Oynayaraq öyrənirik: Avropa Şurası Azərbaycan kəndlərində uşaqların erkən inkişafını necə dəstəkləyir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oynayaraq öyrənirik: Avropa Şurası Azərbaycan kəndlərində uşaqların erkən inkişafını necə dəstəkləyir – FOTO – VİDEO

17:05 - 31 / 03 / 2020
Oynayaraq öyrənirik: Avropa Şurası Azərbaycan kəndlərində uşaqların erkən inkişafını necə dəstəkləyir – FOTO – VİDEO

Azyaşlı uşaq 3 yaşından 6 yaşınadək inkişafının ən mühüm mərhələlərindən birini yaşayır – onun yaddaşı, düşüncəsi, psixikası, xarakteri formalaşır.

Bu dönəmi ötürmək uşağı həyatının vacib təməlindən mərhum etmək deməkdir – mütəxəssislər belə hesab edirlər. Lakin vəlideynlərin çoxu bilmədən və yaxud hansısa başqa səbəblərə görə övladlarının erkən inkişafına məhəl vermir, onlar guman edirlər ki, uşaq elə məktəbdə hər şeyi öyrənər.

Rəsmi göstəricilərə nəzər salsaq, görərik ki, bu gün Azərbaycanda məktəbəqədər yaşlı uşaqların təkcə 16% təhsil prosesinə dövlət uşaq bağçalarında cəlb edilib.

Avropa Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda uşaqların erkən inkişafına yönələn “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi həyata keçirilir.

Ibtidai təhsilin əhatə dairəsini genişləndirilməsi, uşaqların emosional və psixoloji inkişafı, eləcə də uşaqların və valideynlərin sosial inteqrasiyası kimi məqsədlər daşıyan layihə, Azərbaycanın Təhsil Nazirliyi və UNICEF tərəfindən icra olunur.

Layihənin müddəti 2018-ci ildən 2021-ci ilədək nəzərdə tutulur və onunla ölkənin 10 rayonunda 50 yerli icma əhatə edilir ki, bu da ümumiyyətlə 1000-ə yaxın ailə deməkdir.

Layihənin mahiyyəti, ən ucqar yaşayış məntəqələrində, harada ki uşaq bağçası yoxdur və yaxud çox kiçikdir, məktəbəqədər yaşlı uşaqların alternativ inkişafı üçün bir fürsət təmin etməkdən ibarətdir.

Mərkəzlər yerli ümumtəhsil məktəblərin bazasında fəaliyyət göstərir, belə ki, məktəbəqədər hazırlıq üçün bir sinif otağı ayrılmış və uşaqlarla işləmək üçün tam təchiz olunmuşdur.

Dərslər həftədə 4 dəfə keçirilir və onların aparılmasına 2,5 saat vaxt ayrılır. Beləliklə, 37 mərkəzdə gündə 20 şagirddən ibarət bir qrupun dərsləri keçirilir, 13 mərkəzdə isə əlavə müəllim cəlb etməklə gündə 2 qrup təhsil alır. Uşaqlarla iş üzrə proqram Estoniyadakı layihə tərəfdaşları ilə birgə hazırlanmışdır.

Azərbaycanın Təhsil Nazirliyinin nəzdindəki Təhsil İnstitutun əməkdaşı, layihənin koordinatoru İlahə Rəsulova deyir ki, layihə çərçivəsində valideynlərlə işə də böyük əhəmiyyət verilir: iki il ərzində 700-dən çox ana ilə maarifləndirmə işi aparılmışdır.

 “Validenləri başa salmağa çalışırıq ki, ata və ana uşaq üçün sanki bir güzgüdür, yəni övladlarının davranışında onlar öz hərəkətlərini görəcəklər”, - İlahə Rəsulova bu qənaətdədir.

Fotoda: layihənin koordinatoru İlahə Rəsulova

İbtidai təhsil mərkəzinin sayəsində Masallı rayonu Xıl kəndinin sakini 30 yaşlı Sübhnaz Ağazadə 4 yaşlı qızının tərbiyəsinə yeni gözlə baxıb və indi uşağın inkişafına diqqətini artıraraq, onunla daha çox vaxt keçirir.

“Həyatımın əksər hissəsini evimin dörd divarı içində keçirmişəm. Kənd yerində həmişə evin içində də, həyət-bacada da kifayət qədər iş olur. Qızıma vaxt ayıra bilmirdim, düzü bunu heç düşünmürdüm də, hesab edirdim ki, valideyn borcum ancaq onun yedirdib-içirtmək və geyindirməkdən ibarətdir. Əmin idim ki, o, bütün lazımi biliklərə məktəbdə yiyələnəcək”, - Sübhnaz belə söyləyir.

“Lakin rayonumuzda Məktəbəqədər Hazırlıq Mərkəzinin açılması nəinki balamın, elə öz həyatımı da yetərincə dəyişdi. İndi mən mütamadə olaraq evdən çıxıram, qızımı dərsə aparıram, bununla belə, valideyn komitəsinin işində iştirak edirəm. Kəndimizdən olan başqa analarla ünsiyyət qurmuşam və ən əsası – uşaq ilə ən erkən yaşlarından işləməyin vacibliyini dərk etmişəm”, - deyərək, o, sözünə davam edir.

Mərkəzdə çalışan müəllimlərin sözlərinə görə, indi Sübhnaz qızına nağıllar oxuyur, ona mahnı və şeirlər öyrədir, suallarını cavablandırır və bizi əhatə edənlərin mahiyyətini başa salır. Ana isə deyir ki, qızı daha sakit, daha diqqətli olub və Mərkəzdə hər yeni dərsi səbirsizliklə gözləyir.

Fotoda: Xıl kəndinin sakini Sübhnaz Ağazadə

İlahə Rəsulova diqqəti daha bir maraqlı məqama cəlb edir: məktəbəqədər hazırlıq mərkəzlərinə gələn uşaqların 70%-də nitq problemləri olur və əksər hallarda belə vəziyyətin səbəbi psixologiyaya aid deyil. Xeyr, bu, ona görə baş verir ki, evdə uşaqlar ilə az danışırlar, onların çoxsaylı suallarına cavab vermirlər və uşaqların özlərindən də heç nə soruşmurlar.

“Bir çox hallarda valideynlər uşaqla ünsiyyətə lazımi qədər diqqət yetirmirlər, çünki özləri də bunun əhəmiyyətini dərk etmirlər. Halbuki bunu hər zaman, hətta ev işlərinin aşıb-daşdığı halda da etmək olar”, - mütəxəssis belə düşünür.

“Məsələn, uşaqdan hansısa yüngül bir işin görməsini xahiş etmək olar – babaya bir qəzet apar, itin qabına iki dənə sümük qoy, anaya mətbəxdən iki dənə soğan gətir. Belə işlər uşağın assosiativ düşüncəsini, rəqəm anlayışını inkişaf etdirməsinə kömək edir”, - deyərək o, vurğulayır.

Məktəbəqədər hazırlıq mərkəzlərinin müəllimləri yerli ibtidai sinif müəllimləri arasından seçilir, əvvəlcə onlar müsabiqədən keçir, sonra isə məktəbəqədər uşaqlarla işin mahiyyətinə dair əsaslı treninqlərə cəlb olunurlar.

Yuxarıda söhbət açdığımız Masallı rayonun Xıl kəndindəki məktəbin ibtidai sinif müəllimi Günay Hüseynova layihə iştirakçısı olmasına çox sevinir. Onun sözlərinə görə, uşaqlarla işlədiyi onillik təcrübəsinə baxmayaraq, layihə onun üçün peşəsinin yeni bir tərəfini açdı.

“Dərslərimizin 2,5 saatı ərzində uşaqlar ilə şəkil çəkir, nağıl və şeir oxuyur, musiqi dinləyir, mahnı oxuyub, rəqs edirik, onlarla müxtəlif əl işləri hazırlayırıq. Mən onlara ətraf mühitdən danışıram – təbiətdən, heyvanlardan, quşlardan, ilin fəsillərindən, ən sadə şeylərdən – və bütün bunlar oyun formatında keçirilir”, - Günay Hüseynova deyir.

O, qeyd edir ki, müəllimlərin kiçik uşaqlarla işlərindəki əsas prinsipi sinifdə sərbəst mühitin yaradılmasından ibarətdir. Məsələn, uşaqlardan biri yorulubsa o, uzana bilər, və yaxud başqası oyun oynamaq yox, şəkil çəkmək istəyir – tərbiyəçilər buna mane olmurlar.

“Əsas məqsəd – uşağın asudə vaxtının səmərəli keçməsi, onun dərsdə etdikləri ümumi inkişafı üçün faydalı olmasıdır. Plastilinlə və başqa materiallarla işləməklə biz uşaqlarda əllərin incə motorikasının inkişafına, eləcə də ünsiyyət bacarıqların təkmilləşməsinə böyük diqqət yetiririk”, - Günay Hüseynova qeyd edir.

Fotoda: ibtidai sinif müəllimi Günay Hüseynova

Bununla yanaşı layihə kənd qadınlarının inkişafı və sosiallaşmasına kömək edir: uşaqları Mərkəzə, adətən kənd yerlərində olduğu kimi, nənə-babaları yox, məhz anaları gətirməlidir – bu layihədə iştirakın əsas tələblərindən biridir.

“Layihə, xanımları evlərinin hüdudlarından kanara baxmağa vadar etdi. Analarımız ictimai fəal olmuşlar, onlar valideyn komitələrin işində aktiv iştirak edirlər. Çoxu isə o qədər alışıb ki, artıq özləri də uşaqlarla işləmək istəyərək, dərs vaxtı müəllimə kömək edir”, - Günay Hüseynova belə deyir.

İlahə Rəsulovanın sözlərinə görə, dövlət uşaq bağçaları ilə müqayisədə məktəbəqədər təhsil mərkəzlərinin bir üstünlüyü də bu modelin dövlət büdcəsi üçün daha qənaətli olmasından ibarətdir, çünki hər bir kiçik kənddə dövlət uşaq bağçasının açılması əsaslı xərclərə bağlıdır – binanın tikilməsinə, təchizatına, tərbiyəçilərin əmək haqqına və s.

Pilot layihənin yaxşı nəticələrini nəzərə alaraq, Azərbaycanın Təhsil Nazirliyi məktəbəqədər təhsil mərkəzlərinin əhatəsinin genişləndirilməsinə qərar verib və beləliklə, yaxın bir müddətdə ölkəmizin 34 rayonunda daha 260 mərkəzin açılması nəzərdə tutulub.

Yelena Ostapenko

Məqalə EU NEIGHBOURS east layihəsinin çərçivəsində yazılıb

Paylaş:
998

Son xəbərlər

Bütün xəbərlər