Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı MƏHKƏMƏ: Təqsirləndirilən şəxs ittihamı qəbul etdi
Bakıda yaşayış binasında baş verən və üç nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilir.
1news.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən növbəti iclasda “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə proses baş tutub.
Məhkəmə iclasında dövlət ittihamçısı tərəfindən hazırlanan ittiham aktı elan edilib. Təqsirləndirilən şəxsin Yasamal rayonunda yerləşən yaşayış binasının zirzəmisində icarə əsasında istifadə etdiyi qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi qaydalarını pozduğu iddia olunur.
İttihama əsasən, Bəhruz Paşayev “Taxes Group” MMC-nin direktoru olmaqla yanaşı, həmin ərazidə “iVolt” markası ilə elektromobillər üçün şarj stansiyalarının quraşdırılmasını təşkil edib.
Araşdırmalara görə, iş zamanı “Azərişıq” ASC və Energetika Nazirliyinin müəyyən etdiyi texniki şərtlər və müvafiq icazələr nəzərə alınmayıb. Bundan başqa, elektrik xətlərinin çəkilişinə ixtisaslaşmış elektrotexniki heyətin cəlb edilmədiyi bildirilir.
İttiham materiallarında bu pozuntuların nəticəsində yanğının baş verdiyi və hadisə zamanı üç nəfərin həyatını itirdiyi qeyd olunur.
Prosesdə zərərçəkmiş şəxslər də müəyyənləşdirilib. Onların məhkəmə tərəfindən fərdi məlumatları elan edilib və cinayət işi üzrə dəymiş ümumi zərərin məbləği açıqlanıb.
Bəhruz Paşayev məhkəmə qarşısında ona verilən ittihamı qəbul etdiyini bildirib və özünü təqsirli saydığını deyib.
İş üzrə növbəti məhkəmə iclası 7 oktyabr saat 15:30-a təyin edilib. Həmin iclasda Bəhruz Paşayevin dindirilməsi gözlənilir.












