ru

Azərbaycan futbolu

21 Oktyabr saat 16:50

LSS MFL 2019/20 Liqasının rəsmi açılış və püşkatma mərasimi keçirilib – FOTO – VİDEO

LSS MFL 2019/20 Liqasının rəsmi açılış və püşkatma mərasimi keçirilib – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL-in yeni mövsümünün həyəcanı başlayır.

1news.az-ın məlumatına görə, oktyabrın 19-da LSS MFL 2019/20 Liqasının 4-cü müntəzəm mövsümünün rəsmi açılış və püşkatma mərasimi keçirilib.

Boulevard Hotel Baku-da keçirilən mərasimdə MFL-in direktoru Rəhman Hacıyev, AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, Liqanın sponsorlarının rəsmi nümayəndələri, MFL-də iştirak edən komandaların üzvləri və jurnalistlər iştirak ediblər.

İlk öncə MFL-in yaranma tarixi, əldə edilən uğurlar, bəzi futbolçuların MFL haqqında fikirləri, yeni mövsümlə bağlı videoçarx nümayiş etdirilib.

MFL-in direktoru Rəhman Hacıyev çıxış edərək MFL Liqasının futbolu sevənlər üçün yaradıldığını bildirib. O, yeni mövsümün başlaması münasibətilə hər kəsi təbrik edərək turnirdə iştirak edən komandalara uğurlar arzulayıb:

“MFL çoxlu sayda futbol həvəskarını öz ətrafında birləşdirir. Hər birimiz bu Liqanın oyunlarından həzz alırıq. Sevindirici haldır ki, MFL-ə maraq ildən ilə artır. Bu da səbəbsiz deyil. Çalışırıq ki, hər yeni mövsümü əvvəlki mövsümlərdən daha maraqlı edək, yeniliklərlə futbol həvəskarlarını sevindirək. Bu il də ənənəmizə sadiq qalaraq daha bir yeniliyə imza atdıq. İlk dəfə olaraq 80 komanda arasında təsnifat mərhələsi keçirdik və bu, futbolsevərlər tərəfindən böyük maraqla qarşılandı”.

Bu il sayca dördüncü dəfə təşkil olunacaq MFL Liqasına marağın çox yüksək olduğunu deyən R.Hacıyev mövsüm boyu yeniliklərlə futbolsevərləri sevindirəcəklərini bildirib. Qeyd edib ki, əsas yeniliklərdən biri MFL-in yeni saytının yaradılmasıdır.

MFL-in direktoru əldə edilən uğurlardan biri kimi Liqaya sponsorluq edən şirkətlərin sayının artmasını xüsusi vurğulayıb:

“MFL Liqasının keçirilməsinə sponsorluq edən şirkətlərə xüsusi təşəkkür etmək istəyirəm. Sponsorlarımızın sayının artması turniri daha yüksək səviyyədə keçirməyə imkan verir”.

Liqanın təşkilində AFFA rəhbərliyinin rolunu xüsusi qeyd edən R.Hacıyev bildirib ki, AFFA-nın dəstəyi olmasaydı MFL-in turnirlərini belə yüksək səviyyədə təşkil etmək mümkün olmazdı:

“AFFA rəhbərliyinə xüsusi təşəkkür edirəm. İlk gündən bizi dəstəklədilər, bizim yanımızda oldular. Bu günkü səviyyəyə çatmağımızda, turnirlərimizi yüksək səviyyədə təşkil edə bilməyimizdə AFFA-nın böyük rolu var. İnanıram ki, bu uğurlu əməkdaşlığımız bundan sonra da davam edəcək”.

AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev AFFA rəhbərliyi adından MFL-in yeni mövsümünün başlaması münasibətilə turnirdə iştirak edən komandaları təbrik edərək qarşıdakı oyunlarda onlara uğurlar arzulayıb:

“AFFA ilk gündən MFL-ə dəstək verir. Məqsədimiz ölkəmizdə futbolu daha da məşhurlaşdırmaq, insanlara sağlam həyat tərzi aşılamaqdır. MFL Liqasına olan marağın ildən ilə artması isə bizi çox sevindirir. Sponsorlara da təşəkkür edirəm ki, bizə dəstək olurlar”.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev MFL-ə dəstək verməklə əsas məqsədlərindən birinin Liqanın daha da peşəkarlaşması olduğunu bildirib.

Y.Vəliyev bu mövsüm yeni mükafatın təsis olunduğunu da diqqətə çatdırıb:

“Bu mövsüm ilk dəfə olaraq “Fair Play” mükafatı təsis olunub. Adından da göründüyü kimi, bu mükafat ən intizamlı komandaya veriləcək. İnanıram ki, hər bir komanda bu mükafatı əldə etməyə çalışaraq daha nizam-intizamlı olmağa çalışacaq ki, bu da turnirdəki ümumi ab-havaya müsbət təsir edəcək”.

“Muğanbank”ın idarə heyətinin sədri Elmir Həsənov MFL-lə sponsorluq etməkdən məmnun olduqlarını bildirərək qeyd edib ki, sponsordan daha çox özlərini turnirinin tərəfdaşı kimi görürlər:

“Hətta ilk mövsümdə özüm də futbolçu kimi iştirak etmişəm. Turnirlər çox yüksək səviyyədə təşkil olunur. Bu il təsnifat mərhələsinə sponsorluq etməklə turnirə öz dəstəyimizi verdik. Bundan sonra da MFL-lə əməkdaşlığımızı davam etdirəcəyik”.

“Sabah” futbol klubunun marketinq direktoru Pərvin Piriyev də MFL-in tərəfdaşlarından biri olmalarından məmnun olduqlarını söyləyib:

“Dünyada futbola maraq olduqca böyükdür. Öz ətrafında milyonlarla insanı birləşdirir. Həm də insanlara hansısa bir mesajı çatdırmağa imkan verir. Çox şadıq ki, MFL-in tərəfdaşlarından biriyik”.

P.Piriyev çıxışından sonra “Sabah” futbol klubu adından MFL-in direktoru R.Hacıyevə xatirə hədiyyəsi təqdim edib.

LSS (Leading Supply Solutions) şirkətinin rəhbəri Cavid İsmayılov MFL-in onun üçün çox dəyərli bir ailə olduğunu bildirərək burda yüzdən çox yeni dost qazandığını diqqətə çatdırıb. Yaratdığı gözəl mühitə görə MFL rəhbərliyinə təşəkkür edən C.İsmayılov yeni mövsümdə iştirak edəcək komandalara uğurlar arzulayıb.

Tədbirdə MFL-in yeni saytının təqdimatı da olub. MFL-in direktoru Rəhman Hacıyevin sözlərinə görə, sayt bütünlüklə yenilənib, bura bir çox yeni bölmələr əlavə olunub. Saytda turnir və komandalar haqqında statistik məlumatlar əldə etmək, oyunçuların şəxsi səhifələrində bütün oyunçularla tanış olmaq mümkündür. Futbolsevərlər mövsüm boyu Liqa ilə bağlı xəbərlər, turnir cədvəli, komandaların statistik göstəriciləri ilə bağlı da məlumatlar ala biləcəklər.

Çıxışlardan sonra LSS MFL 2019/20 Liqasının 4-cü müntəzəm mövsümünün püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində İnfinity və Platinum konferensiyalarında yer alan komandaların adları məlum olub.

Qeyd edək ki, MFL 2019-2020-ci mövsümündə ümumilikdə 50 komanda çıxış edəcək. Onlar hər birində 25 komanda olmaqla 2 konferensiyaya  - İnfinity və Platiunum konferensiyalarında yer alıblar. Hər konferensiyadan 8 komanda olmaqla 16 komanda play-off mərhələsinə vəsiqə qazanacaq.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur