1news.az Moskvada keçirilən “Mədəniyyət. Media. Rəqəmsal” tədbirində Azərbaycanı təmsil edib

Noyabrın 19-20-də Moskvada, “Moskino” kinofabrikinin ərazisində 30 ölkədən media sənayesi, kino, kreativ sənayelər və rəqəmsal texnologiyalar sahələrinin nümayəndələrini bir araya gətirən “Mədəniyyət. Media. Rəqəmsal” adlı beynəlxalq tədbir keçirilib.
Tədbirdə Azərbaycanı 1news.az xəbər portalının baş redaktoru Kəmalə Məmmədova təmsil edib.
Tədbirin işgüzar proqramı çərçivəsində Kəmalə Məmmədova “Kimləri oxumalı? KİV, kvazimedia və etimadın yeni xəritəsi” adlı panel müzakirəsində spiker qismində çıxış edib. Sessiyada media istehlakının transformasiyası, auditoriyanın diqqəti uğrunda rəqabət və rəqəmsal mühitdə ənənəvi kütləvi informasiya vasitələrinin rolunun dəyişməsi məsələləri müzakirə olunub.
Müzakirə iştirakçıları informasiya mənbələrinin və auditoriyanın etimad meyarlarının necə dəyişdiyini, baxış və əhatə göstəricilərinin yüksək olmasının nə üçün artıq hər zaman oxucuların real sədaqətini əks etdirmədiyini, eləcə də medianın auditoriyası ilə birbaşa əlaqəsini qoruyub saxlamağa imkan verən kontent yayımı strategiyalarını müzakirə ediblər.
Çıxışı zamanı 1news.az-ın baş redaktoru Azərbaycan media bazarının təcrübəsini bölüşüb, auditoriyanın vərdişlərindəki dəyişikliklər, peşəkar medianın bloqerlər və müəllif kanalları ilə rəqabəti, həmçinin rəqəmsal platformaların və alqoritmlərin redaksiyalar qarşısında yaratdığı çağırışlar barədə danışıb.
Müasir medianın əsas resursu kimi etimad məsələsinə xüsusi diqqət yetirilib. Sosial şəbəkələrin informasiya istehlakının əsas kanallarından birinə çevrildiyi şəraitdə peşəkar redaksiyalar yalnız kontentin formatını və yayım üsullarını uyğunlaşdırmaqla kifayətlənməməli, eyni zamanda jurnalistika standartlarını, məlumatların etibarlılığını və öz redaksiya kimliyini qoruyub saxlamalıdırlar.
Tədbirdə ümumilikdə 10 mindən çox insan iştirak edib. Proqram çərçivəsində 230-dan çox spikerin iştirakı ilə 70-dən artıq müzakirə sessiyası təşkil olunub. 80-i xarici olmaqla, 30 ölkənin nümayəndələri süni intellektin media, kino və digər kreativ sənayelərə təsirini, kontent istehsalında yeni texnologiyaları və auditoriya ilə qarşılıqlı əlaqə üsullarını müzakirə ediblər.
Marketinq mütəxəssisi Venera Bakirova da PR sahəsində Azərbaycanın təcrübəsini bölüşüb.
Forumun iştirakçıları arasında Hollivud aktyoru Billi Zeyn və fransalı rejissor Lük Besson da olub. Lük Besson çıxışında, xüsusilə, gənc kinorejissorları böyük büdcə və studiya dəstəyinin olmaması səbəbindən yaradıcı ideyalarının reallaşdırılmasını təxirə salmamağa çağırıb. O, filmlərin müstəqil şəkildə yaradılması və yayılması üçün müasir vasitələrin əlçatan olduğunu vurğulayıb.
“Mədəniyyət. Media. Rəqəmsal” tədbiri 2024-cü ildə başlanmış beynəlxalq sahələrarası dialoqun davamı olub. 2026-cı ildə təşkilatçılar əsas diqqəti praktiki bacarıqlara, peşəkar alətlərə və auditoriya ilə işin yeni yanaşmalarına yönəldiblər.














