları tədqiq edilərək şəxsiyyətləri müəyyənləşdirilib və onlar ləyaqətlə dəfn olunublar. Bununla belə, itkinlərin böyük əksəriyyətinin taleyi hələ də məlum deyil”, – deyə o vurğulayıb.

Fariz Rzayev mina və partlamamış hərbi sursatların sahə işlərini təhlükəli etməkdə davam etdiyini bildirib.

Onun sözlərinə görə, beynəlxalq humanitar hüquq itkin şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün tərəflərin üzərinə öhdəliklər qoyur.

“Ailələrin yaxınlarının taleyini bilmək hüququ xoşməramlılıq əsasında göstərilən könüllü bir jest deyil. Araşdırma aparmaq və cavab vermək öhdəliyi hərbi əməliyyatlar başa çatdıqdan uzun müddət sonra da qüvvədə qalır”, – deyə nazir müavini əlavə edib.

 

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər