Gələn il maaş və pensiyalar artacaq – Vüqar Bayramov detalları açıqladı
Gələn il Azərbaycanda minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur.
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqı, pensiyalar və sosial müavinətlərin artırılacağını bəyan edib. Dövlət başçısı bununla bağlı müvafiq göstərişin verildiyini bildirib.
Vüqar Bayramov qeyd edib ki, bu, növbəti sosial paketin gələn ilin əvvəlində reallaşacağına işarədir. Onun sözlərinə görə, Azərbaycanda minimum əməkhaqqının artırılması artıq mütəmadi xarakter alacaq.
Deputat xatırladıb ki, ötən il Əmək Məcəlləsinə edilən dəyişikliyə əsasən, minimum əməkhaqqı məbləğinə ildə azı bir dəfə yenidən baxılması nəzərdə tutulur. 2026-cı ilin fevralında təsdiqlənən dəyişikliyə uyğun olaraq, minimum əməkhaqqının 2027-ci ilin fevralınadək artırılması gözlənilir.
Vüqar Bayramovun sözlərinə görə, gələn ilin yanvarından bütün növ əmək pensiyalarının indeksləşdirilərək artırılması da nəzərdə tutulur. Bu prosesin 1 milyon 100 min vətəndaşı əhatə edəcəyi gözlənilir.
Deputat bildirib ki, pensiyaların indeksləşdirilməsində diferensial yanaşmanın tətbiqi də gündəmdədir. Yeni müzakirə olunan dəyişikliklərə əsasən, pensiya sistemində sosial sığorta haqlarına əsaslanan modelin genişləndirilməsi nəzərdə tutulur.
O qeyd edib ki, hazırkı qaydalara əsasən, əmək pensiyaları əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun indeksləşdirilir. Gələcəkdə də əsas meyarın orta aylıq əməkhaqqının artım faizi olacağı gözlənilsə də, indeksləşdirmədə diferensial yanaşmanın tətbiqi nəzərdə tutulur.
Deputatın diqqətə çatdırdığı digər məqam 2027-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılacaq vəsaitin həcmi ilə bağlıdır. Belə ki, gələn il dövlət büdcəsinin ümumi xərclərinin 44 faizinin sosial sahəyə yönəldilməsi nəzərdə tutulur. Bu isə 18,5 milyard manatdan çox vəsait deməkdir.
Vüqar Bayramovun sözlərinə görə, qeyd olunan göstəricilər gələn il üçün yeni sosial paketin anonsu kimi qiymətləndirilə bilər.











