‘‘Rusiya və Ukrayna enerji obyektlərinə zərbələri dayandıracaq’’
‘‘Rusiya və Ukrayna bir-birinin enerji obyektlərinə hücumları dayandırmağa razılaşıb’’
1news.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb. Rusiya da eyni öhdəliyi qəbul edib.
ABŞ Prezidenti həmçinin bildirib ki, dizel yanacağının dünya üzrə qiymətlərinin artmasının əsas səbəbi İran deyil, Rusiya-Ukrayna müharibəsidir. Tramp daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiyada dizel yanacağı istehsal edən zavodlara hücumları dayandırmağı xahiş etdiyini açıqlamışdı.
Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin yalnız kritik infrastruktur obyektlərinə zərbələrin dayandırılmasını nəzərdə tutan daha geniş və uzunmüddətli razılaşmanı dəstəklədiyini bildirib. Zelenski qeyd edib ki, Ukrayna tərəfi tərəfdaşlarına Rusiya ilə kritik infrastrukturun məhv edilməsini dayandıracaq razılaşmanın təmin olunmasını təklif edib.
“Ərzaq, enerji və həyatın əsas təminatının digər elementləri qorunmalıdır. Rusiya zərbələri isə ilk növbədə məhz bu obyektlərə yönəlib”, - deyə Zelenski bildirib. Zelenski Rusiyanın hər hansı razılaşmaya əməl etmək niyyətində olduğuna əmin olmadığını da bildirib.
Onun sözlərinə görə, əldə olunacaq razılaşmalar etibarlı olmalı və Rusiyada keçiriləcək seçkilərdən sonra pozulmamalıdır.
“Biz tərəfdaşlardan konkretlik gözləyirik”, - deyə Zelenski vurğulayıb.
O, əlavə edib ki, kritik infrastrukturla bağlı deeskalasiya addımı sülhə aparan ilk addım ola bilər.












