Digər dillərdə təhsil alan şagirdlərə Azərbaycan dilinin tədrisi: Dünya təcrübəsi və ekspert rəyi | 1news.az | Xəbərlər
Mövqe

Digər dillərdə təhsil alan şagirdlərə Azərbaycan dilinin tədrisi: Dünya təcrübəsi və ekspert rəyi

1news Redaksiyası15:38 - Bu gün
Digər dillərdə təhsil alan şagirdlərə Azərbaycan dilinin tədrisi: Dünya təcrübəsi və ekspert rəyi

Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dilinin və Azərbaycan tarixinin dövlət dilində tədrisi məsələsi ilk vaxtlar geniş müzakirələrə səbəb olsa da, sonradan bu addımın vacibliyi cəmiyyətdə daha aydın dərk edildi.

Çünki Azərbaycanda təhsil alan hər bir şagird, ilk növbədə, dövlət dilini mükəmməl bilməli, ölkənin tarixini də məhz bu dildə öyrənməlidir.

Bu istiqamətdə atılan addımlardan biri də 2026–2027-ci tədris ilindən etibarən digər dillərdə tədris aparılan məktəblərdə “Azərbaycan dili – dövlət dili kimi” fənninə ayrılan həftəlik dərs saatlarının artırılmasıdır. Belə ki, I–IX siniflərdə dərs saatlarının sayı 3-dən 4-ə, X–XI siniflərdə isə 2-dən 3-ə çatdırılıb.

Elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bildirib ki, yeni tədris ilindən tətbiq edilən dəyişikliklər şagirdlərin Azərbaycan dili üzrə bilik və bacarıqlarının inkişafına xidmət edir. Hazırda sözügedən siniflərdə təxminən 150 min şagird təhsil alır.

Nazirin sözlərinə görə, 2021-ci ildən etibarən I–IX siniflərdə “Azərbaycan dili – dövlət dili kimi” fənni üzrə həftəlik dərs saatlarının ümumi sayı 22-dən 31-ə yüksəlib. Yeni tədris ilində hər sinif üzrə əlavə bir saatın ayrılması ilə bu göstəricinin 42-yə çatdırılması nəzərdə tutulur.

Dəyişikliyin əsas məqsədi şagirdlərin dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək, eləcə də onların növbəti təhsil pilləsində və gələcək peşə fəaliyyətində dövlət dilindən səmərəli istifadə imkanlarını genişləndirməkdir.

Bununla yanaşı, “Azərbaycan tarixi” fənni V–VII siniflərdə, “Zəfər tarixi” IX sinifdə, “Çağırışaqədərki hazırlıq” fənni isə X–XI siniflərdə Azərbaycan dilində tədris olunacaq.

Bütün bu dəyişikliklərə baxmayaraq, valideynlər dövlət dilinin daha yaxşı mənimsənilməsi üçün ayrılan dərs saatlarının artırılmasını vacib hesab edirlər.

1news.az bununla bağlı övladları rus bölməsində təhsil alan bir neçə valideynlə söhbətləşib.

Valideynlərin fikrincə, dövlət dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması müsbət addımdır. Bununla belə, onların qənaətinə görə, mövcud dəyişikliklər şagirdlərin Azərbaycan dilini yüksək səviyyədə mənimsəməsi, bu dildə sərbəst danışması, yazması və fikirlərini rahat ifadə etməsi üçün yetərli olmaya bilər. Bu baxımdan, dövlət dilinin tədrisinə daha çox vaxt ayrılması və tədris prosesinin daha da təkmilləşdirilməsi vacib hesab olunur.

Onların sözlərinə görə, tədrisi rus dilində aparılan məktəblərdə təhsil alan şagirdlər Azərbaycan dilində keçirilən dərslərin mənimsənilməsi zamanı müəyyən çətinliklərlə üzləşirlər. Xüsusilə gündəlik ünsiyyətdə Azərbaycan dilindən kifayət qədər istifadə etməyən uşaqların dərslikləri anlamaq, mövzuları mənimsəmək və fikirlərini dövlət dilində ifadə etmək imkanları məhdudlaşa bilir.

Valideynlər hesab edirlər ki, bu problemin həlli yalnız dərs saatlarının artırılması ilə məhdudlaşmamalıdır. Şagirdlərin Azərbaycan dilində danışıq və yazı vərdişlərinin inkişaf etdirilməsi, gündəlik ünsiyyətdə bu dildən istifadəyə təşviq olunması, eləcə də dərslərin daha praktik və interaktiv üsullarla təşkili də diqqətdə saxlanılmalıdır. Onların fikrincə, əsas məqsəd uşaqların Azərbaycan dilini sadəcə məktəb proqramı çərçivəsində öyrənməsi deyil, bu dildə sərbəst ünsiyyət qurmaq və öz fikirlərini ifadə etmək bacarığına yiyələnməsidir.

