400 manat maaşa 15 saatlıq iş: “Sevimli Dad”ın vakansiyası müzakirə yaradıb - FOTO
Sumqayıtda “Sevimli Dad” mağazasının kassir vakansiyası üçün yayımladığı iş elanı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Sevimli Dad” mağazasının (M&T LTD) vakansiyasında kassir üçün iş qrafiki 08:00-dan 23:00-dək, növbəli rejimdə – 1 gün iş, 1 gün istirahət formasında göstərilib. Əməkhaqqının isə 400 manat olduğu qeyd edilib. Elanda işçilərə gündəlik yemək xərclərinin qarşılanacağı və karyera inkişafı imkanının təqdim ediləcəyi də bildirilib.
Elanın 15 saatlıq iş qrafiki və 400 manat əməkhaqqı ilə bağlı hissəsi sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Şərhlərdə iş rejiminin uzunluğu və belə qrafiklə çalışan şəxsin istirahətinə, ailəsinə və şəxsi həyatına ayıracağı vaxtla bağlı narazılıqlar ifadə olunub. Mövzu digər media resurslarında da gündəmə gətirilib.
Məsələ ilə bağlı əsas müzakirə mövzusu isə 15 saatlıq iş qrafikinin əmək qanunvericiliyinin tələbləri ilə necə uzlaşdığı və bu rejimə görə təklif olunan əməkhaqqının əmək şəraiti baxımından nə dərəcədə əsaslandırıldığıdır.
Qeyd edək ki, “Sevimli Dad”ın daha əvvəl yayımlanmış vakansiyalarında fərqli iş qrafikləri də yer alıb. Məsələn, şirkətin digər kassir vakansiyalarından birində 16:00–23:00 iş saatları və həftədə bir istirahət günü göstərilib.
Hazırkı elanda isə məhz 08:00–23:00 iş qrafiki və 400 manat əməkhaqqı sosial şəbəkə istifadəçilərinin əsas etiraz etdiyi məqamlar kimi diqqət çəkir.





İş elanının ən maraqlı hissəsi 15 saatlıq iş rejimi deyil, bu rejimin “karyera” ilə bəzədilməsidir. 400 manatlıq maaşa 15 saat işləyirsənsə, görünür, karyera qurmaq üçün ilk növbədə günün 24 saatından 15 saatını şirkətə qurban verməlisən. Qalan 9 saat isə yol, yemək və yuxuya gedir. Bəs şəxsi həyat? Ailə və dostlarla vaxt keçirmək? Mənəvi ehtiyaclar? Bir sözlə, bəs yaşamaq? Deyəsən, sadalananlar vakansiyanın tələbləri sırasında yoxdur. Bu mənzərə qarşısında isə sadəcə Mirzə Ələkbər Sabirin fəhləyə ünvanladığı misralar yada düşür:
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
İnsan olanın cahü cəlalı gərək olsun,
İnsan olanın dövləti, malı gərək olsun,
Hümmət demirım, evləri ali gərək olsun;
Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!
Axmaq kişi, insanlığı asanmı sanırsan?!












