Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib
Bakıda, Bakı Şəhər Halqasında “Formula 1” üzrə Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib.
1news.az xəbər verir ki, əsas yarışın startına az müddət qalmış Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlət Himnini Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov ifa edib.
Təntənəli və emosional ifadan sonra diqqətlər yenidən Bakı Şəhər Halqasına və əsas yarışda mübarizə aparacaq pilotlara yönəlib.
Qeyd edək ki, bu il Bakı Şəhər Halqasında “Formula 1” üzrə Azərbaycan Qran-prisi sayca 10-cu dəfə keçirilir.
Azərbaycan Qran-prisinin kubokunun dizaynında ölkənin milli-mədəni irsinə xüsusi yer verilib. Kubokda əks olunan alov obrazı Azərbaycanın “Odlar Yurdu” kimi tanınmasını simvolizə edir.
Kubokun yan hissələrində isə Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlardan istifadə olunub. Beləliklə, “Formula 1”in dinamik ruhu Azərbaycanın zəngin milli irsi ilə birləşdirilərək kubokun dizaynında əks etdirilib.
“Formula 1” üzrə Azərbaycan Qran-prisinin əsas yarışı bu gün saat 15:00-da başlayacaq.












