Ömər Çelik: Türkiyə ilə Azərbaycan arasına girməyə çalışan bəzi ölkələr var, buna qətiyyən imkan verməyəcəyik
Türkiyə ilə Azərbaycan arasında hər hansı gərginliyin olub-olmaması ilə bağlı sualı cavablandıran Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik iki ölkə arasındakı münasibətlərin qardaşlıq prinsipi üzərində qurulduğunu bildirib.
1news.az xəbər verir ki, Ömər Çelik bu barədə açıqlamasında Azərbaycanla münasibətlərdə “iki dövlət, bir millət” şüarına sadiq olduqlarını deyib.
“Prezidentimizlə cənab Əliyev arasında əsl qardaşlıq münasibətləri var. Aramıza girməyə çalışan bəzi ölkələrə qətiyyən imkan verməyəcəyik. Türkiyədə sosial mediada Azərbaycanı hədəf alan dairələrin hökumətimizlə heç bir əlaqəsi yoxdur. Bunlara da imkan verməyəcəyik. Aramızdakı münasibəti ifadə edən yeganə anlayış qardaşlıqdır. Eyni həmrəyliklə yolumuza davam edəcəyik”, – deyə Ömər Çelik bildirib.












