Görünməyən qəhrəmanlar: pandemiya fəxr edə biləcəyimiz insanları necə üzə çıxardı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Görünməyən qəhrəmanlar: pandemiya fəxr edə biləcəyimiz insanları necə üzə çıxardı – FOTO

16:10 - 06 / 08 / 2020
Görünməyən qəhrəmanlar: pandemiya fəxr edə biləcəyimiz insanları necə üzə çıxardı – FOTO

Son bir neçə ay ərzində Azərbaycan, bütün dünyada olduğu kimi, bir bəla olan koronavirus pandemiyası ilə mübarizə aparır.

Ancaq belə bir vəziyyətin müsbət tərəfləri də var. Ölkəmizdə baş verənlərin fonunda həmişə vətəndaşlıq borcu ön sırada olan insanlar daha qabarıq şəkildə üzə çıxmağa başladılar.

1news.az bu mübarizəyə tamamilə fərqli istiqamətlərdə töhfə verən üç sahənin nümayəndələri ilə danışdı. Bunlar hər gün koronavirusa yoluxmuş insanların əzabını görən xəstəxana həkimi, şəhərimizin küçələrində karantin rejiminə nəzarət edən polis məmuru və tənha yaşlı insanlara yemək çatdıran könüllüdür.

Çox sayda insanla gündəlik təmasda olduqları üçün onların fəaliyyəti təhlükəli virusa yoluxma riski ilə birbaşa bağlıdır. Buna baxmayaraq, onlar fədakarlıqla cəmiyyətimizə bu çətin dövrü geridə qoymağa kömək edirlər. Buna görə də onlar haqlı olaraq “görünməyən qəhrəmanlar” adlandırıla bilərlər.

Onların təsirli hekayələrini təqdim edirik.

Həkim Təranə Göyüşova: “Xəstələri evə buraxanda inanılmaz bir sevinc hiss edirik”

Bakıdakı Mərkəzi Gömrük Xəstəxanasında pediatr-neonatoloq-reanimatoloq vəzifəsində çalışıram. Virusa yoluxmuş xəstələri 11 iyun tarixindən qəbul etməyə başladıq və mən düşünmədən COVID-19-a qarşı bu mübarizəyə qoşuldum. İnfeksiyaya yoluxmaq qorxusuna baxmayaraq, belə bir çətin dövrdə insanların həyatını xilas etmək, bu çətin dövrdə onlara kömək etmək istəyirdim. Buna görə də bu məsələdə mənə heç nə əngəl olmadı.

Xəstəxananın yaxşı texniki təchizatı və tibb işçilərinin yüksək peşəkarlığı sayəsində əsasən səhhətləri orta ağır və ağır vəziyyətdə olan xəstələri qəbul edirik. Çiyinlərinə böyük bir yük qoyulmuş çox güclü bir reanimatoloq briqadamız var və onlar həmin yükü ləyaqətlə daşıyırlar. Onların bir çoxu xəstənin vəziyyəti tələb edirsə, müəyyən edilmiş vaxtdan artıq işləmək üçün xəstəxanada qalırlar.

İlk partiyadan olan xəstələrin əksəriyyəti bu virusa inanmadıqlarını etiraf etdilər. Yəqin ki, maskalar taxmadılar, sosial məsafəni gözləmədilər, antiseptiklərdən istifadə etmədilər və digər təhlükəsizlik tədbirlərinə laqeyd yanaşdılar. İndi koronavirusun varlığına inananlar daha çoxdur. Ancaq yenə də bir çoxları bu xəstəliyi qeyri-ciddi qəbul edir.

Yoluxmuş xəstələrlə işləmək çox çətindir. Əvvəla, yay aylarında bədənimizin bir santimetrini belə açıq qoymayan qalın örtükdən hazırlanmış hava keçirməz kostyumlar geyinirik. İkincisi, təhlükəsizlik eynəkləri gicgahlarımızı və burnumuzu dəhşətli dərəcədə sıxır, buna görə də uzun müddət bu ağrıya alışa bilmədik. Özüm də daxil olmaqla bir çox tibb işçilərinin burunlarında və qulaqlarının arxasında qanaxmayla nəticələnən yaralar var idi. İndi bu yerləri daha az ağrılı hala gətirmək üçün həmin yerlərə yara bandı yapışdırırıq. Lakin yenə də bu, fiziki olaraq əsl cəhənnəmdir.

Mənəvi baxımdan əlbəttə ki, iş daha çətindir. Bura gələn xəstələrin çoxu bizə yalvaran gözlərlə baxır və soruşur: “Həkim, düz danışın, öləcəyəm?” Biz də onlara ümid verməyə çalışırıq, ruhlandırırıq, sağalmaq üçün buraya gəldiklərini söyləyirik. Onların gözlərindəki ümidsizlik və bu məkrli xəstəliyin onlara verdiyi əzab-əziyyəti görmək dözülməzdir.

Eyni zamanda xəstələri evə buraxdıqda çox böyük bir sevinc yaşayırıq. Onların bir çoxunun sağ qalma ehtimalı çox aşağı - təxminən 10% az idi. Amma biz onları müalicə etdik və ailələrinə qaytardıq. Onlar da bizi sonsuz minnətdarlıq hissi ilə tərk etdilər. Bu qürurverici xoşbəxt anlar COVID-19 ilə mübarizəmizdə üzləşdiyimiz bütün çətinliklərə dəyər.

Bildiyiniz kimi, virusa yoluxmuş insanlarla işləyən tibb işçiləri oteldə tək yaşayırlar. Artıq iki aydır ki, doğmalarımı qucaqlaya bilmirəm. Həftə sonu evə qayıdanda da, ailə üzvlərimdən uzaq olmağa çalışıram və daima yoluxma mənbəyi ola biləcəyim barədə düşünürəm. Əlbətdə ki, bu insanın psixikasında iz buraxır, emosional olaraq tükənməyə səbəb olur. Bəzən hətta pozitiv insan olduğuma baxmayaraq, depressiyaya düşdüm və bütün gün ağladım. Şükürlər olsun ki, bunlar yalnız ötəri anlar idi və mən bunların öhdəsindən gələ bildim ...

Bütün bu çətinliklər fonunda göstərdikləri dəstəyə görə Mərkəzi Gömrük Xəstəxanamızın rəhbərliyinə təşəkkür edirəm. Hər gün rifahımızla maraqlandılar, ortaya çıxan problemləri həll etməyə və imkan daxilində işlərimizi asanlaşdırmağa çalışdılar. Bunun üçün çox sağ olun!

Polis serjantı Nigar Məhərrəmova: “Yoluxmaqdan qorxmuram. Vətən və vətəndaşlarımızın keşiyindəyik!”

Bu peşədə çalışan insanlar həmişə diqqətimi cəlb edirdi. Xüsusilə qadınların polis mundirində olması, xidmətin ağırlığına baxmayaraq polis adını şərəflə daşımaları məni polis sıralarında olmağa həvəsləndirirdi. Özümü dərk edəndən polis olmağı arzulayırdım. 2018-ci ildən artıq polis kimi Əlahiddə Çevik Polis Alayında bu adı daşımaqdan, üzərimə düşən vəzifələri icra etməkdən qürur hissi keçirirəm...

Polisin əsas məqsədi ictimai qaydanı və ictimai təhlükəsizliyi etibarlı qorumaq, bu Vətənə, dövlətə xidmətlə bağlıdır. Hər gün xidmətə başlamazdan əvvəl bu amala xidmət etdiyimi şüurlu şəkildə dərk edirəm.

