Səudiyyə Ərəbistanında husilərin hücumları nəticəsində 13 nəfər yaralanıb
Səudiyyə Ərəbistanı Yəməndə fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən husilərin ölkənin üç şəhərinə pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hücumlar həyata keçirdiyini açıqlayıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hücumlar nəticəsində 13 mülki şəxsin yaralandığı, 7 ev və 2 avtomobilin zərər gördüyü bildirilib.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyasının sözçüsü, briqada generalı Türki əl-Maliki ABŞ-nin “X” sosial media platformasındakı hesabında verdiyi açıqlamada husilərin Səudiyyə Ərəbistanında mülki əhaliyə və infrastruktura qarşı hücumlarını davam etdirdiyini qeyd edib.
Onun sözlərinə görə, Xamis Muşayt, Əbha və Taif şəhərlərində mülki infrastruktura qarşı raket və PUA-lardan istifadə edilməklə hücumlar həyata keçirilib.
Əl-Maliki bildirib ki, koalisiya qüvvələri husiləri çəkindirmək və onların düşmənçilik xarakterli hücumlarının qarşısını almaq məqsədilə bütün zəruri əməliyyat tədbirlərini görəcək.