Bəs digər ölkələrdə oxşar məsələlər necə həll olunur?

Xarici təcrübə göstərir ki, dövlət dilinin tədrisinin genişləndirilməsi ilə yanaşı, müəllim hazırlığı, uyğun tədris metodikası və gündəlik ünsiyyətdə dil mühitinin formalaşdırılması da mühüm əhəmiyyət daşıyır.

Estoniya: Rusdilli məktəblərin eston dilinə keçidi

Estoniya rusdilli məktəblərdə tədrisin eston dilinə keçirilməsi istiqamətində islahatlara başlayıb. 2024-cü ilin sentyabrından etibarən tətbiq olunan keçid uşaq bağçalarını, eləcə də birinci və dördüncü sinifləri əhatə edib. İslahatın 2030-cu ilədək mərhələli şəkildə tamamlanması nəzərdə tutulur.

Hökumətin hesablamalarına görə, dəyişikliklər 31 mindən çox şagirdə və eston dili üzrə müəyyən edilmiş tələblərə cavab verməyən 2 mindən çox müəllimə təsir göstərir. İslahatın ilk dörd ili üçün təxminən 300 milyon avro vəsait ayrılması planlaşdırılıb.

Fransanın AFP agentliyinə danışan Narva sakinləri keçidin ilk həftələrinin çətin keçdiyini bildiriblər. Bəzi siyasətçilər də islahatın kifayət qədər düşünülmədən həyata keçirildiyini qeyd ediblər.

Estoniya təcrübəsi göstərir ki, tədris dilinin dəyişdirilməsi yalnız şagirdlərin yeni dilə uyğunlaşması ilə məhdudlaşmır. Müəllimlərin dil hazırlığı, tədris materiallarının uyğunlaşdırılması və keçid dövründə şagirdlərə göstərilən dəstək də prosesin əsas məsələlərindəndir.

Gürcüstan: “1+4” proqramı nə vəd edir?

Gürcüstanda azərbaycandilli məktəblərin məzunlarının ali təhsilə çıxış imkanlarını genişləndirmək məqsədilə 2010-cu ildən “1+4” proqramı tətbiq olunur. Proqram çərçivəsində tələbələr universitetdə əsas təhsillərinə başlamazdan əvvəl bir il gürcü dili hazırlığı keçirlər.

Proqram azərbaycandilli gənclərin Gürcüstan universitetlərində təhsil almasına imkan yaratsa da, onun effektivliyi ilə bağlı müzakirələr davam edir. Tədqiqatçılar birillik hazırlıq müddətinin dili tam mənimsəmək üçün yetərli olmaya biləcəyini vurğulayırlar. Tənqidçilər isə azlıq məktəblərində ixtisaslı gürcü dili müəllimlərinin çatışmazlığını əsas problemlərdən biri hesab edirlər.

Bu nümunə dil öyrənməyin yalnız müəyyən müddət ərzində dərs keçməklə məhdudlaşmadığını göstərir. Şagirdin dili gündəlik ünsiyyətdə istifadə etməsi, keyfiyyətli tədris materiallarına çıxışı və müəllimin peşəkarlığı da nəticəyə təsir edir.

Dərs saatlarının artırılması kifayət edəcəkmi?

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova deyib ki, bu məsələyə yalnız ayrı-ayrı fənlərin tədris dili kontekstində yanaşmaq doğru olmaz.

“Burada, əslində, şagirdin Azərbaycan cəmiyyətinə, onun tarixinə, mədəniyyətinə və milli dəyərlər sisteminə inteqrasiyası baxımından mühüm bir məqamdan söhbət gedir. Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, tarixi şüurun və mədəni kimliyin əsas daşıyıcılarından biridir.

Məktəblərdə tədrisi digər dillərdə aparılan bölmələrdə Azərbaycan dili və tarix fənlərinin Azərbaycan dilində tədris olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xüsusilə tarix fənninin Azərbaycan dilində öyrənilməsi şagirdin ölkənin tarixini yalnız faktlar və xronoloji ardıcıllıq kimi deyil, həmin hadisələrin milli və ictimai məzmununu dərk edərək öyrənməsinə imkan yaradır. Azərbaycan dilinin isə ayrıca fənn kimi öyrənilməsi ilə yanaşı, digər fundamental fənlərlə paralel şəkildə istifadə olunması şagirdin dil mühitini genişləndirir, onun Azərbaycan dilində düşünmək, dinləmək, oxumaq və fikrini ifadə etmək bacarıqlarının inkişafına xidmət edir”.

