1news.az

Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir

7 Avqust saat 16:36 ~ 7 dəqiqəlik oxu 3600
Vüqar Rəhimzadə: Şəffaflıq biznes mühitinin yaxşılaşdırılmasında mühüm amildir

«Hazırda dünya ölkələri COVID-19-un  yaratdığı dərin böhranla üz-üzədir. Ümumdünya Səhiyyə Təşkilatı  və dünya ölkələri yaxın aylarda pandemiyanın ikinci dalğası ehtimalını təsdiqləyirlər.  Bir müddət əvvəl sərt karantin rejimlərini ləgv edən ölkələr hazırda xəstəliyin geniş yayılması səbəbindən yenidən məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Azərbaycanda isə tətbiq olunmuş məhdudiyyətlər nəticəsində müsbət dinamika əldə olunub, xəstələnənlərin sayı gün ərzində xeyli aşağı düşüb, sağalanların sayı xəstələnənlərin sayından 3 dəfə çoxdur. Dövlətimizin başçısı İlham Əliyev avqustun 6-da  koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə bildirmişdir ki, bu müsbət dinamika  koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağımızı söyləməyə əsas verir». 

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, insanların sağlamlığının təminatı ilə yanaşı,   sosial və iqtisadi  çətinliklərin aradan qaldırılması üçün yeni modelin tətbiqinə böyük ehtiyac yaranıb: «Azərbaycanın  koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinə başlandığı gündən nümayiş etdirdiyi yeni iqtisadi və sosial  inkişaf modeli beynəlxalq səviyyədə də dəstək qazandı. Belə ki, hətta ən çox inkişaf etmiş ölkələr  yaranmış çətinliklər qarşısında aciz qaldığı  bir zamanda Azərbaycan xalqının sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, xüsusilə də genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə oldu. İlk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılaraq pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 min şəxsə, iyun ayında isə  290 min nəfərə yaxın vətəndaşa aylıq 190 manat birdəfəlik  ödəmə olunub.  Bu kimi biri-birindən əhəmiyyətli addımlar  bir tərəfdən möhtərəm  Prezidentimizin vətəndaşına diqqət və qayğısının,  digər tərəfdən isə ölkəmizin  iqtisadi gücünün göstəricisidir. Bir sözlə,  mövcud reallıqlar Azərbaycanın zamanın istənilən çağırışına cavab vermək iqtidarında  olduğunu nümayiş etdirir.»

«Dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin  nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, vətəndaş məmnunluğu günbəgün artır» söyləyən baş redaktor bildirib ki, bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur: «Qeyd olunan videoformat şəklində konfransda da dövlətimizin başçısı İlham Əliyev bu istiqamətdə atılan addımları statistik rəqəmlər əsasında diqqətə çatdırdı. Belə ki, cənab Prezident İlham Əliyevin 19 mart  2020-ci il  tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və onlar uğurla icra edilməkdədir.   « O ki qaldı, iqtisadi və sosial məsələlərə, bu məsələlər də öz həllini tapır» söyləyən möhtərəm Prezidentimiz vurğulamışdır ki,  son aylar ərzində görülmüş işlərə baxmaq kifayət edər ki, hər kəs görsün nə qədər böyük işlər görülüb.  Təqribən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub.»

V.Rəhimzadə Azərbaycanda iqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlandığını önə çəkərək bildirmişdir ki, 2019-cu ildə  ölkəmizdə  həyata keçirilən iki sosial paket 4,2 milyon insanı əhatə etdi: «Müxtəlif kateqoriyadan olan  insanların əməkhaqları artırıldı. Həmçinin minimum əməkhaqqının, minimum pensiyaların məbləği dəfələrlə artırıldı. Özünü dünyaya sosial dövlət kimi təqdim edən Azərbaycan hər bir yeniliyin,  təkmilləşmənin tətbiqini qarşıya mühüm vəzifə kimi qoyur. Pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda  heç bir sosial layihənin təxirə salınmaması da deyilənlərin təsdiqidir.  Dövlətimizin başçısı bildirmişdir:  «Əgər biz nəzərə alsaq ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib.» 

Sosial siyasətin əsas tərkib hissəsi olaraq qaçqın və məcburi köçkünlərə dövlət qayğısı davamlılığı ilə diqqət çəkir. Belə ki, bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox məcburi  köçkün ailəsinin faydalanacağı bildirilir. Eyni zamanda, cari ildə  1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcək. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Ümumilikdə  9 minə yaxın ailənin bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəyi nəzərdə tutulub. Atılan bu kimi addımlar bir daha dövlətimizin həyata keçirdiyi siyasətin təməlində insan amilinin dayandığını təsdiqləyir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, ölkəmiz  bütün bu reallıqları heç kimdən maliyyə dəstəyi almadan  özü yaradır.»

Vüqar Rəhimzadə pandemiyanın nəticələrinin müqayisəli təhlil aparmağı bir zərurətə çevirdiyini vurğulayaraq qeyd edib ki, bu baxımdan dünya dövlətlərinə diqqət yetirsək, görərik ki,  onların  mütləq əksəriyyəti maliyyə yardımı üçün beynəlxalq təşkilatlara  müraciət edib. Amma Azərbaycanın 30-dan çox   ölkəyə humanitar və maliyyə yardımı göstərməsi  beynəlxalq birlik  tərəfindən də yüksək dəyərləndirildi. Prezident İlham Əliyevin bildirdiyi kimi, əlbəttə, məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs yaxşı sözlər deyə, yaxşı bəyanatlar verə bilər.

«Azərbaycan  təkmil  siyasəti ilə  istənilən böhrana tam  hazır olduğunu göstərir» söyləyən V.Rəhimzadə diqqəti  büdcəyə düzəlişlərə yönəldərək bildirib ki, bu, bir daha  dövlətin çətin dövrdə hər bir Azərbaycan vətəndaşına dəstək vermək istəyini nümayiş etdirir: «2020-ci ilin dövlət büdcəsinin təsdiqlənməsi ərəfəsində ölkə pandemiyanı yaşamırdı. Məhz yaranan çətinliklər,  azalan gəlirlər və artan xərclər  büdcəyə yenidən baxılmasını bir zərurətə çevirdi.»

V.Rəhimzadə bildirib ki, dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə, müəyyənləşdirilən hədəflər istənilən çətinliyi aradan qaldırmağa əsas yaradır: «Məhz  mövcud təmələ əsaslanaraq bu inam da ifadə edilir ki,  Azərbaycan bütün sosial öhdəliklərini yerinə yetirəcək, zəruri  infrastruktur layihələrini icra edəcək,  hərbi potensialının möhkəmləndirilməsi üçün əlavə vəsaitin ayrılmasına da nail  olacaq. Möhtərəm Prezidentimizin keçirdiyi son müşavirədə də  qeyd olunduğu kimi, şəffaflıq, dürüstlük, kölgə iqtisadiyyatının əhatə dairəsinin daralması  biznes mühitinin yaxşılaşdırılmasına geniş imkanlar açacaq ki, bu da öz növbəsində   həm pandemiya, həm də postpandemiya dövründə ölkəmizin davamlı  inkişafını təmin edəcək. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı bütün dövrlərdə öz aktuallığını qoruyur. Dövlətimizin başçısı İlham Əliyevin  videoformat şəklində keçirilən müşavirədə bir sıra şirkətlərin qarşısına qoyduğu tapşırıqlar da  müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa xidmət edir».

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net