Hakan Fidan bu gün Azərbaycana səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Azərbaycana səfər edəcək.
1news.az haberglobal-a istinadən xəbər verir ki, səfər çərçivəsində Fidan Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla görüşəcək. Onun Prezident İlham Əliyev tərəfindən qəbul ediləcəyi də gözlənilir.
Görüşlərdə Türkiyə-Azərbaycan strateji münasibətləri, 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfi, enerji və nəqliyyat layihələri, müdafiə sənayesi və hərbi əməkdaşlıq müzakirə olunacaq.
Tərəflər, həmçinin Türk Dövlətləri Təşkilatı, Türkiyənin ev sahibliyi edəcəyi TDT-nin 13-cü Zirvə toplantısı və COP31 çərçivəsində əməkdaşlığı nəzərdən keçirəcəklər.
Fidanın Azərbaycan-Ermənistan arasında sülh prosesini də müzakirə edəcəyi gözlənilir. Nazirin regionda sülh üçün tarixi fürsətin yarandığını vurğulayacağı, Qarabağda infrastrukturun bərpası, enerji və ticarət marşrutlarının inkişafına dəstəyi ifadə edəcəyi bildirilir.
Səfər zamanı regional və beynəlxalq gündəmin aktual məsələləri üzrə də fikir mübadiləsi aparılacaq.












