Banklar necə sağlamlaşdırılmalıdır? - Vüqar Mirheydərov izah edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Banklar necə sağlamlaşdırılmalıdır? - Vüqar Mirheydərov izah edir

14:50 - 01 / 06 / 2020
Banklar necə sağlamlaşdırılmalıdır? - Vüqar Mirheydərov izah edir

2020-ci ilin may ayı bank sektorunun sağlamlaşdırılması çərçivəsində daha dörd bankın itkisi ilə yadda qalacaqdır.

1news.az xəbər verir ki, bunu Bankların sağlamlaşdırılması və biznes ilə bağlı danışan maliyyə üzrə mütəxəssis Vüqar Mirheydərov deyib.

Vüqar Mirheydərovun şərhini təqdim edirik:

Öncə qeyd etməliyəm ki, ölkəmizdə bank sektorunun inkişafı, kapitallaşma problemlərinin aradan qaldırılması və bu sektorun ölkə iqtisadiyyatında payının artması yönündə əsas götürülmüş institusional, hüquqi islahatlar sektorun dirçəldilməsi, bank-müştəri münasibətlərinin mərhələli şəkildə yeni müstəviyə keçirilməsinə istiqamətlənib. Dörd ay bundan əvvəl maliyyə bazarlarına nəzarət hüququ yenidən Azərbaycan Mərkəzi Bankına qaytarılıb və yeni tənzimləyici öz mövqeyini açıq şəkildə ortaya qoyub. Dörd kommersiya bankının fəaliyyətini dayandırmaq barədə o qədər də populyar olmayan, lakin qaçılmaz bir qərar verilib. Mərkəzi Bankın sədri Elman Rüstəmovun açıqlamalarına görə, bu bankların vəziyyəti həqiqətən acınacaqlı idi, ən az zərər çəkən "NBC Bank"ın məcmu kapitalı (xalis aktivlər) mənfi 23 milyon manat, "Ata Bank"da isə bu göstərici ümumilikdə mənfi 214 milyon manata enmişdi. Bunun necə baş verə biləcəyini başa düşmək üçün maliyyə hesabatı sahəsinə nəzər salaq.

Fakt budur ki, bank tərəfindən verilmiş kreditlər onun aktivlərinin bir hissəsi kimi göstərilir. Bütün maliyyə hesabatlarının istifadəçilərinə məlum olan Aktivlər = Öhdəliklər + Kapital düsturu vasitəsilə kapitalın dəyəri aktivlərin dəyəri ilə sıx bağlıdır. Lakin kreditlərin qaytarılma ehtimalı ciddi şəkildə fərqlənir. Çünki bank heç də verilmiş krediti rahatlıqla geriyə ala bilmir. Bu xüsusilə həmin kreditin verilməsi zamanı bütün risklər nəzərə alınmadığı hallarda baş verir. Ona görə də verilmiş hər bir kredit üçün bank tərəfindən ehtiyat yaradılır və onun yaradılması üzrə xərclər bankın bölüşdürülməmiş mənfəətini, yəni məcmu kapitalını azaldır. Bəs burada problem nədir?

Tənzimləyicinin yaradılmalı olan ehtiyatların miqdarı ilə bağlı kifayət qədər detallı göstərişlərinə baxmayaraq, may ayında bağlanan bankların rəhbərliyi verilən kreditlərin banka qaytarılmaması ehtimalını aşağı qiymətləndirdi və real vəziyyətə göz yummağı üstün tutdu. Bağlanmış banklardan birində - "Ata Bank"da problemli kreditlərin faiz dərəcəsi kredit portfelinin 88 faizini təşkil etmişdir. Bu kreditlərin necə verildiyini yalnız təxmin etmək olar. Bəllidir ki, kredit almaq üçün adi bir müştəri, demək olar ki, bütün nəslinin gəlirləri barədə təsdiqləyici sənədlər gətirməli və bütün daşınar və daşınmaz əmlakını təminat kimi təqdim etməlidir. Bu tapmacanın həllini E.Rüstəmov müsahibələrinin birində açıqlamışdı: kreditlər bankı təmsil edən holdinq şirkətinin digər nümayəndələrinin və ya bankın sahibinin və ya sahiblərinin digər layihələrinə verilmişdir. Nəticədə həmin layihələr icra olunmamış qalmış, vəsaitlər tükənmişdir. Alınan kreditləri isə qaytarmaq mümkün olmayacaq. Beləliklə, məlum olur ki, bağlanan dörd bankın heç birində öhdəlikləri tam ödəmək üçün vəsait çatmır.
Təbii ki, fiziki şəxslərə olan bütün borclar Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödəniləcəkdir. Lakin hüquqi şəxslərin və fərdi sahibkarların əmanətləri ilə bağlı vəziyyət olduqca mürəkkəbdir. Çünki "Əmanətlərin sığortası haqqında" Qanuna görə, Əmanətlərin Sığortalanması Fondu hüquqi şəxslərin və fərdi sahibkarların əmanətləri üçün heç bir məsuliyyət daşımır. Yəni onların pulları qanunla müəyyən edilmiş qaydada – Mülki Məcəllənin 965-ci maddəsində qeyd olunmuş ardıcıllığa uyğun geri qaytarılacaqdır. Beləliklə, bankda çalışanların maaşları, büdcədəki borclar və alınan kreditlərlə bağlı bütün öhdəliklər ödənildikdən sonra növbə hüquqi şəxslərə və fərdi sahibkarlara çatır. Qeyd etdiyim kimi, bu bankların bütün borclarını ödəmək üçün kifayət qədər vəsaiti yoxdur. Hansı borcların ödənilməsində problemlər yaşanacağı təxmin edilir?

