Nepalda sel fəlakətində ölənlərin sayı 1367-yə çatıb | 1news.az | Xəbərlər
Dünya

Nepalda sel fəlakətində ölənlərin sayı 1367-yə çatıb

Oksana Orucova14:24 - Bu gün
Nepalda sel fəlakətində ölənlərin sayı 1367-yə çatıb

Nepalda avqustun 26-da baş verən güclü sel nəticəsində ölənlərin sayı 1367-yə yüksəlib. 5 min 132 nəfərin isə hələ də itkin düşdüyü bildirilir.

1news.az xarici mediaya istinadən xəbər verir ki, Nepal Milli Fəlakət Risklərinin Azaldılması və İdarəolunması Qurumu (NDRRMA) tərəfindən verilən açıqlamada Rasuva bölgəsində baş verən selin ağır nəticələrə səbəb olduğu bildirilib. Ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi və ölənlərin sayının 1367 nəfərə çatdığı qeyd olunub.

Məlumata görə, ölənlərin 363-ü Çitvanda, 226-sı Şərqi Nəvalparasidə, 222-si Qərbi Nəvalparasidə, 197-si Nuvakotda, 174-ü Rasuvada, 75-i Qorkhada, 70-i Dhadinqdə, 38-i isə Tanahunda qeydə alınıb. Daha 2 nəfər isə Katmanduda müalicə aldığı xəstəxanada həyatını itirib.

Sel nəticəsində ümumilikdə 7 min 151 nəfərin tibbi yardım aldığı, onlardan 329 nəfərin müxtəlif xəstəxanalarda müalicə olunduğu bildirilib. Aparılan xilasetmə əməliyyatları nəticəsində 13 min 646 nəfər təhlükəli ərazilərdən çıxarılıb.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgələrdə 5 min 132 nəfərin itkin olduğu vurğulanıb. İtkin düşənlər arasında 587 xarici turistin də olduğu qeyd edilib.

Fəlakətin nəticələrinin aradan qaldırılması, yardım və axtarış-xilasetmə əməliyyatlarına 21 min 185 təhlükəsizlik əməkdaşı cəlb olunub.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər