1news.az

Sumqayıt hadisələrindən 32 il keçir – FOTO – VİDEO

28 Fevral saat 11:20 ~ 4 dəqiqəlik oxu 239
Sumqayıt hadisələrindən 32 il keçir – FOTO – VİDEO

Bu gün Sumqayıt hadisələrindən 32 il ötür.

1news.az-ın məlumatına görə, 1988-ci ilin fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində ermənilər tərəfindən törədilmiş təxribat xarakterli iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Hər il bu hadisələrin ildönümü yaxınlaşanda erməni təbliğat maşını bütün gücü ilə işə düşür və azərbaycanlılar vəhşi, ermənilərə qarşı milli dözümsüzlük nümayiş etdirən bir xalq kimi təqdim olunur. Əslində isə bu hadisələr də SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi.

Qeyd edək ki, Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov edam edilib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli E.Qriqoryan olduğunu sübut edir.

Şahid Allahverdi Qasımovun sözlərinə görə, Edik deyilən bu şəxs avtovağzalda bir neçə gənci toplayaraq onlara Qafandan indi gəldiyini və orada azərbaycanlı qadınların mismarla elektrik dirəklərinə vurulduğunu deyərək onları qızışdırıb.

Qeyd edək ki, qırğınların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən SSRİ DTK-nın himayə etdiyi ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb. Erməni milliyətindən olan 26 nəfərin qətlə yetirilməsini məhz bu dəstələr həyata keçirib.

O da məlumdur ki, öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər idi. Zərərçəkmiş Sumqayıt sakini L.Meclumyan bildirirdi ki, “Qriqoryan mənim mənzilimə daxil oldu, sındırdığı stulun ayaqları ilə xəstə anama zərbə endirdi, bu vaxt mən bir neçə dəfə müqavimət göstərməyə çalışdım, ancaq qadın olduğuma görə gücüm çatmadı, o, məni yerə yıxaraq, istədiyini etməyə başladı”.

Zərərçəkən Meclumyan istintaqda onu zorlamış Eduard Qriqoryanı göstərir.

Hadisələrdə iştirak etmiş Nəcəfov soyadlı bir gənc isə istintaqa bildirib ki, “Qriqoryan tərəfindən təşkil olunmuş dəstə Emma adlı erməni qadının 512 saylı evinə soxuldu, dərhal onu lüt soyundurdular və Edik Qriqoryan onu bu vəziyyətdə küçəyə çıxartmağı təklif etdi, sonra onun iştirakı ilə Emma vəhşicəsinə öldürüldü”.

Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə baş verən qırğınları kənardan izlədikdən sonra, fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq şəhid olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.

Azərbaycanın o zamankı rəhbərliyi Sumqayıt hadisələrinin səbəblərini araşdıran istintaq qrupunun ermənilərin xeyrinə işləməsini təkcə susmaqla müşayiət etməyib, ədalətsiz qərara imza atıb. Hadisələrin səbəbini araşdıran keçmiş SSRİ Prokurorluğu və DTK-nın nümayəndələrindən ibarət istintaq qrupu baş verənləri bütövlükdə azərbaycanlıların üzərinə qoymaqla əsl həqiqəti ört-basdır edib.

Təəssüf ki, həmin istintaq qrupuna daxil olan Azərbaycanın hüquq-mühafizə orqanlarının nümayəndələri haqsızlığa qarşı çıxmaq əvəzinə günahsız insanların mühakiməsində iştirak ediblər. Nəticədə 3 minə yaxın günahsız Sumqayıt sakini zindanlara doldurulub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, böyük bir qismi rüşvət verməklə canını qurtarıb, 94 nəfər barəsində isə cinayət işi açılıb.

Bütün bunlara baxmayaraq Sumqayıt hadisələrinin əsas baiskarı olan E.Qriqoryan layiqli cəzasını almayıb. Belə ki, dövlət ittihamçısı Aslan İsmayılov E.Qriqoryan üçün ömürlük iş istəsə də bu qəbul olunmayıb. Ona yalnız 12 il iş verilsə də bir neçə ildən sonra azadlığa buraxılıb.

Sumqayıtda keçirilmiş məhkəmə proseslərində azərbaycanlılara qarşı qərəz nümayiş etdirilib. Dövlət ittihamçısının xəstə və hadisələrdə heç bir günahı olmayan Nəcəf Nəcəfalıyev haqda həbs qəti-imkan tədbirin dəyişdirilməsi ilə bağlı təklifi də qəbul olunmayıb və o prosesin gedişində vəfat edib. Digər təqsirləndirilən şəxs Əhməd Əhmədov isə heç bir günahı olmadan Moskvada keçirilmiş məhkəmənin qərarı ilə edam olunub.

Ə.Əhmədovun hadisələrin əsas təşkilatçısı olduğunu sübuta yetirmək üçün istintaqçılar həmin gün əynində əslində boz kostyum olmuş Ə.Əhmədovdan guya üzərində qan ləkələri olan qara kostyumda olması ilə bağlı ifadə alıblar və bu dəlil kimi məhkəmədə ortaya çıxarılıb.

Ermənistanın tanınmış siyasi xadimlərindən Paruyr Ayrikyan da etiraf edirdi ki, “Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu”. Bu hadisələrin Moskva tərəfindən törədilməsini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri N.Kryuçkov da etiraf edib.

Babək Cahandarov

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net