“Premium” bina küləyə tab gətirmədi - “Sabah Residence”in fasadı UÇDU - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Premium” bina küləyə tab gətirmədi - “Sabah Residence”in fasadı UÇDU - FOTO - VİDEO

Ayşən Salehli15:57 - Bu gün
“Premium” bina küləyə tab gətirmədi - “Sabah Residence”in fasadı UÇDU - FOTO - VİDEO

Bakıda yaşayan hər kəs onun küləyinə də, küləyin törətdiyi fəsadlara da yaxından bələddir.

Şəhərin küləyi təkcə xanımların zülfünü daramır, gah qocaman ağacların qol-budağını sındırıb hara gəldi tökür, gah da paytaxtdakı “müasir” tikililəri əməlli-başlı sınağa çəkir. Bu sınağın çiləkeşləri olan sakinlər isə bəzən küçədə yeriyərkən ya gözünü təcili yardımın xərəyində, ya da xəstəxananın travmatologiya şöbəsində açırlar.

Məsələ ilə bağlı narazılığını bildirən vətəndaşlar vurğulayırlar ki, huşu başdan çıxaran, adama adını bir anlıq unutduran isə göydən səpələnən “lüks” fasad daşları, eyvan şüşələri və ya uçan dəmir-dümürlər olur. Sakinlər acı təəssüflə qeyd edirlər ki, dünən də insanların başına “premium” fasadlar yağdı, amma xoşbəxtlikdən bu dəfə heç kəsin başı yarılmadı və “Ay bəri bax” mahnısındakı kimi “pəncərədən gələn daşa” heç kimsə bəri dönüb baxmaq məcburiyyətində qalmadı. Söhbət Bayıl qəsəbəsində yerləşən “Sabah Residence” yaşayış kompleksindən gedir.

Yaranan bu mənzərə qarşısında hər bir vətəndaşın beynində eyni suallar dolaşır:

"Mənzillərin kvadratmetr qiyməti təxminən 3200-8100 AZN aralığında təklif olunan, alıcılara “yüksək keyfiyyət və təhlükəsizlik” vədləri verən o lüks fasadların əzəməti sadəcə bir küləyin əsməyinə bənd imiş? Tikinti şirkətlərindən tutmuş onlara lisenziya və istismar icazəsi verən qurumlara qədər hamı üçün paytaxt küləyi sanki gözlənilməz bir möcüzə idi? Bəlkə binanın Bakıda yox, küləksiz bir planetdə tikildiyini düşünüblər? Bu gün adi xəzri qarşısında soyulub-tökülən fasad örtüyü gələcəkdə baş verə biləcək daha güclü külək və ya zəlzələdən necə sığortalanıb? Bəs bu binalara istismar icazəsi verən, tikintisinə, materialına nəzarət edən qurumlar haradadır? Məsul şəxslər sənədlərə qol çəkəndə hava sadəcə sakit idi, yoxsa bina fasadının nə ilə bərkidildiyini görmək istəmədilər?"

Sosial şəbəkələrdə sözügedən görüntülərin altına yazılan yüzlərlə rəy göstərir ki, ictimaiyyətin narahatlığı təkcə bir binanın fasadı ilə məhdudlaşmır. Bu, tikinti sahəsindəki ümumi keyfiyyətsizliyə və qiymət-keyfiyyət uyğunsuzluğuna qarşı formalaşan kollektiv bir etirazdır.

Sosial şəbəkə istifadəçilərinin reaksiyaları əsasən üç böyük xətt üzrə cəmlənib: astronomik qiymətlər, standartlara uyğun olmayan tikinti və zəlzələ xofu.

1news.az olaraq məsələni araşdırdıq və aidiyyəti qurumların fikirlərini öyrənməyə çalışdıq.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət etdik. Qurumdan bildirildi ki, nazirlik fasad örtüklərinin vurulmasına nəzarət etmir:

“Biz fasad işlərinə baxmırıq. Bizim səlahiyyətimizə binanın dayanıqlılığı və plan-layihəyə uyğunluğu təftiş etmək daxildir. Fasad məsələsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət edə bilərsiniz”.

Məsələyə münasibət bildirməsi üçün Səbail Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, yeni tikilmiş çoxmərtəbəli yaşayış binalarının dayanıqlığı ilə bağlı texniki yoxlamaların aparılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə daxil deyil. Bununla belə, qurumdan fasad örtüyünün bir hissəsinin sıradan çıxması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə şirkət rəhbərliyi ilə danışıqların aparıldığı qeyd olundu.

Hadisə ilə bağlı möqeyini öyrənmək məqsədilə “Sabah Residence” yaşayış kompleksi ilə də əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı.

 

Paylaş:
138

Son xəbərlər

Bütün xəbərlər