Xidmətlə bərabər, hər gün müntəzəm olaraq təlimlərdə, idman məşğələlərində fiziki hazırlığımızın yüksək səviyyədə olması üçün çalışırıq. Müxtəlif ekstrimal hallara hazırlıqlı olmaq, polis əməkdaşından nə asılıdırsa, yaxud “Bu halda nə edilməlidir?”, “Necə cavab verilməlidir?” praktik məşğələlərdə tam və hərtərəfli öyrədilir. Polis sıralarında olmayanda gördüklərimi təsəvvür belə etməzdim. Çünki polisin fəaliyyətini daha çox filmlərdə, kitablarda oxuyuruq. Və əsərlərdə təqdim olunan polis o nəticəyə nail olmaq üçün hansı əziyyətlər, hansı zəhmətlər çəkir. Suallar həmişə var. Ancaq bu peşənin əsas xüsusiyyəti cəsarətdir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsarət, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir”.

Pandemiya dövründə fəaliyyətimizə yeni meyarlar əlavə olundu. Biz daha çox fədakarlıq göstərməyə, cəmiyyətin sağlamlığına yönəlik tədbirlərə cəlb olunmaqla insanların təkcə mühafizəsi yox, eləcə də özünün və başqalarını qorumaq üçün səfərbər olmağa başladıq. Hər gün paytaxt küçələrində naryad qruplarında patrul xidməti aparmaqla, onlarla insanla ünsiyyətdə olmaq və qaydalara əməl etməyənlərlə profilaktik, izahedici söhbətlər aparmaq işimizin əsas tərkib hissəsidir. Xidmət nə qədər çətin olsa da, öhdəsindən gəlməyə çalışıram, yorulmuram. Səbəb odur ki, bu şərəfli xidmətimlə qürur duyuram. Bu mənim həyat tərzimdir, heç vaxt dəyişməyəcəyəm. Polis mundiri mənim üçün ən qiymətli, əvəzolunmaz geyimdir, bunu həyatımın ən yüksək brendi hesab edirəm.

Əsasən şəhərin mərkəzi və Dənizkənarı Milli Parkda xidmət etdiyimizə görə, müxtəlif təbəqədən olan insanlarla tez-tez rastlaşırıq. Vətandaşa münasibətdə nəzakətli davranış, Etik Davranış Kodeksi ilə tənzimlənir. Bu münasibət rəhbər tələbdir, hər bir polis əməkdaşı buna əməl etməlidir. Qaydalara əməl etməyən şəxsləri saxlayanda onlar bir-birindən fərqli arqumentlər, bəhanələrlə öz əməllərinə “haqq” qazandırırlar. Ancaq bizim məqsədimiz insanlardan dövlətin qanunlarına hörmətlə yanaşmanı tələb etməklə yanaşı, pandemiya şəraitində hər bir şəxsin özünə və başqalarına həssas yanaşmadır. Bu sahədə məlum qanunlar var və qaydalara əməl etməyənlər tərəfimizdən məsuliyyətə cəlb olunur.

Həmçinin bildirmək istəyərdim ki, biz bütün riskləri nəzərə alırıq, çünki hər gün icazələri yoxlayanda xeyli insanlarla təmasda oluruq. Bununla bağlı heç bir qorxumuz yoxdur. Biz Vətənimizin, vətəndaşlarımızın keşiyindəyik və buna görə məsuliyyət daşıyırıq. Özümüz də lazımi tədbirləri görürük – maskadan, dezinfeksiya vasitələrindən istifadə edirik, gigiyena qaydalarına riayət edirik. İnsanlar bütün bu profilaktik qaydalara riayət etməlidirlər. Özlərini fikirləşməsələr belə, ən azından öz doğmalarını düşünsünlər, onları təhlükəyə məruz qoymasınlar. Əminəm ki, əgər hər bir şəxs tam məsuliyyətlə yanaşsa, biz bu xəstəliyə qalib gələcəyik.

Könüllü Dərya Möhnətli: “Ziyarətlərimiz hər bir yaşlı insanın gözündə bir işıq yandırdı”

Milli Aviasiya Akademiyasının tələbəsiyəm. İki ildən çoxdur ASAN Könüllüləri-ndə könüllü kimi çalışıram.

Vətəndaşlıq məsuliyyətim hər zaman yüksək səviyyədə olduğu üçün könüllü işlərə qoşulmaq qərarına gəldim - cəmiyyətə kömək etmək, sosial problemlərin həllində öz töhfəmi vermək və ehtiyacı olan insanların həyatını bir az daha yaxşılaşdırmaq istədim. Bu günə qədər iştirak etdiyim hər bir layihə mənəvi cəhətdən böyüməyimə kömək etdi və mənə vətənpərvərlik və Vətən qarşısında vəzifə hissi aşıladı.

Bildiyimiz kimi, dünyanın bir nömrəli fəlakətinə çevrilən COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Koronavirusun yayılmasının qarşısını almaq üçün dövlətimiz bütün lazımi tədbirləri görür. Öz növbəsində ASAN xidmətin könüllüləri də bir sıra mühüm layihələr həyata keçirərək bu mübarizəyə qoşuldular. Onların hər birində fəal iştirak etdim.

TƏBİB və Heydər Əliyev Beynəlxalq Hava Limanı ilə birlikdə könüllülərimiz bu il martın 16-dan etibarən COVID-19 ilə mübarizəyə qoşulublar. Xaricdən gələn vətəndaşların qəbulunu, tibbi maskaların, birdəfəlik əlcəklərin, suyun paylanmasını və mövcud vəziyyət barədə ətraflı məlumat verilməsini təmin edirik.

Eyni zamanda respublikamızda xüsusi bir karantin rejimi elan edilən zaman yaşı 65-dən yuxarı olan insanlar çölə çıxa bilmədikdə onlara evdə sosial xidmətlər göstərməyi qərara aldıq. ASAN Məktub layihəsi çərçivəsində könüllülərimiz tənha yaşlı insanların evinə getdi və onlarla ünsiyyət zamanı zəruri qida və dərmanların siyahısını hazırladılar. Daha sonra onları www.asanmektub.az saytında məktub şəklində nəşr etdirdik ki, başqa insanların problemlərinə biganə qalmayan hər kəs onların ehtiyacları ilə tanış olsunlar və onlara kömək edə bilsinlər. Ümumilikdə 1044 müraciət qeydə alındı ​​və karantin dövründə ziyarət etdiyimiz bütün yaşlı insanların ehtiyacları təmin edildi.

Fəaliyyətimizin bu hissəsi emosional baxımdan çox zəngin idi. Bəzən pensiyaçılara sadə diqqət və ünsiyyət çatmır. Könüllülərin ziyarəti hər bir yaşlı insanın gözündə bir işıq yandırdı - onlar bu çətin anda qayğı görəcəklərini anladılar və bizə minnətdarlıqlarını bildirdilər.

Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu olan UNİCEF-lə əməkdaşlıq çərçivəsində və Avropa Birliyinin maliyyə yardımı ilə pandemiya zamanı aztəminatlı ailələrə dəstək kampaniyası həyata keçirdik. Bu kampaniya çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumatlara əsasən, 3500 yoxsul ailəyə ərzaq və şəxsi gigiyena məhsulları verildi.

Sonra ASAN könüllüləri və “Coca-Cola Azərbaijan” şirkətinin birgə təşəbbüsü ilə pandemiya xəstəxanalarına 120 min ədəd içməli su çatdırıldı. Koronavirusla mübarizə aparan həkimlərə - xəstələrin həyatını xilas etmək üçün əllərindən gələni edən “görünməyən qəhrəmanlarımıza” lazımi dərmanlar verildi.

Özümü də “görünməz qəhrəman” sayıram? Özümə qiymət verməyim düzgün olmaz... Mən yalnız Vətənimə olan sevgidən qaynaqlanan yaxşı bir iş görə bilərəm. Mənim barədə mühakimə yürütməyi isə həmyerlilərimin öhdəsinə buraxıram.

Leyla Məmmədova

Məqalə Nar və TƏBİB-in təşkil etdiyi müsabiqə çərçivəsində hazırlanıb.

 

Paylaş:
2394

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər