Yeni Günəşlidə yol təmirinə görə 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakının Yeni Günəşli qəsəbəsində aparılan təmir işləri ilə əlaqədar 20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Yeni Günəşli qəsəbəsinin İlqar Musayev küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edildiyindən qeyd olunan marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunub.
Dəyişikliyə əsasən, 20 nömrəli marşrutun başlanğıc dayanacaq məntəqəsi Yeni Günəşli qəsəbəsinin Surxay Noçuyev küçəsinə, 55 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Qaraçuxur qəsəbəsinin Etibar Bəkirli küçəsinə dəyişdirilib.
104 nömrəli marşrutun hərəkəti isə 52-ci Qaraçuxur və Hatəm Allahverdiyev küçələri, Zığ şosesi və Gəncə prospekti ilə, daha sonra mövcud hərəkət sxemi üzrə təşkil edilib.












