Fausto Mazalli: İtaliya şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Fausto Mazalli: İtaliya şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Qafar Ağayev11:18 - Bu gün
Fausto Mazalli: İtaliya şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır

“Azərbaycan İtaliya şirkətləri üçün mühüm investisiya və əməkdaşlıq tərəfdaşıdır”.

1news.az xəbər verir ki, bunu İtaliya Sənaye Konfederasiyasının Kiçik Sənaye üzrə vitse-prezidenti Fausto Mazzali Bakıda keçirilən Azərbaycan-İtaliya Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan İtaliya üçün strateji tərəfdaşdır və iki ölkə arasında iqtisadi-ticarət əlaqələri möhkəm təməllər üzərində qurulub.

"Azərbaycanın enerji infrastrukturu və əlverişli coğrafi mövqeyi onu beynəlxalq ticarət və investisiya marşrutları baxımından mühüm tərəfdaşa çevirir. İtaliya şirkətləri xüsusilə Orta Dəhliz boyunca nəqliyyat, logistika, mühəndislik və infrastruktur layihələrində iştirak etmək üçün geniş imkanlara malikdirlər".

Fausto Mazzali vurğulayıb ki, Azərbaycanla əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmamalı, sənayenin digər istiqamətlərini də əhatə etməlidir.

"İtaliya şirkətləri enerji, bərpaolunan enerji, nəqliyyat infrastrukturu, kritik xammalın emalı, avtomatlaşdırma, robototexnika, süni intellekt və rəqəmsallaşma sahələrində Azərbaycanla əməkdaşlıq edə bilərlər. Xüsusilə kiçik və orta müəssisələrimiz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verə bilər. Bu şirkətlər yalnız məhsul və avadanlıq ixracı deyil, həm də texnologiya, təcrübə və istehsal həllərinin ötürülməsi baxımından əhəmiyyətli potensiala malikdirlər".

O əlavə edib ki, İtaliya tərəfi mövcud əməkdaşlıq imkanlarını konkret investisiya və sənaye layihələrinə çevirmək, iki ölkənin şirkətləri arasında birbaşa əlaqələri genişləndirmək niyyətindədir.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər