Türkiyə və Azərbaycan arasında qaz satışının şərtləri dəyişməyəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türkiyə və Azərbaycan arasında qaz satışının şərtləri dəyişməyəcək

15:58 - 10 / 11 / 2015
Türkiyə və Azərbaycan arasında qaz satışının şərtləri dəyişməyəcək

Azərbaycan 2007-ci ildə reviziya haqqından istifadə edərək qiymətlərin bazar şərtlərinə uyğunlaşdırılmasına nail olub.

1news.az Report.az-a istinadən xəbər verir ki, hazırda Azərbaycanla Türkiyə arasında həyata keçirilən qaz satışının şərtlərinin dəyişdirilməsi gözlənilmir. Bu barədə jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, qaz satışı müqaviləsində Türkiyə tərəfinin də, Azərbaycan tərəfinin də sənədi reviziya etmək hüququ var: "Lakin hələ ki, buna ehtiyac yoxdur".

"Qaz müqavilələri uzunmüddətli strategiyaya əsaslanır və ən azı 25 il müddətinə imzalanır. Belə müqavilələrin şərtlərinə görə, müəyyən dövrlərdə reviziya deyilən haqq istifadə oluna bilər. Bazar şərtləri dəyişəndə və yaxud digər proseslər baş verəndə bir tərəf o biri tərəfə müraciət edir ki, müqavilədə müəyyən reviziya edilsin. Türkiyə və Azərbaycan arasındakı qaz sazişi də belədir. 2007-ci ildə Azərbaycan reviziya haqqından istifadə edərək qiymətlərdə dəyişiklik etmək üçün müraciət edib. Türkiyə tərəfi də bunu müsbət qarşılayıb və qiyməti bazar şərtlərinə uyğunlaşdırdıq. Hazırda belə haqdan istifadə üçün ehtiyac görmürəm", - deyə SOCAR rəhbəri əlavə edib.

Paylaş:
938

Son xəbərlər

Bütün xəbərlər