Bakının mərkəzində avtomobillər üçün yeni məhdudiyyət – Qaydalar bütün həftəyə şamil ediləcək
Bakının mərkəzi küçələrində avtomobillərin hərəkətinə tətbiq olunan məhdudiyyətlər həftənin bütün günlərini əhatə edəcək.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərində mobilliyin artırılması, piyadaların rahatlığının təmin edilməsi və piyada hərəkətinin təşviqi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd olunub ki, paytaxtın mərkəzi küçələrində 2 ildən artıq müddətdir həftəsonları avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı tətbiq olunan qaydalar Nəqliyyatı Əlaqələndirmə Şurasının müvafiq qərarı ilə həftənin bütün günlərini əhatə edəcək.
Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil ediləcək.
Məlumata görə, təşəbbüsün əsas məqsədi şəhərin piyada zonaları arasında əlaqəliliyin təmin edilməsi, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün əlverişli şəraitin yaradılması, şəhər mərkəzində ekoloji cəhətdən daha təmiz mühitin formalaşdırılması, həmçinin ərazinin turizm və biznes potensialının artırılmasıdır.
Əvvəlki qaydada olduğu kimi, fərdi parklanma talonuna malik sakinlərin, operativ, tibbi, kommunal, eləcə də logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin ediləcək.
Bununla yanaşı, ərazidə fəaliyyət göstərən dövlət qurumları, diplomatik nümayəndəliklər, tibb müəssisələri və biznes subyektləri ilə müvafiq iş aparılacaq və onlara zəruri dəstək göstəriləcək.
Qaydaların tətbiqinə oktyabrın 5-dən etibarən test rejimində başlanılması nəzərdə tutulur.













