Bakıda yerləşən çoxmərtəbəli binada yanğın olub
Bakıda gecə saatlarında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Nizami rayonu Qara Qarayev 119 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində qeydə alınıb.
Yanğının başlamasından az sonra sakinlər dərhal Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng vuraraq kömək istəyiblər. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Nizami Rayon Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Bloku qatı tüstü bürüdüyündən və alovun mənzillərə keçmə təhlükəsi olduğundan binada yaşayan 49 ailə təxliyyə olunub. Daha sonra yanğınsöndürənlər alovun mənzillərə keçmədən qarşısını alıblar.
Bina sakinlərinin özlərinə görə, yanğına ilkin səbəb kimi elektrik naqillərindəki həddindən artıq yüklənmə göstərilir. Belə ki, noyabrın 15-də binaya verilməli olan istilik hələ də verilməyib.
“Azəristiliktəchizat” ASC-dən sakinlərə deyilib ki, qurumun “Azəriqaz”a borcu olduğundan binaya istiliyin verilməsi bir müddət yubana bilər.
Nəticədə pilləkən qəfəsində quraşdırılmış 24 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
1news.az