Şirkətin hesabının açılması üçün bir bankın seçilməsi tam mənada bir iş qərarı olduğu və sahibkarın bunun üçün məsuliyyət daşımalı olduğu barədə fikir var. Reallıqda isə iş adamının öz qohumunun və ya dostunun işlədiyi banklarda hesab açdırmaq təcrübəsi hələ də mövcuddur. Bundan əlavə, sahibkar bankın maliyyə vəziyyətini təhlil etməyə çalışsa belə, bankın açıqlamaları əsasında onun etibarsızlığı barədə nəticə çıxarmaq üçün kifayət qədər məlumat əldə edə bilmir.

Bütün bunlara baxmayaraq, bank sektorunun sağlamlaşması prosesi davam etdirilməlidir və bununla əlaqədar bir neçə məqamı qeyd etmək istərdim. Məlum olduğu kimi, koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini azaltmaq üçün proqram çərçivəsində, pandemiyadan əziyyət çəkən biznes subyektlərinə kredit və zəmanət dəstəyi verilməsi planlaşdırılıb. Yüz milyonlarla manat pul banklardan keçməlidir və bu vəsaitlərin həqiqi ünvanlara - real biznes sektorunun nümayəndələrinə çatması və vicdansız "dilerlərin" ciblərinə getməməsi çox vacibdir. Digər tərəfdən də bank sektorunun sağlamlaşdırılması prosesinin real iş sektoruna mənfi təsirini minimuma endirmək zəruridir.

Burada nə etmək olar?

Birincisi, "Əmanətlərin sığortası haqqında" Qanuna dəyişikliklərin edilməsinin zəruriliyi çoxdan gündəmdədir. Dövlətin adi fiziki şəxslərin həcmindən və valyutasından asılı olmayaraq əmanətlərin tam qaytarılmasına zəmanət verdiyi bir şəraitdə biznesin bundan məhrum edilməsi cəmiyyətdə sual yarada bilər. Biznes iqtisadiyyatın mühərrikidir və onu qorumaq lazımdır. Fərdi sahibkar üçün hesabında iki və ya üç min manat itkisi işçilərin ödənilməmiş maaşlarına, vaxtında alınmayan mallara, vaxtında ödənilməmiş vergilərə və nəticədə iflasa bərabərdir. Əminəm ki, fiziki şəxslərin sığortalanmış əmanətləri üçün yüksək həddin tətbiqi, hüquqi şəxslərin və fərdi sahibkarların əmanətlərinin ən azı qismən sığortalanması üçün vəsaitləri azad edə bilər. Bu, biznesin bank sisteminə inamına və nağdsız ödənişlərə müsbət təsir göstərəcəkdir.

İkincisi, ölkədə fəaliyyət göstərən banklar haqqında daha əlçatan və effektiv reytinq sistemini təşkil etmək lazımdır. Bəzi saytlarda təklif olunan reytinqlər sadəcə, bankların müxtəlif göstəricilərinin siyahılarıdır. Ən qabaqcıl siyahılara ROA və ya ROE kimi bir neçə sadə göstərici də daxil edilir. Şübhəsiz ki, bu kifayət deyil, biznes təmsilçilərinin sadə, bütün göstəriciləri nəzərə alaraq yekun nəticə çıxaran bir reytinq sisteminə ehtiyacı var. Məsələn, belə:

A – Sistem əhəmiyyətli banklar
B – Güclü banklar
C – Orta Banklar
D – Defolt riski ilə üz-üzə qalan banklar

Sözsüz, reytinq sistemi başqa formada da reallaşdırıla bilər, əsas odur ki, biznes nümayəndələrinin başa düşəcəyi şəkildə olsun. Yalnız həmin reytinqin maliyyə bazarlarına nəzarət edən orqan tərəfindən açıqlandığı və bankın müştərilərlə bağladığı hər bir müqavilədə qeyd olunduğu halda, hesabını təhlükəli bankda açan iş adamı haqqında demək mümkün olacaq ki, bu, tənzimləyicinin deyil, iş adamının öz problemidir.

1news.az

 

Paylaş:
640

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər