Ön cəbhənin ağ xalatlı qəhrəmanları! | 1news.az | Xəbərlər
Cəmiyyət

Ön cəbhənin ağ xalatlı qəhrəmanları!

10:20 - 03 / 07 / 2020
Ön cəbhənin ağ xalatlı qəhrəmanları!

Sars virusunun qohumu adlandırılan və ilk olaraq Çində ortaya çıxan COVİD-19 adlı virus dekabrdan bu yana demək olar ki, bütün dünyaya yayılıb, ümumilikdə on milyondan çox insan bu virusa yoluxub, 500 mindən çox insan isə vəfat edib. Dünyanın bir çox ölkələrini ağuşuna alan ölümcül virusla bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri davamlı olaraq hər gün açıqlamalar verir, dünyadakı durumu diqqətə çatdırırlar.

Yeni virus dövlətlərin sağlamlıq sistemlərini, cəmiyyətin maariflənmə və kommunikasiya səviyyəsini, hökumətlərin qərar qəbulunda çevikliyini, iqtisadiyyatın davamlılığını sınağa çəkir. Pandemiya ilə bağlı təhlükənin ciddiliyi bütün hədləri aşıb. Virus təhlükəsi hər bir dövlətin ümummilli işinə çevrilib desək yanılmarıq.

Koronavirus pandemiyasının qarşısının alınması bəşəriyyət üçün ən qlobal problemə çevrilib. İstər Ümumdünya Səhiyyə Təşkilatı, istərsə də dünyanın inkişaf etmiş aparıcı dövlətləri planetimizi bu bəladan xilas etmək üçün bütün güclərini səfərbər ediblər.

Pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Ölkəmizin bu sahədə vəziyyətinin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyə bilərik. Təbii ki, bunda Prezident İlham Əliyevin zamanında verdiyi qərarlar və hökumətin gördüyü profilaktik tədbirlərin əhəmiyyətli rolu var.

Dünyanın bütün ölkələrində koronavirusla mübarizənin ön cəbhəsində həkimlər və  digər tibb işçiləri dayanır. Virusa yoluxanların çoxu ilk növbədə onların səfərbərliyi, səyləri nəticəsində yaxşılaşır, hətta tam sağalırlar. Bu baxımdan ölkəmizdə də vəziyyət oxşardır. Bildiyimiz kimi, həkimlər öz həyatlarını riskə atmaqla ilk növbədə şübhəli şəxsləri qarşılayır, onları təcrid olunan ərazilərə aparır, xəstəxanalarda infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar. Həkimlər və tibb işçiləri hər an infeksiyaya yoluxma riski ilə üz-üzədirlər.

Təəssüflər olsun ki, koronavirusa yoluxan xəstələri müalicə edən və virusa yoluxma təhlükəsinə olduqca yaxın olan həkimlər, çətin iş şəraitindən sonra da öz asudə zamanlarını ailələri ilə birlikdə keçirə bilmirlər. Bu həkimlər ölkəmizdə ilk yoluxma faktının qeydə alındığı vaxtdan bu günə qədər işdən sonra hər kəsdən təcrid olunmuş şəkildə yaşayırlar. Onlar aylardır hətta öz ailə üzvlərini belə görmürlər.

Mövsümlə əlaqədar olaraq, pandemiya ilə mübarizə aparan həkimlərin, tibb işçilərinin iş şəraiti həddindən artıq ağırdır. Saatlarla xüsusi geyimin içində qalmaq çox çətindir. Təsəvvür edin ki, bu xüsusi geyimlər hava buraxmır. Amma onların əynində təkcə bu geyim olmur, həmçinin xüsusi eynəklər, bir neçə qat maska və əlcəklərdən istifadə də məcburidir. İnsan yəqin ki, bu geyimin içində özünü çox narahat hiss edər. Bütün bu sadalananları geyinən tibb işçiləri demək olar ki, yemək-içməkdən məhrum olur və digər zəruri tələbatlarını belə ödəyə bilmirlər. Bəli, bizim fədəkar həkimlərimiz, tibb bacılarımız və digər bütün tibb işçilərimiz xəstəliklə mübarizəni bu şəraitdə, cəsarətlə və peşəkar formada davam etdirirlər. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu günə qədər COVİD-19 infeksiyasından dünyasını dəyişənlər arasında həkimlərimiz də az deyil.

Bəli, fəxrlə deyə bilərik ki, fədakar həkimlərimiz peşələri üçün canından belə keçməyə hazırdırlar.  Hər gün işdən yorğun çıxsalar da, calışırlar ki əhvallarını yüksək tutsunlar, ruhdan düşməsinlər, ümidlərini itirməsinlər, üzlərindəki təbəssümü həmişə  qoruyub saxlasınlar. Bu gün insanların şəfa tapmasına yardım etdikləri üçün qürur duyurlar. İnsanlara kömək, yardım etdikcə, şəfa tapan xəstələri gördükcə özlərini xoşbəxt hiss edirlər.

Nəzərə almaq lazımdır ki, bu gün ölkəmizin koronavirusla uğurlu mübarizəsinin təməlində məhz bu günə qədər səhiyyə sistemində aparılan islahatlar və quruculuq işləri də müstəsna rol oynayır. Əgər bu gün Azərbaycanın müasir xəstəxanaları və peşəkar tibb heyəti olmasaydı virusla mübarizədə vəziyyəti də pis olardı. 

Düşünürəm ki, hər birimiz pandemiya ilə mübarizənin ön cərgələrində bizim üçün, xalqımız üçün həyatını təhlükəyə atan tibb işçilərinin əməyini yüksək tutmalı, onların əziyyətinə laqeyd yanaşmamalıyıq. Heç şübhəsiz, bu qəhrəmanların arasında çoxumuzun aylardır görmədiyimiz qohumlarımız, yaxınlarımız, yaxud da ailəmizdən biri var. Faktiki olaraq onlar öz həyatları bahasına gözəgörünməz düşmənlə mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirirlər.

Bütün dünyada minlərlə insanın ölümünə səbəb olmasına baxmayaraq təəssüf ki, hələ də koronavirusun olmadığına inanalar var və belələrinin sayı elə də az deyil. Nətiədə həmin inanlar tək özlərinin deyil, başqalarının da sağlamlığını təhlükəyə atmış olurlar. Bəzi az saylı qruplar var ki, bu gün bütün görülən işlərə qara yaxmaqla vətəndaşlarımızı çaşdırmağa çalışırlar. Onlar müxtəlif sosial şəbəkələr vasitəsilə əhalinin virusa inanmamağı üçün çağırışlar edirlər. Bu tip çağırışlar pislənməli və insanlarımız tərəfindən qınanmalıdır.

Artıq qeyd etdiyimiz kimi, bu gün koronavirusla mübarizədə çalışan tibb işçiləri demək olar ki, istirahət etmirlər. Etinasızlıqdan artan həyəcan isə onları daha çox narahat edir. Çünki hazırkı durumda dünya təbabətdən, həkimlərdən asılı vəziyyətdədir.

Pandemiya ilə mübarizədə çalışan həkimlər tez-tez televiziya kanalları, xəbər saytları və sosial şəbəkələr vasitəsilə əhaliyə səslənərək onlara mövcud durumu izah etməyə çalışır, vətəndaşları məsuliyyətli olmağa çağırırlar.

Anlamalıyıq ki, biz sosial izolyasiya və karantin qaydalarına tam məsuliyyətlə əməl etməklə ilk növbədə özümüzü, ailə üzvlərimizi, nəticə etibarı ilə cəmiyyətimizi, eləcə də həkimlərimizi də qorumuş oluruq. Axı onların da gözü yolda qalan ailəsi var...

Mövcud vəziyyət göstərdi ki, dünyanın ən inkişaf etmiş ölkələrinin belə səhiyyə sistemi yeni növ koronavirusla mübarizəyə tam hazır deyil. Azərbaycanın məsələyə yanaşması isə təsdiq etdi ki, bu bəşəri bəla ilə mübarizədə səhiyyə sistemi ilə yanaşı cəmiyyətin həmrəyliyi əhəmiyyətli rola malikdir.

Həmçinin digər ölkələrin təcrübəsi göstərir ki, dövlət qurumlarının səmərəli tədbirləri ilə yanaşı, əhalinin də göstərilən tədbir və tövsiyələrə intizamla əməl etməsi nəticəsində lazımi nəticə əldə etmək mümkündür. İndi həmişə olduğundan daha çox həmrəyliyə, sosial məsuliyyətə və həyata keçirilən zəruri tədbirləri dəstəkləməyə ehtiyac var. Unutmaq lazım deyil ki, birlik və həmrəylik, eləcə də  bir vətəndaş kimi dövlətə dəstək olmaq pandemiya ilə mübarizədə uğur qazanmağın əsas şərtlərindəndir.

Tarixə nəzər salsaq görərik ki, bu, bəşəriyyətin üzləşdiyi ilk hal deyil, dünya tarixində dəfələrlə bu cür pandemiyalar olub, milyonlarla insan onların qurbanına çevrilib. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan QİÇS, ebola, donuz qripi, sars, mers, zika kimi təhlükəli virusları misal göstərmək olar.

İnsan oğlu gərək hər bir halı ilə ehtiyatlı ola. Sosial çağırışlarda deyildiyi kimi, qapıları bağla! özünü xilas et! ailəni xilas et! Sonra peşiman olma! Hazırkı duruma laqeyd yanaşmaq olmaz!

İnsan zəkasının hüdudları sonsuzdur. Sonda mütləq elm, təbabət koronavirusa qalib gələcək. Çalışaq həmin vaxta qədər qorunaq, özümüzdən və əzizlərmizdən muğayat olaq, sağlam qalaq. İnanıram ki, təhlükəli virusa qalib gələcəyimiz gün uzaqda deyil!

Bundan əvvəlki məqalələrimdə dediyim kimi, bəşəriyyət bu bəladan xilas olan kimi Azərbaycan Respublikasının vətandaşı olaraq “Dünya Beynəlxalq Həmrəylik Günü”nün təsis edilməsinin təşəbbüskarı olacam! Çünki koronavirus təhlükəsi bir daha göstərdi ki, müxtəlif ərazilərdə yaşamağımıza, sərhədlərlə bir-birimizdən ayrılmağımıza, fərqli dillərdə danışmağımıza, ayrı-ayrı millətlərə mənsub olmağımıza baxmayaraq bəşəriyyəti təhdid edən bəlalara, təhlükələrə ancaq həmrəy olaraq qalib gələ bilərik.

Unutmayaq ki, bu bəlalı virusla mübarizədə körpü qurmaq əvəzinə divar hörənlərin aqibəti eyni olur..! Uca tanrı bu mübarizədə hər birimizin, xalqımızın və dövlətimizin yardımçısı olsun!

Aydın Tağıyev

Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri

Paylaş:
497

Son xəbərlər

Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10
Bütün xəbərlər