Biznes bacarıqları zamanın tələbi kimi: Azərbaycan gəncləri British Council tərəfindən təşkil olunan Creative Spark layihəsində – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Biznes bacarıqları zamanın tələbi kimi: Azərbaycan gəncləri British Council tərəfindən təşkil olunan Creative Spark layihəsində – FOTO – VİDEO

12:00 - 18 / 03 / 2019
Biznes bacarıqları zamanın tələbi kimi: Azərbaycan gəncləri British Council tərəfindən təşkil olunan Creative Spark layihəsində – FOTO – VİDEO

Böyük Britaniyada kreativ sektor iqtisadiyyatın digər sahələrinə nisbətən iki dəfə tez artır, ali təhsil sektoru tərəfindən bilavasitə dəstəklənir və 92 milyard funt (($121,6 milyard) dəyərində qiymətləndirilir.

Böyük Britaniyadakı uğurlu təcrübəni bölüşmək üçün British Council, Azərbaycan dilinə “Yaradıcı qığılcım” kimi tərcümə olunan, Creative Spark (#mycreativespark )proqramınına başlamışdır.        

Bu beynəlxalq əməkdaşlıq proqramı, BMT tərəfindən dünyada ən sürətli inkişaf edən iqtisadiyyat sahələrindən biri kimi tanınan kreativ iqtisadiyyatın inkişafı məqsədilə, Böyük Britaniya ilə tərəfdaş olan ölkələrin gənclərinə sahibkarlıq fəaliyyətinin əsaslarının öyrədilməsinə yönəlib.    

Proqram çərçivəsində Azərbaycan daxil olmaqla, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrində də 35 yeni beynəlxalq tərəfdaşlıq əlaqəsinin yaradılması üçün maliyyə ayrılmışdır.   

Yüksək rəqabətli müsabiqə seçimi nəticəsində 2018/2019-cu illər üçün qalib olan tərəfdaşlardan biri Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) və London South Bank Universiteti olmuşdur.        

“Müasir dünyada sahibkarlıq bacarıqları təkcə biznes məktəbinin məzunu üçün deyil, əmək bazarında rəqabətqabiliyyətli olmaq istəyən istənilən gənc mütəxəssis üçün zəruridir. Hər bir kəs istənilən peşədə uğur qazanmaq üçün bir az biznesmen olmalıdır” – deyə AzMİU-nun strateji inkişaf üzrə prorektoru Ülkər Səttarova bildirir.         

O inanır ki, sürətlə inkişaf etməkdə olan texnologiyalar əsrində təhsil sektoru günün tələblərinə cavab verə bilmək üçün daimi inkişaf və təkmilləşmə prosesində olmalıdır.

«Biz yeni tendensiyaların nəbzini tutmalı, onları hiss etməliyik. Axı universitet ancaq 4-5 ildən sonra əmək bazarına çıxacaq mütəxəssislər hazırlayır. Bu o deməkdir ki, o zamanın əmək bazarının meyl və tendensiyalarını artıq bu gündən sezməliyik” – deyə o bildirir.

Fotoda: prorektor Ülkər Səttarova

London South Bank Universiteti TIMES təhsil reytinqində sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi üzrə Böyük Britaniya ali məktəbləri arasında liderlik etdiyi üçün layihə üzrə tərəfdaş olaraq seçilmişdir.    

Layihə çərçivəsində 25 fevral - 1 mart tarixləri arasında hər gün universitetdə müəllim və tələbələr üçün bu və ya digər situasiyalarda kreativ düşüncənin və sahibkarlıq yanaşmasının aşkar edilməsinə yönəlmiş təlimlər keçirmişdir. Təlimlər 300-ə yaxın tələbəni və 50 müəllimi əhatə edib.       

Tələbələr və müəllimlərlə London South Bank Universitetinin iki britaniyalı təlimçisi çalışmışdır. Onlardan biri Linsi Kouldur (Linsey Cole). O, sərbəst interaktiv formatda keçilən və sərbəst müzakirələr, qruplar tərkibində iş və iştirakçılar tərəfindən öz biznes keyslərinin təqdimatını ehtiva edən təlim prosesində bütün iştirakçıların nümayiş etdirdiyi həvəs və marağı xususi qeyd edir.             

“İstənilən universitetin məzunlarında sahibkarlıq bacarıqlarının olması günün tələbidir. Bu qlobal tendensiyadır. Əmək bazarının strukturu dəyişir və bütün ömür boyu bir işlə məşğul olmaq mümkün deyil. Peşəkar aləmdə özünə yer tapa bilmək üçün daha çevik olmaq lazımdır” – deyə Linsi Koul bildirir.

“Kreativlik, innovasiyalıq, komandada işləmək bacarığı gənc mütəxəssislərə ən müxtəlif sahələrdə özlərini reallaşdırmaqda yardımçı olacaq bacarıqlardır. Creative Spark layihəsi məhz buna istiqamətlənib” – o əlavə edir.

Mövzu üzrə oxuyun:

British Council Azərbaycanda sahibkarlığın öyrədilməsi üzrə yeni layihə başladır

Layihə çərçivəsində AzMİU-da keçirilən təlimlər ideyaların irəli sürülməsi və şəxsi biznesin açılması, əqli mülkiyyətin qorunması və maliyyə dəstəyinin təmin edilməsi kimi mövzuları əhatə edir.

Cari ilin  aprel ayında proqramda iştirak edən yüz minlərlə tələbə əldə etdikləri bacarıqlardan istifadə edərək öz kreativ layihələri ilə video-təqdimat müsabiqəsində iştirak edəcəklər.

Fotoda: təlimçi Linsi Koul

İkinci kurs tələbəsi Yusif Yusifli universitetdə keçirilmiş təlimlərin fəal iştirakçısıdır. O, inşaat sahəsində mütəxəssis olmaq üçün təhsil alsa da, gələcəkdə sahibkarlıq bacarıqlarının da ona lazım ola biləcəyini istisna etmir.    

“Müasir dünyada ən dəyərli şey bilik və bacarıqlar, ümumi savadlılıqdır. Bu gün inşaatçı olmaq üçün təhsil alıram, lakin gələcəkdə inşaat sahəsində bizneslə məşğul olmağım da mümkündür. Bilik heç vaxt artıq olmur” – o deyir.

İkinci kursda oxuyan Solmaz Fətullayeva da keçirilmiş təlimlərdə özü üçün öz ixtisası üzrə fənlərin ümumi kursunun əhatə etmədiyi çoxlu yeni praktiki və faydalı məlumatlar tapıb.

“Başqa ölkədən gəlmiş, tam fərqli təcrübəyə malik insanları dinləmək maraqlı idi. Kənardan yeni baxış həmişə faydalıdır” – o deyir. “Biz öz startap layihəmizi mümkün qədər kreativ formada yaratmağın variantları üzərində çoxlu müzakirə apardıq. Düşünürəm ki, bütün bunlar gələcəkdə mənə çox lazım olacaq.”

Fotoda: tələbələr Yusif Yusifli, Solmaz Fətullayeva

AzMİU-da Creative Spark layihəsi çərçivəsində həmçinin Britaniyanın Lester universiteti ilə də əməkdaşlıq aparılır. Bu əməkdaşlıq çərçivəsində ali məktəbin müəllimləri üçün 30 günlük intensiv ingilis dili kursları təşkil olunub.     

Kursların bir hissəsi ali məktəbin ingilis sektorunda çalışan profil fənlərin müəllimləri üçün nəzərdə tutulmuşdu. İkinci hissə isə AzMİU-da ingilis dili tədris edən dilçilər üçün keçirilmişdir.

Həmçinin, müəllimlərlə tədris metodikasının daha müasir tərzə uyğunlaşdırılması – “danışan” və “dinləyən” formatından müəllimlərlə tələbələr arasında fasiləsiz dialoq formasında olan daha interaktiv formata keçid üzrə iş aparılmışdır.

Dünya üzrə qiymətləndirmələrə əsasən, məhz bu cür format məlumatın auditoriyaya çatdırılmasında və təlim prosesinə marağın oyadılmasında daha effektiv üsul kimi özünü göstərib.

“Müəllimlərlə işləmək tələbələrlə işləməkdən heç də az vacib deyil” – deyə Ülkər Səttarova inamla bildirir. “Məhz bu insanlar bilikləri yayır. Əvvəlcə müəllimi öyrətmək lazımdır ki, sonra o, əldə etdiyi bacarıqları auditoriyadakı gündəlik iş prosesində tətbiq etməklə, bu bilikləri başqalarına ötürə bilsin.”      

“Tələbələr çox bərəkətli torpaq kimidir. Onlar gənc, kreativ olsalar da, dəryaca ideyalara sahib olsalar da, akademik bilikləri və həyat təcrübələri kifayət qədər deyil. Bu işdə onlara müəllim kömək edir. Onlar eyni dalğaya köklənməli, əl-ələ verməlidirlər. Yalnız bu halda həqiqətən heyrətamiz nəticələr əldə etmək olar,” -  deyə o əlavə edir.

Apreldə 2019/2020-ci illər üçün Creative Spark proqramında iştirak üçün ərizələrin yeni tenderi baş tutacaq. Müsabiqədə iştirak Azərbaycanın bütün ali təhsil müəssisələri, habelə yaradıcılıq müəssisələri üçün açıqdır.


Fotoda: Creative Spark çərçivəsində AzMİU-dakı təlimlər

Mətn: Yelena Ostapenko

Foto: Nadir İbrahimli

 

 

 

 

Paylaş:
1940

Son xəbərlər

2024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42
Bütün xəbərlər