Pərvinə Qədimova

“Təbii ki, fərqli bölmələrdə təhsil alan bütün şagirdlərin dil səviyyəsi eyni deyil” – deyə P.Qədimova əlavə edib:

“Azərbaycan dilində gündəlik ünsiyyət imkanları məhdud olan şagird üçün xüsusilə tarix kimi terminoloji və məzmun baxımından zəngin bir fənnin Azərbaycan dilində mənimsənilməsi müəyyən mərhələdə çətinlik yarada bilər. Lakin bu çətinlik yanaşmanın özünün yanlışlığını göstərmir. Əksinə, bu, müəllimin metodikasının, izah üsullarının və şagirdin dil səviyyəsinə uyğun dəstəyin nə qədər vacib olduğunu göstərir. Sadə və aydın dil, vizual materiallar, söz ehtiyatının mərhələli şəkildə inkişaf etdirilməsi, mətnlərlə iş və interaktiv tapşırıqlar bu keçidi daha əlçatan edə bilər.

Mən hesab edirəm ki, burada əsas məqsəd şagirdə əlavə bir dil baryeri yaratmaq yox, Azərbaycan dilini onun üçün təbii öyrənmə və istifadə mühitinə çevirməkdir. Buna görə də Azərbaycan dili və tarix fənlərinin Azərbaycan dilində tədrisi yalnız davam etdirilməsi məsələsi ilə məhdudlaşmamalı, bu prosesin keyfiyyətinin necə yüksəldilməsi üzərində də düşünülməlidir”.

O, bildirib ki, dil məsələsində həssaslıq xüsusilə vacibdir.

“Çünki dil insanın yalnız bildiyi sözlər toplusu deyil; onun məktəblə, cəmiyyətlə, tarixlə və ölkə ilə qurduğu əlaqənin mühüm hissəsidir. Azərbaycan dilinin mövqeyini gücləndirmək digər dillərin öyrənilməsinə və ya fərqli dildə təhsil alan şagirdlərin imkanlarına məhdudiyyət kimi təqdim edilməməlidir. Əksinə, çoxdillilik şagird üçün üstünlükdür və bu üstünlüyün içərisində Azərbaycan dilinin möhkəm mövqeyinin olması mühüm şərtdir.

Bu baxımdan, mövcud yanaşmanın davam etdirilməsini məqsədəuyğun hesab edirəm. Ancaq paralel olaraq, xüsusilə digər dillərdə təhsil alan bölmələrdə Azərbaycan dilində fənn tədrisinin metodiki təminatı, müəllimlərin bu istiqamətdə hazırlığı, terminoloji bazanın şagirdlərin yaş və dil səviyyəsinə uyğunlaşdırılması və öyrənmə çətinliklərinin aradan qaldırılması üçün dəstək mexanizmləri daha da gücləndirilməlidir. Məqsəd sadəcə fənni Azərbaycan dilində keçmək yox, şagirdin həmin fənni Azərbaycan dilində anlaması, mənimsəməsi və bu dildə sərbəst düşünə bilməsidir.

Məncə, uğurun əsas göstəricisi də məhz budur: şagird Azərbaycan dilində dərsi qavrayır, tarixi məzmunu mənimsəyir, öz fikrini ifadə edir və Azərbaycan dilindən yalnız dərs zamanı deyil, həyatının müxtəlif sahələrində inamla istifadə edə bilir”.

Müəllifin son sözü

Bəzən bu məsələ ətrafında cəmiyyətdə emosional və hətta təxribat xarakterli müzakirələr aparılsa da, yanaşmanın mahiyyətini düzgün anlamaq vacibdir. Söhbət şagirdlərin xarici dil öyrənməsinə məhdudiyyət qoyulmasından və ya başqa dillərdə təhsilin əhəmiyyətinin azaldılmasından getmir. Əsas məqsəd Azərbaycanda yaşayan və təhsil alan hər kəsin dövlət dilini yaxşı mənimsəməsini təmin etməkdir. Xarici dilləri bilmək mühüm üstünlükdür və bu, Azərbaycan dilinin öyrənilməsi ilə ziddiyyət təşkil etmir. Əksinə, bir neçə dil bilən, eyni zamanda dövlət dilində sərbəst danışıb yaza bilən şəxsin imkanları daha geniş olur. Buna görə də Azərbaycan dilinin tədrisinin gücləndirilməsinə dil seçimi deyil, dövlət dilinin qorunması və mövqeyinin möhkəmləndirilməsi baxımından yanaşmaq lazımdır.

Azərbaycan dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması dövlət dilinin mənimsənilməsi baxımından mühüm addımdır. Lakin təkcə dərs saatlarının çoxaldılması yüksək nəticəyə zəmanət vermir. Bu prosesdə məktəblərlə yanaşı, valideynlərin də üzərinə məsuliyyət düşür. Şagirdin məktəbdə öyrəndiyi dildə ailə daxilində ünsiyyət qurmaması dil bacarıqlarının inkişafına mane ola bilər. Buna görə də dövlət dilinin mənimsənilməsi həm məktəbdə, həm də ailədə dəstəklənməlidir.

Paylaş:
42

Son xəbərlər

Bütün xəbərlər