Viktor Yuşşenko: Ukraynada itkinlərin sayı yüz minlərlədir | 1news.az | Xəbərlər
Rəsmi

Viktor Yuşşenko: Ukraynada itkinlərin sayı yüz minlərlədir

Qafar Ağayev10:51 - Bu gün
Viktor Yuşşenko: Ukraynada itkinlərin sayı yüz minlərlədir

“Ukraynada itkin düşən şəxslərin, cəbhədə həlak olan və meyitləri təhvil verilməyən hərbçilərin, deportasiya olunan uşaqların və digər itkin kateqoriyalarının sayı yüz minlərlədir”.

1news.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən IV Beynəlxalq Konfransda deyib.

O bildirib ki, Rusiya-Ukrayna müharibəsi hər gün davam edir və münaqişənin miqyası getdikcə genişlənir.

“Bu, şübhəsiz ki, təcavüzkar ölkə ilə müharibədir. Mən xüsusilə vurğulayıram ki, bu, soyqırım müharibəsidir. Biz heç vaxt silahı yerə qoymayacağıq və rusiyalı işğalçıların torpağımızda hökmranlıq etməsinə imkan verməyəcəyik”, - deyə V.Yuşşenko qeyd edib.

Onun sözlərinə görə, müharibənin cəbhə xətti hazırda təxminən 2 300 kilometr təşkil edir.

V.Yuşşenko qeyd edib ki, Ukraynada hər gün mülki əhali arasında itkilər qeydə alınır.

“Biz oyanıb səhər yeməyi yeyənə qədər Ukraynada artıq bu müharibənin qurbanları olur. Hər gün belə qurbanların sayı 10, 17 nəfər olur. Elə bir günümüz yoxdur ki, mülki əhali arasında itkilərimiz olmasın”, - deyə sabiq prezident bildirib.

O əlavə edib ki, son bir ay ərzində Rusiya ordusunun 42 minədək geri dönməz itkisi qeydə alınıb.

“Bu rəqəmləri yalnız problemin miqyasını göstərmək üçün səsləndirirəm. Söhbət itkin düşmüş şəxslərdən, cəbhədə həlak olan və meyitləri qarşı tərəfdən təhvil alınmayan hərbçilərdən, deportasiya olunan uşaqlardan və digər itkin kateqoriyalarından gedir. Təəssüf ki, onların sayı on minlərlə deyil, yüz minlərlədir”, - V.Yuşşenko vurğulayıb.

 

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər